KİV: qanunların mənbəyi və daxili qanunvericilik
Ələsgər MƏMMƏDLİ
media hüququ üzrə hüquqşünas
Giriş
Azərbaycanda kütləvi informasiya vasitələrinin tənzimlənməsi sahəsində geniş qanunvericilik aktları mövcuddur. Kütləvi informasiya vasitələri, başqa bir ifadə ilə media çox geniş şaxəlidir. Media dedikdə ilk ağıla gələn televiziya, radio, qəzet və jurnallar, informasiya agentlikləri olsa da zəmanəmizdə informasiya kommunikasiya vasitələrinin sürətli inkişafı ilə bu zəncirin halqalarına internet media da əlavə olunmuşdur. Hal-hazırda internet üzərindən elektron qəzetlər, internet televiziyası, internet radiosu, elektron jurnallar və s. fəaliyyət göstərir. Media hansı formada olmasından asılı olmayaraq, onun funksiyası eynidir – cəmiyyəti bilgiləndirmək, informasiya ilə təmin etmək və eyni zamanda maarifçiliklə məşğul olmaq, ictimai nəzarət funksiyasını həyata keçirmək. Bir sözlə cəmiyyətin görən gözü, eşidən qulağı olmaq. Bu funksiyanallığını maneəsiz həyata keçirməsi məqsədi ilə, medianın azadlığına tam təminat olmalı, ölkədə bunun qanuni bazası möhkəm olmalıdır. Azərbaycanda media qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində son 10 ildə xeyli addımlar atılıb. Ancaq görülməsi zəruri işlər də var və bu istiqamətdə fəaliyyətlər davam etdirilir.
Media sahəsini tənzimləyən qanunvericilik aktları genişdir. Cəmiyyətin informasiya ehtiyaclarını qarşılayan, hakimiyyətə nəzarət funksiyasını həyata keçirən, bəzən dördüncü hakimiyyət kimi xarakterizə olunan medianın və jurnalistlərin mövcud vəziyyəti təhlil edən və incəliklərini göstərən bir bələdçiyə sahib olması, onların sonrakı fəaliyyətlərində doğru qərar vermələri və əlavə araşdırmalar üçün vaxt itirməmə baxımından faydalı ola bilər. Bunu nəzərə alaraq, həmin aktların hamısının mahiyyətini əhatə edən bir bələdçi təqdim etmək istədik.
BEYNƏLXALQ MƏNBƏLƏR
İNSAN HÜQUQLARI BƏYANNAMƏSİ (BMT – 10 DEKABR 1948)
Müasir mənada insan haqlarının o cümlədən ifadə haqqının hüquqi qorunması zəruriliyi əsas etibarı ilə ikinci dünya müharibəsindən sonra formalaşan yeni dünya düzəni içərisində öz yerini almağa başlamışdır. 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsi “Hər bir insanın öz fikrini sərbəst ifadə etmək hüququnun” var olduğunu bəyan edir. Bu Bəyannamənin qəbulundan qısa müddət sonra, insan hüquq və azadlıqlarının ən çox pozulduğu yerlərdən biri olan, son iki dünya müharibəsinin poliqonuna çevrilən Avropada yeni təşkilatlanmaya və bunun paralelində yeni hüquq sisteminin yaradılmasına gedildi.
İNSAN HÜQUQLARININ VƏ ƏSAS AZADLIQLARIN MÜDAFİƏSİ HAQQINDA AVROPA KONVENSİYASI
1950-ci ildə Avropa Şurası tərəfindən qəbul edilən Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi “Hər bir insan öz fikrini ifadə etmək hüququna malikdir. Bu hüquqa öz fikrinə tərəfdar çıxmaq, dövlət orqanları tərəfindən maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq məlumatları almaq və yaymaq azadlığı daxildir” – deməklə ilk dəfə dövlətlərarası zəmində bu hüququn üstünlüyünü qəbul etmiş oldu.
Azərbaycan hökuməti 2001-ci ilin dekabr ayında Konvensiyanı Milli Məclisdə ratifikasiya etdirdi və 15 Aprel 2002-ci ildən etibarən bu sənəd Azərbaycan ərazisində (Ermənistan tərəfindən işğal olunmuş ərazilər istisna olmaqla) hüquqi qüvvəyə malikdir. Bu tarixdən etibarən Azərbaycan dövləti və vətəndaşları Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək və pozulan insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət vermək hüququna malikdirlər.
BMT-NİN MÜLKİ VƏ SİYASİ HÜQUQLAR HAQQINDA PAKTI
1966-cı ildə Birləşmiş Millətlər Təşkilatı “Mülki və Siyasi Hüquqların qorunmasına dair Paktı” qəbul etdi. 1976-ci ildə Pakta qoşulan dövlətlər tərəfindən imzalanaraq hüquqi qüvvəyə minən bu sənədin 19-cu maddəsində də ifadə azadlığı hüquq qorunma altına alındı. Maddəyə görə, “Hər kəsin düşünmə və ifadə etmə haqqı vardır. Bu haqq düşüncələrinə görə rahatsız edilməmək, ölkə sərhədlərinin maneəsi olmadan bilgi və düşüncələri araşdırmaq, əldə etmək və yaymaq haqqını özündə birləşdirir” .
AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİ SÖZ VƏ İNFORMASİYA AZADLIĞINA DAİR
BƏYANAT
(Nazirlər Komitəsi tərəfindən, 1982-ci il 29 Aprel tarixində, onun 70-ci İclasında qəbul olunub)
KİV-DƏ SİYASI MÜZAKİRƏLƏR AZADLIĞI HAQQINDA BƏYANNAMƏ
(Nazirlər Nümayəndələrinin 12 fevral 2004 il tarixli 872-ci iclasında Nazirlər Komitəsi tərəfindən qəbul edilib)
AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİ
CİNAYƏT PROSESİ İLƏ BAĞLI MƏLUMATIN MEDİA VASİTƏSİLƏ VERİLMƏSİ HAQQINDA
AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİNİN ÜZV DÖVLƏTLƏRƏ REC(2003)13 SAYLI TÖVSİYƏSİ
(Nazirlər Nümayəndələrinin 2003-cu il 10 iyul tarixli 848-ci görüşündə Nazirlər Komitəsi tərəfindən qəbul edilmiş)
MEDİA VƏ DÖZÜMLÜLÜK MƏDƏNİYYƏTİNİN HƏVƏSLƏNDİRİLMƏSİNƏ DAİR R (97) 21 SAYLI TÖVSİYƏ
İCTİMAİYYƏTƏ XİDMƏT EDƏN YAYIMIN MÜSTƏQİLLİYİNİN TƏMİN
EDILMƏSINƏ DAIR R (96) 10 SAYLI TOVSIYƏ
MİLLİ MƏNBƏLƏR
Azərbaycan Respublikasının Konstitusiyası
Milli hüquq baxımından ifadə azadlığı və məlumat azadlığı ilk dəfə 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi qoruma altına alınmışdır. Konstitusiyanın 47-ci maddəsi ifadə azadlığını “Fikir və söz azadlığı” kimi təqdim etmişdir. Maddəyə görə “Hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz”. Maddənin ifadə tərzi bir az qeyri-müəyyən olsa da, mahiyyət etibarı ilə hər kəsin ifadə azadlığının olduğu kimi anlaşıla bilir. Maddənin 3-cü hissəsində ifadə azadlığının sərhəddi göstərilmişdir: “İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir”. Beləliklə, İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqat, yaxud təbliğat ifadə azadlığı kimi təqdim edilə bilməz.
Konstitusiyanın 71-ci maddəsinin 3-cü bəndinə əsasən “Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər”. Bundan başqa Konstitusiyada insan hüquqlarının məhdudlaşdırılması nəzərdə tutulmamışdır.
2002-ci ildə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilən İnsan hüquq və azadlıqlarının məhdudlaşdırılmasının genişləndirilməsini nəzərdə tutan Konstitusiya Qanunu ilə bu hüquqların məhdudlaşdırılmasının əlavə “səbəbləri” ortaya çıxarılmış və Konstitusiyanın özündə nəzərdə tutulmayan yeni nüanslar sayılmışdır. Həmin Konstitusiya Qanununun 3.6-cı maddəsində “Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın … 47-ci maddəsində göstərilən söz azadlığı, həmçinin iğtişaşların qarşısının alınması üçün; Konstitusiyanın … 47-ci maddəsində göstərilən söz azadlığı … həmçinin ictimai təhlükəsizliyin qorunması üçün; …Konstitusiyanın 47-ci maddəsində göstərilən söz azadlığı və 50-ci maddəsində göstərilən məlumat azadlığı həmçinin dövlətin ərazi bütövlüyünün mənafelərinin təmin edilməsi məqsədi ilə, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, məxfi qaydada əldə edilmiş məlumatın açıqlanmasının qarşısının alınması və ya məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi üçün;… məhdudlaşdırıla bilər”. Bununla da, konstitusiyada nəzərdə tutulmayan yeni hüquqi səbəblərlə də ifadə azadlığının məhdudlaşdırıla biləcəyi qanuni əsas olub.
12 noyabr 1995-ci ildə referendum yolu ilə qəbul edilən Konstitusiyanın 47-ci maddəsində ifadə azadlığını təminat altına aldığı kimi, 50-ci maddəsi də məlumat azadlığını və media azadlığını təminat altına almışdır. Maddənin 1-ci hissəsində “Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı” olduğu vurğulanır, 2-ci hissəsində isə “Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır” –deyilir. Beləliklə, medianın fəaliyyətində önəmli yeri olan informasiyaları axtarmaq, əldə etmək, ötürmək azadlığı və informasiya hazırlamaq və yaymaq azadlığı Konstitusiya ilə təminat altına alınmışdır. Bununla yanaşı, “mətbuatda dövlət senzurası qadağandır” – deyilməklə, hər hansı istisna olmadan senzuranın yolverilməzliyi qeyd edilmişdir.
2009-cu il mart referendumunda 50-ci maddəyə 3-cü bənd əlavə edildi: “III. Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir.”
Konstitusiyanın bu norması kifayət qədər liberal norma idi və media azadlığını qoruyan mahiyyətdə idi. Bu ali sənəd qəbul edildiyi vaxt fövqəladə vəziyyət istisna olmaqla, normal halda media azadlığının məhdudlaşdırılmasını nəzərdə tutan məhdudlaşdırıcı heç bir norma – heç bir maddə yox idi.
18 mart 2009-cu il tarixdə Ümumxalq səsverməsi (referendum) ilə Konstitusiyanın 50-ci maddəsinə ”hər kəsin hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən, kütləvi informasiya vasitələrində dərc edilən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququ”na təminat verilməsi barədə III hissə əlavə edildi. Burada ilk baxışdan hər şeyin normal olduğu qənaəti yarana bilsə də, əlavənin mahiyyətinə diqqətlə yanaşdıqda, ”hər kəsin hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən, kütləvi informasiya vasitələrində dərc edilən məlumatıın” “yalan” olması tələb olunmur.
Konstitusiyanın 71-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatını tənzimləyən normada bütün hakimiyyət qollarının Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq borcu olduğu aydın şəkildə qeyd edilmiş, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsinin heç kəs tərəfindən məhdudlaşdırılamayacağı bildirilmişdir. Bütün hüquq və azadlıqlar üçün isə, məhdudlaşdırıcı norma tək bir halda nəzərdə tutulmuşdur. Bu hal, “müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər” – deyilən 71-ci maddənin III bəndindəki haldır. Bir sözlə Konstitusiyaya görə insan hüquq və azadlıqları qismən və müvəqqəti olaraq göstərilən xüsusi hallarda məhdudlaşdırıla bilər. Media azadlığının bu şəkildə tənzimlənməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 10-cu maddəsindəki tənzimləmələrdən daha liberaldır. Konvensiyada Bu azadlıqların həyata keçirilməsi “milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala” – biləcəyi bildirilibdir. Azərbaycan Konstitusiyasının əsas mətnində isə fövqəladə durumlar istisna olmaqla, adi durumlarda məhdudiyyətlərdən bəhs edilməmiş, beləliklə, hüquq və azadlıqların sərhədsiz olduğu qənaəti yaradılmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində əhatə edilən Şəxsi toxunulmazlıq hüququ ilə media azadlığı və ifadə azadlığı müəyyən məqamlarda toqquşur və şəxsi toxunulmazlıq hüququ mətbuat azadlığının məhdudlaşdırılması faktoru kimi çıxış edir. Odur ki, kütləvi informasiya vasitələrindən və onun mənbələrindən bəhs edərkən şəxsi toxunulmazlıq hüququnu qeyd etmək zəruridir.
Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu
2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Konstitusiyanın qəbulundan sonra insan hüquq və azadlıqlarının tənzimləməsi sahəsindəki normaların yetərli olmadığı əsas gətirilərək konstitusiyada müəyyən olunan normalardan fərqli normalarla bu hüquqlar xeyli məhdudlaşdırılmışdır. 24 may və 24 dekabr 2002-ci ildə Milli Məclis tərəfindən Prezidentin təşəbbüsü ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu iki dəfə səsə soyularaq qəbul edilmiş, bu qanunla Konstitusiyada təsbit edilən hüquq və azadlıqlar xeyli dəyişikliyə məruz qalmışdır.
Konstitusiyada insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırıldığı hallar sayılarkən müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik hallarının sayılması, dinc hallarda isə müəyyən məhdudiyyətlərin olmaması böyük ehtimalla, dinc dövrdə də məhdudiyyətlər tələb edən məqamda hökumətin əl-qolunu bağlayan amil olub və bu istiqamətdə dəyişiklik zəruri olub. Yuxarıda da qeyd edildi ki, Avropa Konvensiyasında məhdudlaşdırıcı hallar daha geniş sayılmışdır və bu baxımdan bizim Konstitusiyanın mətni daha liberal və ya məhdudlaşdırma baxımından “yetərsiz” qəbul edilə bilərdi.
Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun mahiyyətinə gəldikdə, Bu Konstitusiya Qanunu Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsini «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya uyğunlaşdırmaq məqsədilə qəbul edildiyi bildirilib.
Məhdudlaşdırıcı norma qəbul edilən zaman, “İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 10-cu maddəsində nəzərdə tutulan “demokratik cəmiyyət üçün zəruri” olma şərti əsas norma kimi tətbiq edilməli idi. Konstitusiya qanunu ilə gətirilən məhdudiyyətlər ölçülü olmalı və demokratik cəmiyyətin davamlılığı üçün zəruri olmalıdır. Əks halda məhdudlaşdırma məqsədini aşmış hesab edilə bilər.
“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsində “Qanun əsasında insan hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına dair tələblər” başlığında təəssüf ki, “demokratik cəmiyyət üçün zərurilik” tələb olunmur. Bu məhdudlaşdırıcı normalar içərisində məlumat üçün bildirmək gərəkdir ki, Konstitusiyanın 47-ci maddəsində nəzərdə tutulan ifadə azadlığı, habelə, Konstitusiyanın 50-ci maddəsində nəzərdə tutulan informasiya azadlığı və media azadlığı da qeyd edilib və müxtəlif hüquqların qorunması məqsədi ilə media azadlığı müxtəlif əsaslarla, qanunla məhdudlaşdırıla bilər. Bu əsaslar aşağıdakılardır:
- dövlət təhlükəsizliyi mənafeləri;
- sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması;
- cinayətin qarşısının alınması;
- iğtişaşların qarşısının alınması;
- ictimai təhlükəsizliyin qorunması;
- dövlətin ərazi bütövlüyünün mənafelərinin təmin edilməsi;
- digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi;
- məxfi qaydada əldə edilmiş məlumatın açıqlanmasının qarşısının alınması;
- məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi;
Azərbaycanda kütləvi informasiya vasitələrini tənzimləyən qanunvericilik genişdir. KİV-in fəaliyyətini tənzimləyən Qanunların başında “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanunu gəlir. Lakin KİV-in önəmli bir hissəsi olan televiziya və radioların fəaliyyətinin tənzimlənməsi 2001-ci ildə bu Qanundan ayrılaraq, 2002-ci ildə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanunu da qəbul edilib. 2004-cü ildə İctimai teleradionun yaradılması ideyası həyata keçirilərək “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilərək bu istiqamət ayrıca özünəməxsus tənzimləmə gətirilmişdir. Medianın fəaliyyətinin başlıca istiqaməti informasiyaları toplamaq, hazırlamaq və yaymaq olduğundan və informasiyaların axtarılması, toplanması, əldə edilməsi başlı-başına bir tənzimləmə tələb etdiyindən, 1998-ci ildə “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilmiş və Konstitusiyanın 50-ci maddəsinin tələbi reallaşdırılmaq istənmişdir. Lakin bu qanun funksional olmadığından informasiyanın əldə edilməsi istiqamətində yeni qanunun qəbulu ehtiyacı yaranmış və 2005-ci ildə bu boşluq doldurulmuş, “İnformasiya əldə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. İnformasiya sahəsində başqa bir tənzimlənmə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunudur. Bu Qanun daha çox informasiya ehtiyatlarının formalaşması, informasiya sistemləri, texnologiyaları, onların təminat vasitələrinin yaradılması və onlardan istifadə olunması, informasiyanın mühafizəsi və digər bu kimi məsələləri tənzimləyir.
Kütləvi informasiya vasitələrinin fəaliyyətini birbaşa tənzimləməsə də, jurnalistlərin və medianın gündəlik fəaliyyətlərində qarşılaşdıqları məsələlərin həllində əlaqəli qanunlar da vardır. Bunlar, «Ətraf mühitə dair informasiya almaq haqqında» Azərbaycan Respublikasının Qanunu,
“Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanunu, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanunu, “Müəlliflik haqqında və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunu, “Azərbaycan Respublikasının Seçki Məcəlləsi”, “Reklam haqqında” Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunvericilik aktlarıdır. Adları çəkilən qanunvericilik aktlarının hər birinin media ilə əlaqəli bölümlərinə aydınlıq gətirməklə bu sahənin bütün özəlliklərini göstərməyə çalışacağıq.
Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu
7 dekabr 1999-cu ildə qəbul edilib, 8 fevral 2000-ci ildə imzalanaraq hüquqi qüvvəyə minib. 2001-ci ildə Azərbaycanın Avropa Şurasına üzvlüyü ilə əlaqəli olaraq bu Qanuna ciddi dəyişikliklər edilib. Sonrakı illərdə də bəzi redaktə xarakterli dəyişikliklər olub.
Bu qanunun məqsədi Azərbaycan Respublikasında kütləvi informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını, habelə mətbuatın, informasiya agentliklərinin, televiziya və radio təşkilatlarının vətəndaşların tam, doğru-dürüst və operativ informasiya almaq hüququnun həyata keçirilməsinə yönəldilmiş fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən etməkdən ibarətdir.
Qanunda medianın gündəlik fəaliyyəti zamanı qarşılaşdıqları problemlərin hüquqi həlli yolları, jurnalistlərin gizli mənbələrinin qorunması, təkzib və düzəlişlərin verilməsi qaydası, media azadlığının həddi və ondan sui-istifadənin yolverilməzliyi və məhdudlaşdırmanın yol verilə biləcəyi halları, kütləvi informasiya vasitəsinin təsisi, təsisçilərin hüquqi durumu, kütləvi informasiya vasitəsinin istehsalının və yayımının dayandırılması və ya ona xitam verilməsi qaydası, jurnalistlərin akkreditasiya qaydası, kütləvi informasiya vasitələrinə sponsorluq məsələsi habelə kütləvi informasiya vasitələrindən su-istifadəyə görə məsuliyyət və məsuliyyətdən medianın azadolma halları öz əksini tapmışdır.
Televiziya və radio yayımı haqqında Azərbaycan Respublikasının Qanunu
25 iyun 2002-ci ildə Milli Məclis tərəfindən qəbul edilən və 9 oktyabr 2002-ci ildə qüvvəyə minən Televiziya və radio yayımı haqqında Azərbaycan Respublikasının Qanunu hər kəsin məlumat, fikir və söz azadlığının, açıq və azad müzakirələr keçirmək hüququnun təmin edilməsinə yönəldilən televiziya və radio fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyənləşdirir. Qanunun qəbulu ilə Azərbaycanda teleradio sahəsində yeni tənzimlənmə sistemi gətirilib. Teleradioların fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi məqsədi ilə yeni müstəqil dövlət qurumunun – Milli Televiziya və Radio Şurasının yaradılmasının hüquqi əsası qoyulub.
Bu Qanunla Azərbaycanda teleradioların sistemi müəyyən edilərək, yayımçıların dörd forması göstərilib. Dövlət yayımçısı, ictimai yayımçı, bələdiyyə yayımçısı və özəl yayımçı olmaqla dörd tip yayımçı müəyyən edilib. Ayrıca, teleradioların dövlət tərəfindən tənzimlənməsinin hüquqi əsasları, tənzimləyici qurumun səlahiyyəti, formalaşması, lisenziyaların verilməsi qaydası, yayım prinsipləri, reklam verilməsi qaydaları, yayımçıların hüquq və vəzifələri, o cümlədən teleradio fəaliyyəti zamanı qanunvericiliyin pozulmasına görə məsuliyyət məsələləri bu Qanunda öz əksini tapıb.
İctimai televiziya və radio yayımı haqqında Azərbaycan Respublikası Qanunu
“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanunu 28 sentyabr 2004-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilib və 5 noyabr 2004-cü il tarixdə qüvvəyə minib. İctimai televiziya və radio yayımının məqsədi Azərbaycan Respublikası əhalisinin – bütövlükdə cəmiyyətin, habelə onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələri əks etdirməyə yönəlmiş, doğru məzmunlu, tarazlaşdırılmış informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaqdır. Qanunda ictimai yayım xidmətinin prinsipləri, ictimai yayım
xidmətinin təşkili, ictimai yayımçının hüquqi statusu, ictimai yayımçının hüquqları və vəzifələri, ictimai yayım proqramlarına verilən tələblər, rəsmi məlumatların verilməsi qaydası, ictimai yayım zamani reklama verilən tələblər və sponsorluq, ictimai yayım xidmətinin idarə olunması, Yayım Şurası, Yayım Şurasının üzvlərinə verilən tələblər, Yayım Şurasının səlahiyyətləri, ictimai yayımçının fəaliyyətinə hüquqi nəzarət, ictimai yayım xidmətinin maliyyələşdirilməsi, qanunun müddəalarının pozulmasına görə məsuliyyət öz əksini tapmışdır.
Məlumat azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu
Məlumat azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu 19 iyun 1998-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilib və 16 sentyabr 1998-ci il tarixdə qüvvəyə minib. Bu Qanun məlumat azadlığının həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Qanunda məlumat azadlığı, məlumat azadlığının təminatı, məlumat münasibətlərinin subyektləri, məlumat azadlığının həyata keçirilməsinin əsas prinsipləri
məlumatın əldə edilməsi üçün təminatlar, məlumat mənbələri, məlumatın əldə edilməsi, o cümlədən açıq məlumatların əldə edilməsi, alınması məhdudlaşdırılan məlumatlar, məlumatın əldə edilməsi barədə müraciət qaydası məlumatın əldə edilməsi ilə əlaqədar şikayət etmək hüququ, şəxsiyyət haqqında məlumat, şəxsiyyətin onun haqqında toplanmış məlumatla tanış olmaq hüququ o cümlədən
bu Qanunun tələblərinin pozulmasına görə məsuliyyət məsələsi öz əksini tapmışdır. Bu qanun deklarativ xarakterli olduğu üçün yeni qanun yaradılması ehtiyacı yaranmış və İnformasiya əldə edilməsi haqqında Qanun qəbul edilmişdir.
İnformasiya əldə edilməsi haqqında Azərbaycan Respublikası Qanunu
İnformasiya əldə edilməsi haqqında Azərbaycan Respublikası Qanunu 28 sentyabr 2005-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilib və 09 dekabr 2005-ci il tarixdə qüvvəyə minib. Qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir.
1995-ci ildə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi məlumat azadlığını təminat altına alıb. Məlumat azadlığı bilindiyi kimi daha geniş əhatəyə malikdir. Həmin maddədə sadəcə informasiya almaq deyil, informasiyanı hazırlamaq, ötürmək və yaymaq azadlığı da öz əksini tapıb. İnformasiyanın hazırlanması, ötürülməsi və yayılmasını tənzimləyən qanunlar qüvvədədir. 1999-cu ildə qəbul edilən Kütləvi İnformasiya Vasitələri haqqında, 2002-ci ildə qəbul edilən Televiziya və Radio Yayımı haqqında qanunlar məlumat azadlığının bu tərkiblərini tənzimləməkdədir. Bu Qanunun əsas məqsədi isə məhz informasiyanı əldə etmək, onu hər kəs üçün çatımlı etməkdir. Bu qanunun qəbul edilməsi və tətbiq edilməsi hüquqi və fiziki şəxslərin məlumat almaq hüququnu təmin etməklə bərabər, dövlətin hüquqi, demokratik dəyərləri mənimsəyən və şəffaf idarəetməyə səbəb olan bir vasitədir. Dövlət ən böyük ictimai İnstitut olduğu üçün və onun yaranması insanların birgə iradəsinin məhsulu olduğundan dövlətin idarə olunması və bu zaman səlahiyyət verilmiş dövlət məmurlarının qanuna uyğun davranıb-davranmaması ictimai rəy üçün önəmlidir. Bu baxımdan bütün idarəetmə ilə bağlı informasiyalar ictimai yükü olan informasiyalardır və bu istiqamətdəki fəaliyyətlər ictimai vəzifələrin icrası olaraq qəbul edilməlidir.
Dövlətlə paralel olaraq, cəmiyyətdə elə qurumlar var ki, onların funksiyaları cəmiyyətin həyatında önəmli yer tutur. Xüsusilə, qloballaşmanın gətirdiyi yeni münasibətlərdə elə kooperasiyalar var ki, onların həm fəaliyyəti həm də xidmət sahəsi toplumla yaxından bağlıdır Bu nəzərə alındığında informasiyaların sadəcə dövlət qurumlarında və dövlət məmurlarında yox, hər bir ictimai fəaliyyətlə məşğul olan qurumda olacağı şübhəsizdir. Bu kimi qurumların əlində olan informasiyalar toplumun diqqət mərkəzində olan və ictimai yükü olan informasiyalardır. Bu baxımdan bu qanun həm də ictimai informasiyalar kimin əlində olmasından asılı olaraq, onlar üçün informasiyaları hazırlama və vermə vəzifəsi müəyyən edir. İnformasiya əldə etmək haqqında Qanun bu baxımdan yeni münasibətlər gətirir. İlk dəfə informasiya sahibi konkret müəyyən edilib, onların vəzifələri göstərilib. İctimai informasiyaların nə olduğu müəyyən edilib. Sorğularla necə davranılmalı olduğu, hansı müddətdə və necə sorğuların cavablandırılması zəruriliyi bildirilib. İnformasiya sahiblərinin hansı informasiyaları, hansı metodlarla yayması gərəkliliyi vəzifə olaraq üzərilərinə qoyulub. İnternet resurslarının yaradılması zəruriliyi və hansı müddət ərzində yaradılmalı olduğu dəqiq təqvimlə müəyyən edilib. İnformasiya əldə etmək hüququnu məhdudlaşdıran digər normaların qəbul edilə bilməyəcəyi təminat altına alınıb.
İnformasiya, İnformasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikası Qanunu
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunu 3 aprel 1998-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilib
Qanun informasiyanın yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması əsasında informasiya ehtiyatlarının formalaşdırılması, informasiya sistemləri, texnologiyaları, onların təminat vasitələrinin yaradılması və onlardan istifadə olunması, informasiyanın mühafizəsi ilə əlaqədar olaraq yaranan münasibətləri tənzimləyir və informasiya proseslərində iştirak edən subyektlərin hüquqlarını müəyyən etməkdədir.
İnformasiya ehtiyatlarının hüquqi rejimi, informasiyanın sənədləşdirilməsi, informasiya ehtiyatları, sistemləri, texnologiyaları və onların təminat vasitələri üzərində mülkiyyət hüququ, dövlət informasiya ehtiyatları, dövlət informasiya ehtiyatlarının formalaşdırılması üçün sənədləşdirilmiş informasiyanın təqdim olunması formaları, milli informasiya ehtiyatları, informasiya ehtiyatlarının istifadə olunması qaydaları, informasiya ehtiyatları ilə işləməyə buraxılma hüququ, fiziki və hüquqi şəxslərin özləri barəsində informasiyaya buraxılmaq hüququ, informasiya ehtiyatları mülkiyyətçisi və ya sahibkarının məsuliyyəti, informasiyalaşdırma, informasiya sistemləri, texnologiyaları və onların təminat vasitələri, onların yaradılması və istehsalı, onlara müəlliflik hüququ, informasiyanın mühafizəsi, onun təşkili, informasiyanın mühafizəsi sahəsində subyektlərin hüquq və vəzifələri o cümlədən informasiya sahəsində beynəlxalq münasibətlər bu Qanunla tənzimlənir.
Dövlət sirri haqqında Azərbaycan Respublikası Qanunu
“Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanunu 7 sentyabr 2004-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilib və 5 noyabr 2004-cü il tarixdə qüvvəyə minib. Bu Qanun Azərbaycan Respublikasının təhlükəsizliyini təmin etmək məqsədi ilə məlumatların dövlət sirrinə aid edilməsi, mühafizəsi və istifadə edilməsi, onların məxfiləşdirilməsi və ya məxfiliyinin açılması ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Kütləvi informasiya vasitələrinin informasiya əldə etmə azadlıqlarının məhdudlaşdırıldığı məqamların başında dövlət sirri anlayışı gəlir. Bu səbəbdən media ilə bu qanun yaxından əlaqəlidir. Bu Qanunda hansı informasiyaların dövlət sirri sayıla biləcəyi, dövlət sirri ilə işləmə qaydaları, sirlərin üzərinə məxfilik qriflərinin qoyulması və ya götürülməsi qaydaları və digər əlaqəli nüanslar öz əksini tapıb.
Azərbaycan Respublikasının Seçki Məcəlləsi
Azərbaycan Respublikasının Seçki Məcəlləsi 27 may 2003-cü il tarixli 461 nömrəli Qanun ilə Milli Məclis tərəfindən qəbul edilmişdir. Bu Məcəllə Azərbaycan Respublikası parlamentinin Milli Məclisin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin – referendumun təşkili və keçirilməsi qaydalarını müəyyən edir. Bu prosesdə media xüsusi rol oynayır. Cəmiyyətin informasiya ehtiyaclarının qarşılanması məqsədi ilə medianın funksiyası bu Məcəllədə geniş tənzimlənib. Seçkilərdə və referendumda təşviqat prosesinin gedişində medianın davranış qaydaları, pullu və pulsuz təşviqat materiallarının mediada yerləşdirilməsi, xüsusilə ictimai yayımın vəzifələri geniş şəkildə Məcəllədə əhatə olunmuşdur.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 11 iyul 2000-ci il tarixli, 906-IQ nömrəli Qanunu ilə qəbul edilmişdir. Məcəllədə digər inzibati xətalarla bərabər, kütləvi informasiya vasitələrinin informasiya əldə etməsi əleyhinə davranışlar, informasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan inzibati xətalar, kütləvi informasiya vasitələrinin yayılmasına mane olma, jurnalistin hüquqlarının pozulması, seçkilərdə qaydaların pozulması və digər media fəaliyyəti ilə əlaqəli olan inzibati xətalar öz əksini tapmışdır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Azərbaycan Respublikasının Mülki Məcəlləsi Respublikası Milli Məclisi tərəfindən 28 dekabr 1999-cu il tarixli, 779-IQ nömrəli Qanun ilə təsdiq edilmiş, 26 may 2000-ci il tarixli, 886-IQ nömrəli Qanuna əsasən 2000-ci il sentyabr ayının 1-dən qüvvəyə minmişdir. Bu Məcəllədə mülki hüquq münasibətlərinin bütün məqamları tənzimlənməklə bərabər, kütləvi informasiya vasitələrinin insanların şərəf və ləyaqətinə, o cümlədən işgüzar nüfuzuna toxunan çıxışlara şərait yaratdığı zaman verdiyi ziyanın qarşısının alınması məsələləri öz əksini tapıb.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Respublikası Milli Məclisi tərəfindən 30 dekabr 1999-cu il tarixli 787-IQ nömrəli Qanunu ilə qəbul edilmişdir. Məcəllə ümumilikdə cinayət əməllərinə görə cəzaları müəyyən etməkdədir. Bu məcəllədə də kütləvi informasiya vasitələrinin fəaliyyəti zamanı qarşılaşılan problemlər, jurnalistin qanuni peşə fəaliyyətinə mane olma, şəxslərin böhtana, təhqirə məruz qalması zamanı kütləvi informasiya vasitələrindən istifadə, milli, irqi, sosial və dini nifrətin salınmasının yolverilməzliyi, təcavüzkar müharibənin başlaması çağırışlarının yolverilməzliyi, Prezidentin şərəf və ləyaqətinin qorunması kimi cinayət əməlləri bu Məcəllə ilə müəyyən olunan qaydada cəzalandırılır.