Hüququ pozanların hüququ. Media necə davranır?
- 30 Avqust 2017
- comments
- Novator.az
- Posted in AktualŞərh
Azərbaycan mediasında kriminalın ictimaiyyətə çatdırılması formalarını peşə standartları baxımından necə dəyərləndirmək olar?
2003-cü ildə Mətbuat Şurası yaradılarkən qəbul olunmuş Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına görə, cinayət nəticəsində zərər çəkmiş şəxslərin razılığı olmadan onların adları açıqlanmamalı, şəkilləri verilməməlidir: “Bu yalnız xüsusi məqamlarda və zərərçəkənin ictimai xadim olduğu hallarda mümkündür. Əgər cinayəti yeniyetmələr və ya uşaqlar törədibsə, ictimai maraq kəsb etmədikdə, bu zaman da cinayətkarın adını açıqlamaqdan və şəklini yaymaqdan çəkinmək lazımdır.
Cinayətdə şübhəli bilinən şəxsin tam adı və şəklinin dərci yalnız o hallarda mümkündür ki, bu, cinayətin açılmasına kömək edə bilər və ya həmin adam artıq həbs olunub, yaxud da törədilən cinayətlə onun tutduğu vəzifə arasında əlaqə var”.
Jurnalist Arif Əliyev Novator.az-a deyib ki, Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları qəbul edilərkən ölkə mediasının professional hazırlığının hələ istənilən səviyyədə olmaması nəzərə alınmışdı: “Ona görə də yalnız ümdə, beynəlxalq standartlar baxımından pozulmaz hesab edilən əsas tələblər sənədə daxil edildi, onlar detallaşdırılmadı. Lakin bəzi kütləvi informasiya vasitələri daha irəli gediblər, öz kodekslərini hazırlayaraq həmin qaydaları xırdalayıblar, daha dəqiq çərçivələr cızıblar. “Gün səhər” qəzetinin “Peşə prinsipləri” buna misaldır”.
“Media qurumları peşə davranışı qaydalarına nə dərəcədə əməl edir” sualına cavabında Arif Əliyev deyib ki, xüsusi monitorinqlər vəziyyəti daha aydın göstərə bilər: “Müşahidələrimə əsaslanaraq söyləyə bilərəm ki, pozuntu çoxdur. Kütləvi informasiya vasitələri hələ barəsində məhkəmə qərarı çıxarılmamış şəxsləri gen-bol cinayətkar adlandırır. Zərərçəkənlər, zorakılıq qurbanları, qanun pozuntusu törətməkdə şübhəli bilinən şəxslər, azyaşlı cinayət iştirakçıları, intihar etmiş insanlar barədə məlumatları yayarkən qoyulmuş məhdudiyyətlərə əməl edilmir.
Bu nədən irəli gəlir? Əvvəla, KİV məsələyə qərəzli münasibət göstərir, bir sıra hallarda hətta sifarişli materiallar dərc edir.
İkincisi, sensasiyaya meyl göstərirlər. Çox zaman redaktorlar jurnalistləri bilərəkdən mövcud qaydaları pozmağa sövq edirlər. Çünki onlara sensasiya lazımdır, yaxud rəqabət hissi peşə vicdanına üstün gəlir, “mən şəkli verməyəcəyəm, başqası verəcək, qabağa düşəcək” deyirlər.
Bunların qarşısını almaq üçün redaksiyaların özlərinin istək və səyləri, Mətbuat Şurasının nəzarət mexanizmləri olmalıdır.
Həm də KİV ictimai rəydən asılılıq hiss etməli, ictimai qınaqdan çəkinməlidir. Lakin bu gün medianın böyük əksəriyyəti ictimai rəydən deyil, pul verəndən asılıdır. Media, jurnalist müstəqil deyil, onun çörəyi professionallıqdan çıxmır. Ona görə sadəcə “professionallığı artırmaqla bu problemləri həll edə bilərik” demək sadəlövhlük olar”.
Novator.az-a danışan media hüquqçusu Ələsgər Məmmədli deyib ki, KİV-də peşə standartları baxımından problem çoxdur və vəziyyətə münasibət birmənalı deyil: “Bir il öncə kriminal hadisələrin mediada işıqlandırılması formaları ilə bağlı monitorinq aparmışdım. Məlum oldu ki, xüsusilə təqsirsizlik prezumpsiyası aspektindən vətəndaşların cinayətlə əlaqələrinin olub-olmadığı düzgün ifadə edilmir. Kriminal sahəyə aid xəbərlərin təxminən 80-85 faizində adı keçən şəxslər topluma təqsirli kimi təqdim olunur. Bu, ənənəyə çevrilib. Biri xəbəri ötürür, digərləri onu olduğu kimi ictimaiyyətə təqdim edir, belə vəziyyətdə də peşə etikası normaları arxa planda qalır.
Mətbuat Şurası Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarını hazırlayıb. Amma həmin normalara riayət olunmasına kim nəzarət edir? Zaman-zaman şuranın verdiyi qərarlarda ayrı-seçkilik görmüşük. Mətbuat Şurasına üzv olan və onun idarə edilməsini həyata keçirən qurumların özlərinin peşə etikası baxımından problemləri olur, amma onlar heç vaxt nəzarət altına alınmır, müzakirə predmetinə çevrilmirlər. Daha çox, necə deyərlər, sahibsiz görünən ünvanlar qınaq obyektinə çevrilir, hansısa qara siyahılara düşür. Bu özü yanlış yanaşmadır.
Etik davranış kodeksini pozmaq jurnalistin keyfiyyətini və etibarını aşağı salır. Qayda pozulursa, təsbit edilirsə, cəza olmalıdır. Söhbət hansısa media qurumunu qara siyahıya alıb prokurorluğa göndərməkdən getmir. Mətbuat Şurasının vəzifəsi problemi və ondan çıxış yollarını göstərməkdir. Amma bəzən təqdimatlarla prokurorluğa və digər qurumlara müraciətlər olunur, “filankəs reketliklə məşğuldur, onunla əməkdaşlıq etməyin, müsahibə verməyin” kimi çağırışlar edilir. Bunlar təhlükəli tendensiyadır. İnformasiya əldə etmək konstitusion hüquqdur, bu hüququn pozulmasını istəmək və kimisə buna təşviq etmək yolverilməzdir.
Söhbət sırf peşə etikası aspektindən gedəndə Mətbuat Şurası qərarlarına daha diqqətlə yanaşmalı və daha çox jurnalistləri maarifləndirməyə istiqamətlənməlidir”.
Töhfə Əzimova