Ukraynanın Demokratik Təşəbbüslər Fondu ölkənin Avropa İttifaqı və NATO-ya üzvlüyü ilə bağlı sorğu keçirib.
Novator.az xəbər verir ki, sorğunun nəticələrinə görə, Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləyənlər artaraq 54%-ə çatıb.
2013-cü ildə Ukraynada Avropa İttifaqına üzvlük tərəfdarları 42%, 2014-cü ildə isə 52% olub.
Sorğuya əsasən, Ukraynada NATO-ya üzvlük tərəfdarlarının da sayı artıb. 2013-cü ildə NATO-ya üzvlüyü əhalinin 14%-i, 2014-cü ildə 35%-i dəstəkləyib. Son sorğu NATO tərəfdarlarının sayının artaraq 40%-ə çatdığını göstərib.
Sorğu 2017-ci il iyulun 3-dən 25-nə qədər Ukraynanın bütün regionlarında (işğal altında olan bölgələri çıxmaqla) 1800 respondent arasında aparılıb.
1957-ci ildə yaradılmış Avropa İttifaqının 28 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan. Böyük Britaniya qurumdan çıxmaq üzrədir.
Ukrayna assosiasiya sazişi və azad ticarət müqaviləsi ilə Avropa İttifaqına bağlıdır.
1949-cu ildə yaradılmış NATO-ya 29 ölkə daxildir: ABŞ, Kanada, Türkiyə, İslandiya, Almaniya, Belçika, Norveç, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Fransa, Xorvatiya, İspaniya, İtaliya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Monteneqro, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan, Albaniya.
Bu il iyunun 8-də Ukrayna parlamenti ölkənin NATO-ya üzv olmaq niyyətini nəzərdə tutan qanun layihəsi qəbul edib.
Səidə Hüseynova