Dövlət Statistika Komitəsi Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayını açıqlayıb. Novator.az-ın məlumatına görə, hesabatda bildirilir ki, 2017-ci ilin yanvar-iyun aylarında dünyanın 139 ölkəsindən 1 milyon 203,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycana gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,5 faiz çoxdur.
Gələnlərin 31,2 faizi Rusiya, 21,2 faizi Gürcüstan, 15 faizi İran, 11,6 faizi Türkiyə, 3,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,3 faizi Ukrayna, 14,9 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi vətəndaşlığı olmayan şəxslərdir.
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 13,3 faizi yanvar ayında, 12,8 faizi fevral, 20,4 faizi mart, 15,6 faizi aprel, 17,6 faizi may, 20,3 faizi isə iyun ayında gəliblər.
Hesabata əsasən, ölkəyə gələn Oman vətəndaşlarının sayı 16 dəfə, Küveyt vətəndaşlarının sayı 8,7 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 6 dəfə, Qətər vətəndaşlarının sayı 6 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 4,4 dəfə, Bəhreyn vətəndaşlarının sayı 3,5 dəfə, İran vətəndaşlarının sayı 1,9 dəfə, İraq vətəndaşlarının sayı 1,8 dəfə artıb.
6 ayda Körfəz ölkələrindən ümumilikdə 263,5 min nəfər gəlib və Azərbaycana səfər edənlərin ümumi sayında onların xüsusi çəkisi 21,8 faiz olub.
Yanvar-iyun ayları ərzində Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 14,8 faiz artaraq 51,2 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı 17,7 faiz artaraq 438,3 min nəfərə çatıb.