Rövşən Ağayev
Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti mövzulu seminarda çıxış edən təhsil naziri Mikayıl Cabbarov universitet və elmi tədqiqat institutlarımızın innovativ olmağa çalışdığını bildirib və əlavə edib ki, universitetlərin fəaliyyətinin kommersiyalaşdırılması da vacibdir.
Qulağa yaxşı gələn cəlbedici fikirlərdir. Amma gərək bu cür fikirlər bəzi suallara cavab verməklə, arxasında rəqəmlər və faktlar göstərilməklə səsləndirilsin.
Məsələn, əsas suallardan biri budur: “Universitetlərimiz innovativ olmağa çalışırlar” nə deməkdir, konkret hansı çalışmalar və hansı ilkin nəticələr var?
İnnovativ olmaq üçün həm də innovasiyalara böyük resurslar xərcləmək lazımdır. Azərbaycanda hər il “elmi-tədqiqat” maddəsi altında xərclənən 70-75 milyon dolların ən yaxşı halda 7-8 milyon dolları universitetlərin payına düşür. Bazasında nəhəng kadr və maliyyə resursları dayanmayan universitetlər innovativ ola bilməz. Bu gün inkişaf etmiş ölkələrdə inkişaf və araşdırma (R&D) xərclərinin ÜDM-də payı 3-4% təşkil edir, bu xərclərin də ayrı-ayrı ölkələrdə orta hesabla 15-20%-i universitetlər vasitəsilə xərclənir.
Azərbaycanda bütün sektorlar üzrə R&D xərclərinin ÜDM-də payı 0,2%-dirsə və bunun da ən yaxşı halda onda biri universitetlərin hesabınadırsa, mənzərə tamamən aydın olur.
Universitetlərin fəaliyyəti necə kommersayalaşdırılır? Bu fəaliyyət üçün ilk növbədə universitetlərin elə məhsulları olmalıdır ki, iqtisadiyyat üçün dəyəri olsun, universitetlərin aldığı patentlərin sayı sürətlə artsın, iqtisadiyyatın işi bu məhsullarsız keçməsin – o zaman universitetlərin fəaliyyəti avtomatik kommersiyalaşacaq.
Beynəlxalq təcrübədən bu məsələ ilə bağlı bəzi maraqlı nümunələrə baxanda durumumuzu və səslənən bəyanatların nə dərəcədə reallığı əks etdirdiyini daha aydın görmək olur. ABŞ dünyada elmi-tədqiqata ən nəhəng vəsait yatıran ölkədir – dünya üzrə bütün xərclərin təxminən 27%-i bu ölkənin payına düşür. 520 milyard ABŞ dollarına yaxın elmi-tədqiqat xərclərinin təxminən 15%-i (75 milyard ABŞ dolları) məhz universitetlərin hesabına təmin edilir. Amma ABŞ-da bu vəziyyətin yaranmasının səbəbi (motivi) bəyanatlar olmayıb – bünövrəsində ciddi institusional dəyişikliklər dayanan mexanizmlərin qurulması olub.
1980-ci ildə ölkədə Bayh-Dole aktı qəbul edilib və universitetlərə öz fəaliyyətlərini kommersiyalaşdırmağa imkan verən şirkətlər qurmaq üçün geniş fürsətlər yaradılıb. Sənədin qəbulundan keçən qısa müddət ərzində ABŞ universitetlərinin nəzdində 250 min nəfərədək kontingentin çalışdığı 2000-dən artıq kompaniya fəaliyyətə başlayıb. Bayh-Dole aktının qəbuluna qədər bütün universitetlərin il ərzində qeydiyyata aldırdıqları patentlərin məcmu illik sayı 250-ni ötmürdü, 1982-c ildə bu rəqəm 1500-ə yüksəlib, hazırda 5000 ətrafındadır.
Yaxud 1980-ci illərin sonlarında bütün ABŞ universitetlərinin lisenziya gəlirləri 70-80 milyon dolları ötmürdü, indi 2 milyard dollara yaxınlaşır. Məhz Bayh-Dole aktı universitetlərin innovativ fəaliyyətinin kommersiyalaşdırılmasını instititusionallaşdırdı. Bizdə, bəyanatları nəzərə almasaq, bu məqsədlə hansı real addım atılıb?
ABŞ-da iqtisadiyyatda tətbiq olunan ən uğurlu kəşflərin təxminən 80%-i məhz universitetlərin hesabına baş verir. Bizdə son 10 ildə universitetlərin fəaliyyətinin nəticəsi olan 10 hansısa yeniliklə hansı mənbədən tanışlıq mümkündür? Və ya son 10 ildə nə qədər patent alınıb və onların hansı hissəsi universitetlərin payına düşür?
Hazırda dünyada universitetlər 3 təsnifat üzrə sistemləşdirilir: 1.0, 2.0 və 3.0 statusa malik universitetlər. 1.0 universitetin yalnız tədrislə məşğul olduğunu, 2.0 tədris və araşdırmaların paralel aparıldığını, 3.0 universitetdə tədris və araşdırmaların mövcudluğu ilə yanaşı həm də universitetlərin fəaliyyətinin kommersiyalaşdırıldığını əks etdirir. Azərbaycanın təhsil naziri birbaşa 3-cü mərhələdən danışır – universitetlərin fəaliyyətinin kommersiyalaşdırılmasından. Halbuki hazırda Azərbaycan universitetləri 1-ci mərhələdədir – yalnız tədrislə məşğuldur. İndi bizim qarşımızda 2-ci mərhələ dayanır – universitetləri tədris və araşdırma mərkəzlərinə çevirmək.
Dünya təcrübəsi göstərir ki, universitetlərin də aparıcı həlqələrdən birinə çevrildiyi elmi-tədqiqat proseslərinin yüksək səviyyəyə çatmadığı ölkədə bilik iqtisadiyyatı qurmaq mümkün olmur. Məsələn, ABŞ-da araşdırma və inkişaf xərcləri Rusiya ilə müqayisədə 10 dəfə çoxdur. Bunun nəticəsində ABŞ-da “bilik iqtisadiyyatı” məhsullarının ÜDM-də payı 45%, Rusiyada 15% ətrafındadır. Yaxud yüksək texnoloji məhsulların ölkə ixracında payı Rusiya üzrə 2%, Cənubi Koreyada 27% təşkil edir. Cənubi Koreya da elmi arasdırma xərclərinin ÜDM-də payına görə dünyada ən yüksək paya malik ilk 10 ölkə sırasındadır.
Bir məqam çox aydındır: universitetlərin siyasi ideologiya mərkəzlərinə çevrildiyi, inzibati muxtariyyət və maliyyə muxtariyyəti almadığı, tələbə və müəllimlərin akademik azadlıqlardan məhrum edildiyi şəraitdə orada tədris bəlkə də olar, amma elm və innovasiya mütləq olmayacaq.