UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edən “Qarabağ” komandası C qrupunda mübarizə aparacaq. Qrup mərhələsinin püşkü avqustun 24-ü Monakoda atılıb. Novator.az-ın məlumatına görə, püşk “Qarabağ”a İngiltərənin “Çelsi”, İspaniyanın “Atletiko”, İtaliyanın “Roma” klublarını nəsib edib.
Ağdam klubu qrup mərhələsinə London səfərindən başlayacaq, birinci dövrənin digər iki oyununu Bakıda keçirəcək.
Avqustun 24-də “Qarabağ”ın heyətini qəbul edən prezident İlham Əliyev deyib ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə həm də onu Ağdam klubunun qazanması ilə önəmlidir: “Bu tarixi qələbəni hamımız üçün doğma və əziz olan “Qarabağ” komandası qazanıb. “Qarabağ” komandası Qarabağın adını daşıyır. “Qarabağ” komandası işğal altında olan Ağdam şəhərini təmsil edir. Ona görə sizin qələbənizin çox böyük əhəmiyyəti, mənası var. Bu, sadəcə olaraq, idman qələbəsi deyil, bu, dövlətimizin, Azərbaycan gəncliyinin, vətənpərvər insanların qələbəsidir.
Biz döyüş meydanlarında da, idman meydançalarında da qələbələr qazanırıq. Necə ki, keçən ilin aprel ayında qəhrəman Azərbaycan hərbçiləri şücaət göstərərək torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdilər. O torpaqlarda indi həyat qaynayır. Vətəndaşlar işğaldan azad edilmiş torpaqlara qayıdıblar, indi orada yaşayırlar, qururlar, yaradırlar. O torpaqlarda indi Azərbaycan bayrağı dalğalanır.
Siz də Azərbaycan bayrağını futbol sahəsində yüksəklərə qaldırmısınız. Əminəm ki, hər bir vətənpərvər Azərbaycan vətəndaşı və xaricdə yaşayan milyonlarla azərbaycanlı sizin qələbənizə ürəkdən sevinir, fəxr edir ki, Azərbaycan komandası, xüsusilə “Qarabağ” adını daşıyan komanda bu gün dünyanın, Avropanın ən güclü komandaları arasında yer tutub.
Bu gün “Qarabağ” futbol klubu Avropanın aparıcı klubları ilə yarışır və yarışacaq. İndi bütün xarici kütləvi informasiya vasitələrinin xəbərlərində Azərbaycanın “Qarabağ” klubu haqqında verilişlər gedir. Bu, əlbəttə ki, ölkəmizin təbliğində çox önəmli hadisədir. Yenə də bütün dünya görür ki, Qarabağ Azərbaycan torpağıdır. Yenə də görürlər ki, baxmayaraq Ağdam şəhəri işğal altındadır, ancaq onun təmsilçiləri Avropanı fəth edirlər. Bu, yenə də göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Onu göstərir ki, biz öz torpağımızda yaşayırıq və hamımız arzu ilə yaşayırıq ki, torpaqlarımız işğaldan azad olunsun. Hər bir qələbə, hər bir uğurumuz, istənilən sahədə uğurumuz o günü yaxınlaşdırır.
Keçən ilin aprel döyüşləri onu göstərdi ki, Azərbaycan istənilən vaxtda öz ərazi bütövlüyünü bərpa edə bilər. Bu gün hərbi potensialımız imkan verir ki, biz döyüş bölgəsində bütün vəziyyətə nəzarət edək və öz iradəmizi diktə edək. İdmanda da belədir və idman sevincini bizə idmançılar bəxş edir.
Mən sizin qələbənizi çox yüksək qiymətləndirirəm. Bu, tarixi qələbədir. Bu qələbə tarixə yazılıb və çox ədalətlidir ki, məhz “Qarabağ” klubu bu qələbəyə imza atdı”.