Azərbaycanda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar 2017-ci ilin yanvar-may aylarında 25 milyard 338,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,9 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal edib. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi belə hesabat yayıb.
Qeyd olunur ki, 5 ayda iqtisadiyyatın qeyri-neft sektorunda istehsal 2,3 faiz artıb, neft sektorunda isə 6,5 faiz azalıb, qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 58,9 faiz olub.
Əlavə dəyərin 44,1 faizinin sənayedə, 10,9 faizinin ticarət və nəqliyyat vasitələrinin təmiri, 8,3 faizinin tikinti, 7,3 faizinin nəqliyyat və anbar təsərrüfatı, 3,3 faizinin kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7 faizinin turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizinin informasiya və rabitə, 14,5 faizinin digər sahələrdə istehsal edildiyi bildirilir.
Hesabata əsasən, məhsula və idxala xalis vergilər ÜDM-in 7,1 faizinə, əhalinin hər nəfərinə düşən ÜDM 2610,3 manata bərabər olub.
2016-cı ilin yanvar-may ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 0,1 faiz, heyvandarlıq məhsulları istehsalı isə 2,3 faiz artıb.
Dövlət Statistika Komitəsi bildirir ki, 2017-ci ilin yanvar-may aylarında ölkə sənayesində 15,7 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz az sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,9 faiz artıb, neft sektorunda isə 7,1 faiz azalıb.
Başqa bir hesabata görə, 2017-ci ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinə 5 milyard 671,7 milyon manat və ya əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 3,2 faiz az vəsait yönəldilib. Vəsaitin 3 milyard 663,5 milyon manatı neft sektoruna, 2 milyard 8,2 milyon manatı isə qeyri-neft sektoruna yönəldilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 37,3 faizinə bərabər olub.
Nəqliyyat sektoruna gəlincə, 2017-ci ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yük daşınmasının 2,1 faiz, sərnişin daşınmasının 2,5 faiz artdığı vurğulanır.
Dövlət Statistika Komitəsinin başqa bir hesabatına görə, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-may aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 4,9 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,3 faizi qeyri-dövlət sektorunun payına düşüb.