Hesablama Palatasının sədri Vüqar Gülməmmədov AZƏRTAC-a müsahibəsində 2018-ci ilin dövlət büdcəsinin hazırlanması prosesində diqqətə alınmalı olan məqamlara toxunub: “İlk növbədə son iki ildə həyata keçirilən tədbirlər davam etdirilməli, xərclərin strukturunun optimallaşdırılması, konkret nəticələrə hədəflənən göstəricilərin əsas götürülməsi təmin olunmalıdır.
Ali audit qurumlarının iqtisadi siyasətə müdaxilə etmək və ya münasibət bildirmək üçün mandatı yoxdur. Lakin büdcə vəsaitlərinin istifadəsinin auditi, həmçinin icra və proqnoz göstəricilərinin müqayisəsi həyata keçirilməkdədir, büdcə vəsaitlərinin səmərəli istifadə edilməsi məqsədilə bu proses genişləndirilməli və effektivliyi yüksəldilməlidir.
Prezidentin 2017-ci ilin dövlət büdcəsi qanununun tətbiqi barədə imzaladığı fərmana əsasən müəyyən edilmiş iqtisadi və sosial siyasət kursunun qısa və ortamüddətli dövrdə hədəfləri, habelə investisiya layihələrinin bu hədəflərə uyğun tərtibi, dövlət maliyyə resurslarının nəticə əsaslı bölgüsünü, nəticələrin proqnozlaşdırıla bilmə imkanlarını, fiskal intizamın gücləndirilməsini, o cümlədən nəticələrə görə məsuliyyət nəzərdə tutan daha təkmil ortamüddətli xərclər çərçivəsinin və nəticə əsaslı büdcə mexanizminin formalaşdırılmasına dair təkliflər hazırlanacaq.
Eyni zamanda büdcədənkənar gəlirlərin artırılması, sosial xərclərin inventarizasiyası, büdcə gəlirlərinin potensialının genişləndirilməsi ilə bağlı addımlar da vacibdir. Qeyri-dövlət sektorunun inkişafının resursdan asılılığının azaldılmasına yönəldilmiş fəaliyyətin davam etdirilməsi ilə uzlaşdırılması da əhəmiyyətlidir. Neftin qiymətinə konservativ yanaşma ilə real sektorda əsaslı xərclərin, ÜDM-in artımına səbəb ola biləcək mənbələrin müəyyənləşdirilməsi büdcə xərclərinin perspektiv təsirlərinin güclənməsinə səbəb olar.
Düşünürük ki, real sektora da xərclərin kəskin artımına lüzum yoxdur, iqtisadi sistemin cari inkişafı məhz bu həcmdə büdcə parametrlərinin bazasını təşkil edir”.
Hesablama Palatasının sədri qeyd edib ki, müasir dövrdə dövlət maliyyə sistemində müşahidə edilən əsas meyllərdən biri borc dayanıqsızlığı problemidir: “Dövlət büdcəsinin parametrlərinin təhlilinin bir hissəsi dövlət borcu ilə bağlı olduğundan borc həssaslığını və dayanıqlılığını xarakterizə edən mühüm göstəricilərin təhlili obyektiv zərurətdən irəli gəlir. Müxtəlif parametrlər üzrə təhlil göstərir ki, ölkədə bu istiqamətdə problem yoxdur. 2016-cı ilin yekunlarına görə strateji valyuta ehtiyatlarının ÜDM-ə faiz nisbəti 99 faiz təşkil edib və bu ehtiyatlar 28 aylıq mal və xidmətlərin idxalını əvəz etmək imkanına malikdir. Həmçinin dövlətin fiskal mövqeyini əks etdirən strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti ilə məcmu dövlət borcunun ÜDM-ə nisbəti 76 faizə çatıb, Mərkəzi Bankın valyuta ehtiyatlarının M2 pul aqreqatına nisbəti son illərdə qoyulan limitdən daha yüksək olub. Daxili borcun ÜDM-ə faiz nisbəti 20-30 faiz nisbəti aşmamalıdır, 2016-cı ildə daxili borcun ÜDM-ə faiz nisbəti 2,3 faiz təşkil etməklə qoyulan nisbətdən əhəmiyyətli şəkildə aşağı olub.
Beynəlxalq təcrübədə dövlət borcuna xidmətlə bağlı xərclərin dövlət büdcəsinin gəlirlərinə nisbəti aşağı orta və yüksək dərəcələri ilə müvafiq olaraq 25 faiz, 30 faiz və 35 faiz ölçülür ki, bu göstərici ötən il üzrə 10,1 faiz yüksəlməklə minimal risk həddində qalıb. Həmçinin büdcə kəsirinin ÜDM-ə nisbəti 0,4 faiz təşkil edib”.