Azərbaycan ATƏT elçilərinə cavab verdi

115 0

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Riçard Hoqland (ABŞ) birgə bəyanat yayaraq Azərbaycanı cəbhə bölgəsində atəşkəsi pozmaqda günahlandırıblar.

Novator.az-ın məlumatına görə, bəyanatda deyilir ki, mayın 15-də Azərbaycan Silahlı Qüvvələri təmas xəttində hərbi texnikanı raketlə vurub, mayın 16-sı və 17-də erməni silahlı qüvvələri buna minaatanlarla cavab verib. Həmsədrlər qeyd edirlər ki, hər iki tərəfin addımı atəşkəs rejiminin ciddi şəkildə pozulmasıdır və həyəcan doğurur.

Azərbaycanın Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən, Ermənistana məxsus “OSA” zenit-raket kompleksi mayın 15-i cəbhənin Füzuli-Xocavənd istiqamətində müdafiənin ön xəttində yeni mövqeyə çıxarılıb, hava məkanını nəzarətə götürməyə cəhd göstərilib: “Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın “OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb”.

Mayın 19-da Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatını şərh edib. Hacıyev Azərbaycanın Laçın rayonunun işğalının 25-ci ildönümü vaxtı Minsk qrupunun həmsədrlərinin yalnız atəşkəs haqqında verdiyi standart bəyanatın simptomatik xarakter daşıdığını söyləyib: “Azərbaycanın işğal olunmuş digər rayonlarının əhalisi kimi 80 minə yaxın Laçın sakini 25 ildir qaçqın və məcburi köçkün vəziyyətində yaşadığı halda rayonun işğalının 25-ci ildönümü günü bəyanatla çıxış edən Minsk qrupunun həmsədrlərinin bu haqda heç nə deməməsi ədalətsiz və qeyri-obyektiv yanaşmadır.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycanın suveren ərazilərində fəaliyyət göstərir və Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərinin işğalı fonunda ölkəmizin müdafiəsini və mülki əhalinin təhlükəsizliyini təmin edir.

Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükəni və Azərbaycanın hava məkanının dərinliklərinə nəzarət etmək cəhdinin qarşısını almaq üçün mayın 15-də provokativ şəkildə müdafiənin ön xəttinə çıxarılmış “OSA” zenit-raket kompleksi legitim hərbi hədəf olaraq məhv edilib.

Təəssüflər olsun ki, atəşkəsin pozulmasından narahatlıq ifadə edən ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnika və şəxsi heyətin Azərbaycanın suveren ərazilərində qeyri-qanuni mövcud olması faktına yenə də göz yumulur.

Həmçinin həmsədrlərin bəyanatında Ermənistan Silahlı Qüvvələrinin cəbhənin Ağdam və Tərtər istiqamətləri boyunca sıx yaşayan mülki əhalini və mülki obyektləri mayın 16-17-də minaatanlardan və digər silahlardan intensiv atəşə tutması və sonra video yayaraq bunu rəsmən etiraf etməsi barədə heç nə deyilmir.

Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu cəbhədə gərginliyin yaranmasının və atəşkəsin pozulmasının əsas səbəbidir. Bu, hər kəsə çox yaxşı məlumdur.

Odur ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ilk növbədə elə özlərinin hazırladığı yenilənmiş Madrid prinsiplərini rəhbər tutaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməli və ATƏT-in Budapeşt sammitinin qərarına uyğun olaraq münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında siyasi yolla həlli üçün intensiv substantiv danışıqların davam etdirilməsinə çağırış etməli idilər”.

1988-ci ildə Azərbaycana hərbi təcavüzə başlayan Ermənistan Dağlıq Qarabağ bölgəsini və daha 7 rayonu işğal edib. 1994-cü ildə elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id