Elmi kadrlar barədə rəsmi açıqlama
- 22 İyun 2017
- comments
- Novator.az
- Posted in ManşetXəbər
Azərbaycanda elmi kadrların hazırlanması ilə 2102 nəfər elmi rəhbər məşğul olur. Onların 59-u Milli Elmlər Akademiyasının həqiqi üzvü, 84-ü müxbir üzvü, 1528-i professor, 273-ü dosentdir. Novator.az bildirir ki, Dövlət Statistika Komitəsi belə hesabat yayıb.
Rəsmi məlumata görə, 2017-ci ilin əvvəlinə ölkədə 110 ali təhsil müəssisəsi və elmi təşkilatda doktoranturalar fəaliyyət göstərib və onlarda 53,1 faizi qadın olmaqla 2723 nəfər təhsil alıb (80 faizi fəlsəfə doktoru, 20 faizi elmlər doktoru proqramları üzrə).
Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların isə 34,2 faizi 40 yaşadək şəxslər olub.
Fəlsəfə doktoru proqramında 2182 nəfərin 349-u filologiya, 294-ü iqtisad, 245-i texnika, 144-ü tarix, 128-i kimya, 117-si aqrar, 102-si pedaqogika, 101-i biologiya, 108-i siyasi elmlər, qalanları elmin digər sahələri üzrə, doktorantlardan 118 nəfər filologiya, 80 nəfər aqrar, 53 nəfər iqtisad, 48 nəfər texnika, 29 nəfər biologiya, 24 nəfər tarix, 23 nəfər pedaqogika, 26 nəfər yer elmləri, 140 nəfər isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır.
2015-ci illə müqayisədə 2016-cı ildə fəlsəfə doktoru proqramı üzrə buraxılış 17 faiz azalaraq 543 nəfər, elmlər doktoru proqramı üzrə 9,7 faiz artaraq 79 nəfər təşkil edib. Fəlsəfə doktoru proqramı üzrə qəbul olanların sayı 24,7 faiz azalaraq 420 nəfərə düşüb, elmlər doktoru proqramı üzrə qəbul olanların sayı isə 7,4 faiz artaraq 101 nəfərə çatıb.
2016-cı ildə fəlsəfə doktoru proqramı üzrə 704 dissertant təhkim olunub. Onların 62,1 faizi qadınlardır. Elmlər doktoru proqramı üzrə təhkim olunmuş dissertantların sayı 86 nəfəri qadın olmaqla 198 nəfərə bərabərdir.
Dissertantların əsas hissəsi tibb, iqtisad, filologiya, tarix, texnika və yer elmləri sahəsində təhkim olunub.