Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın işğal altında olan ərazilərində törətdiyi qanlı təxribata etiraz olaraq ABŞ-da və Almaniyada etiraz aksiyaları keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Novator.az-a verilən məlumata görə, Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin Nyu-Yorkda, BMT-nin qərargahı qarşısında təşkil etdiyi aksiyada bu şəhərdə fəaliyyət göstərən “Azerbaijan New York Association”, “Azerbaijani American Women Association of New York” və digər qurumların fəalları iştirak ediblər.
Aksiya iştirakçıları Ermənistanın işğalçı ölkə olduğunu əks etdirən, habelə ermənilərin 4 iyul təxribatı zamanı həlak olmuş 2 yaşlı Zəhra Quliyevanın meyitinin fotoşəkillərindən ibarət transparantları əcnəbi diplomatlara nümayiş etdiriblər, “Mən Zəhrayam!”, “Zəhraya ədalət!”, “Erməni terrorunu qınayın”, “Ermənistan uşaq qatilidir!”, “Ermənistan soyqırımı günahkarıdır!” şüarlarını səsləndiriblər.
ABŞ-da daha bir etiraz aksiyası Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında keçirilib. Aksiyanı ABŞ Azərbaycanlıları Şəbəkəsi təşkil edib. Aksiyada Vaşinqtonda və şəhər ətrafında yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Almaniyada etiraz aksiyaları Berlin Azərbaycan Evinin təşkilatçılığı ilə Berlin şəhərinin Branderburq qapıları meydanında, Azərbaycan Dostluq Cəmiyyəti və “Xəzər” Cəmiyyətini birgə təşkilatçılığı ilə Hannover şəhərində, Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzi və Bavariya Türk Dərnəkləri Federasiyasının birgə təşkilatçılığı ilə Münhen şəhərində reallaşdırılıb.
İyulun 9-da isə Ermənistanın Almaniyadakı səfirliyi önündə aksiya keçirilib. Dünya Azərbaycanlılar Assambleyası və Alman-Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə baş tutan aksiyada Ermənistanın işğalçılıq və soyqırımı siyasətinə etiraz şüarları səsləndirilib, 4 iyul təxribatı zamanı həlak olmuş Zəhra Quliyevanın fotoşəkillərindən ibarət plakatlar nümayiş etdirilib. Çıxış edənlər xarici ölkələrdə, o cümlədən Almaniyada yaşayan azərbaycanlıların baş vermiş hadisədən sarsıldığını, dünya birliyindən bu faciəyə ədalətli qiymət verilməsini gözlədiklərini bildiriblər. Aksiyanın sonunda iştirakçılar adından Ermənistan hakimiyyətinə etiraz bəyanatı səfirliyin poç qutusuna atılıb.
London şəhərində keçirilən aksiya da işğalçı ölkənin səfirliyi önündə təşkil olunub. AZƏRTAC xəbər verir ki, Ermənistanın Böyük Britaniyadakı səfirliyi qarşısında aksiyaya azərbaycanlılarla yanaşı, ermənilərin terrorçu əməllərini qınayan əcnəbilər də toplaşıblar. Əllərində həmvətənlərimizin həlak olması və ermənilərin terrorçu siyasətləri ilə bağlı faktların əks olunduğu plakatlar tutan aksiya iştirakçıları “Biz ədalət istəyirik”, “Qarabağ Azərbaycanındır” və “Siz uşaq qatillərisiniz” kimi şüarlar səsləndiriblər.
İyulun 4-də işğalçı erməni qoşunları Füzuli rayonunun Alxanlı kəndini atəşə tutub. Düşmən təxribatı nəticəsində 2 yaşlı Zəhra Quliyeva və onun 51 yaşlı nənəsi Sahibə Allahverdiyeva həlak olub, 52 yaşlı Səlminaz Quliyeva isə ağır yaralanıb.
Ermənistan ordusu 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona bitişik 7 rayonu işğal edib.