Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iyunun 20-də mətbuat konfransı keçirib. Rəsmi məlumata görə, nazir deyib ki, qurumun 30-a qədər elektron xidmətinə bu ilin yanvar-may aylarında 4 milyon 577 min 529 dəfə müraciət olunub: “Bu göstərici ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “E-hökumət” portalında 2017-ci ilin ilk beş ayı ərzində e-xidmətlərindən ən çox istifadə olunan 10 dövlət qurumu sırasında ilk yeri tutub. Ötən ay “E-hökumət” portalına müraciətlərin 34,4 faizi və ya 745 min 298-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə yönəlib”.
Səlim Müslümov qeyd edib ki, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı istiqamətində stimullaşdırıcı tədbirlər əhalinin 47 faizinin yaşadığı kənd rayonlarında əmək ehtiyatlarının daha geniş müstəvidə səmərəli məşğulluğuna yol açıb: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlət şirkətləri ilə əməkdaşlığı şəraitində, onların təqdim etdikləri vakansiyalar əsasında həyata keçirdiyi aktiv məşğulluq tədbirləri də davam etdirilir. Ümumilikdə 2017-cı ilin yanvar-may aylarında nazirliyin məşğulluq orqanları 31,3 minə yaxın şəxsin məşğulluğunu təmin edib, 58 min nəfərdən çox vətəndaş peşə hazırlığı, əlavə təhsil kurslarının təşkili və peşəyönümü tədbirlərinə cəlb olunub. Vaxtında və kompleks şəkildə görülən tədbirlər ötən ilin ilk aylarında əmək bazarında müəyyən qədər özünü göstərmiş gərginliyin artıq tam aradan qalxmasına və əmək bazarında yenidən sabitliyin mövcud olmasına imkan verib”.
Nazir vurğulayıb ki, verilmiş aktivlər (mal və materiallar) hesabına yeni yaradılan fərdi təsərrüfatların sayı da getdikcə artır: “Bu günə olan məlumata əsasən, özünüməşğulluq proqramı çərçivəsində 60-dan çox rayon və şəhər üzrə 730 nəfərə qədər işsiz və işaxtaran şəxsin aktivlərlə təminatı həyata keçirilib. Onların hər biri verilmiş mal və materiallar əsasında ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını biznes-planlarında nəzərdə tutulan qaydada formalaşdıra biliblər”.
Səlim Müslümov bildirib ki, proqram çərçivəsində 1400 nəfərə yaxın şəxsin özünüməşğulluğuna şərait yaradılması nəzərdə tutulub: “Bildiyiniz kimi “İşsizlikdən sığorta haqqında” qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul olunub. Əgər digər oxunuşlarda qanun layihəsi qəbul olunarsa, bu qanunun 2018-ci il yanvar ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Yeni qanun özünüməşğulluq sahəsində işləri daha geniş müstəvidə davam etdirməyə də əsas yaradacaq. Qanunun qüvvəyə minməsi işsizlikdən sığorta haqları hesabına toplanmış vəsait hesabına iki istiqamətdə mühüm addımların atılmasına təminat verəcək. Yəni bir tərəfdən müəssisənin ləğvi və ya işçilərin sayı, yaxud ştatların ixtisarı nəticəsində işini itirmiş şəxslərin işsizlik müavinəti ilə təmin olunmasına, digər tərəfdən aktiv məşğulluq tədbirlərinin, xüsusən özünüməşğulluq proqramının əhatə dairəsini xeyli genişləndirməyə, yəni il ərzində təqribən 5-6 min nəfərin özünüməşğulluq proqramına cəlb edilməsinə imkan yaranacaq”.