Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər edən təcavüzkar Ermənistan dövlətinin başçısı Serj Sərkisyan mayın 8-i Şuşada bir qrup müddətli hərbi qulluqçu və ordudan 2017-ci ildə tərxis olunmuş şəxslərlə görüşüb. Novator.az-ın məlumatına görə, görüşdə Ermənistan prezidenti Şuşanın ələ keçirilməsindən də söz açıb: “Bu gün hamımız üçün əlamətdar gündür. Çox əlamətdar gün! 25 il əvvəl bu gün olmasaydı, indi nəinki burada otura bilməzdik, hətta bəlkə Arsaxı itirmişdik. Şuşanın alınması bizə bütün qüvvələrimizi cəmləyib ordu xalqa çevrilmək, Qarabağı tam götürüb əhalinin təhlükəsizliyini təmin etmək imkanı verdi”.
Ermənistan prezidentinin Dağlıq Qarabağa səfəri mayın 7-də başlayıb. Mayın 8-i Şuşaya getməzdən öncə Serj Sərkisyan Xankəndidə müddətli hərbi xidmət keçənlərin təhsil proqramının aparıldığı Kreativ Texnologiyalar Mərkəzinə baş çəkib, axşam isə Xankəndinin Mədəniyyət və Gənclər Sarayında keçirilən bayram mərasiminə qatılıb.
18-ci əsrin 50-ci illərində salınmış Şuşa əvvəl Qarabağ xanlığının paytaxtı, xanlıq ləğv ediləndən (1822-ci il) sonra Qarabağ əyalətinin (daha sonra Şuşa qəzasının) baş şəhəri, 1923-cü ildən isə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində rayon mərkəzi olub.
1988-ci ildə ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibinə verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. Bu hərəkat getdikcə vüsət alaraq Ermənistanın Azərbaycana açıq hərbi təcavüzünə çevrilib.
1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb, bölgə hissə-hissə ermənilərin əlinə keçib.
1992-ci il mayın 8-nə keçən gecə Dağlıq Qarabağda azərbaycanlıların əsas dayaq nöqtəsi olan Şuşaya hücum edən erməni birləşmələri mayın 9-da şəhəri ələ keçirib. Bununla da Dağlıq Qarabağın işğalı başa çatıb.
Hazırda ermənilər Dağlıq Qarabağ ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını da işğal altında saxlayır.
Bu il fevralın 20-də işğal altındakı Azərbaycan ərazilərində keçirilmiş qanunsuz “konstitusiya referendumu”nda Dağlıq Qarabağ bölgəsinin adı dəyişdirilib, separatçı rejim “Arsax Respublikası” adını əsas ad seçib.
2008-ci ildən prezident postunu tutan Serj Sərkisyan 26-cı dəfədir Dağlıq Qarabağa qanunsuz səfər edir. 1954-cü ildə Xankəndidə doğulan Serj Sərkisyan Yerevanda ali təhsil alıb. Uzun illər Dağlıq Qarabağın komsomol və partiya orqanlarında rəhbər vəzifələrdə çalışıb.
O, işğalçı müharibənin qaniçən liderlərindən biridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, 1993-cü ildən Ermənistanın müdafiə naziri olub.
1995-2008-ci illərdə Serj Sərkisyan Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi (sonradan milli təhlükəsizlik naziri), daxili işlər və milli təhlükəsizlik naziri (sonradan yenə milli təhlükəsizlik naziri), Prezident Aparatının rəhbəri, Milli Təhlükəsizlik Şurasının katibi (eyni zamanda müdafiə naziri), baş nazir kürsülərini tutub.