Əmlak Məsələləri Dövlət Komitəsi qabaqcadan qeydiyyata dair məlumat yayıb. Qeyd olunur ki, qabaqcadan qeydiyyat əmlakın tikintisi başa çatmadan qeydiyyata alınmasıdır: “Mexanizmin bir sıra üstünlüyü var. Artıq bir mənzil bir neçə şəxsə satılmayacaq. Qabaqcadan qeydiyyat vasitəsilə inşa edilmiş çoxmərtəbəli binada yerləşən bir evin və ya qeyri-yaşayış sahəsinin bir neçə vətəndaşın adında olmaq ehtimalı belə aradan qalxır.
Eyni zamanda qabaqcadan qeydiyyat bir sıra iqtisadi və hüquqi əməliyyatın həyata keçirilməsini təmin edir. Çıxarış olmadan da ipoteka, bağışlanma, girov qoyma kimi prosesləri yerinə yetirmək mümkündür. Başqa sözlə, vətəndaşlar hazır olmayan, tikintisi yarımçıq olan evlər üçün də ipoteka götürə bilər.
Həmçinin mexanizm alınan evin sahəsinin çox göstərilməsi kimi halların qarşısını alır, satılan mənzilin və ya obyektin həcminin, sahəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada dəqiq hesablanmasına imkan verir.
Eyni zamanda qabaqcadan qeydiyyat vətəndaşın aldığı mənzilə görə ödədiyi məbləğin rəsmi hesablanmasını təmin edir, bu sahədə vergidən yayınma hallarını aradan qaldırılır.
Bundan başqa mexanizmin tətbiqi vətəndaşlara ipoteka ilə mənzil sahibi olmaq imkanı yaradır. Prezident İlham Əliyevin ipoteka kreditlərinin verilməsi şərtlərinə dəyişiklik edilməsi ilə bağlı 4 aprel 2017-ci ildə imzaladığı fərman daşınmaz əmlakın qabaqcadan qeydiyyatının artmasına imkan verəcək. Dəyişikliyə əsasən, ipoteka krediti ilə təkcə qeydiyyatdan keçirilmiş evləri deyil, qabaqcadan qeydiyyata alınmış mənzilləri də almaq mümkün olacaq.
Mexanizm vasitəsilə bütün kateqoriyaya aid edilən əmlaklar – fərdi yaşayış, bağ evi, çoxmərtəbəli yaşayış binaları, həmin binadakı mənzillər, əmlak kompleksi, qurğular qabaqcadan qeydiyyata alına bilər. Hətta vətəndaşın kommersiya obyektlərini də hələ tikilməzdən əvvəl və ya tikintisi yarımçıq olduğu halda qabaqcadan qeydə almaq imkanı var.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 17-ci maddəsi qabaqcadan qeydiyyatın aparıldığı halları, həmçinin bu qeydiyyat üçün hansı sənədlərin lazım olduğunu müəyyən edir. Vətəndaş tikintisinə icazə sənədlərini, plan cizgini və tələb olunan digər sənədləri təqdim etməklə əmlakının qabaqcadan qeydiyyatını apara bilər. Mülkiyyət hüququnun adi qaydada qeydiyyatından fərqli olaraq qabaqcadan qeydiyyat daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışla deyil, arayışla rəsmilləşdirilir.
Arayışda ayrı-ayrı daşınmaz əmlak növləri üzrə lazımi məlumatlar da göstərilir. Məsələn, çoxmərtəbəli yaşayış binasına mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı barədə arayışda digər məlumatlarla yanaşı binanın mərtəbələrinin, girişlərinin sayı, burada nəzərdə tutulan mənzillərin sayı, binanın ümumi sahəsi, o cümlədən yaşayış və qeyri-yaşayış obyektlərinin sahəsi göstərilir. Bu məlumatlar binanın tikintiyə icazə sənədlərindən götürülür. Mənzil üçün arayışlarda onun hansı mərtəbədə yerləşməsi, otaqlarının sayı, ümumi və yaşayış sahəsi göstərilir. Sonradan həmin arayış və kredit müqaviləsi əsasında mənzilin kredit verən bankın xeyrinə ipotekası haqqında müqavilə bağlanır. Bu müqavilə notarial qaydada təsdiqlənərək dövlət reyestrində qeydiyyata alınır”.