Zibildən sənət əsəri: tullantılar “ikinci həyat”ını muzeydə yaşayır
Paytaxtda sakinlərin zibil yeşiklərinə atdığı tullantılardan təkrar istehsal üçün xammal kimi istifadə olunur və onun yandırılması nəticəsində elektrik enerjisi əldə edilir. Qala qəsəbəsindəki “Tullantıdan sənətə” muzeyi isə ondan hətta sənət əsərləri yaratmağın mümkünlüyünü göstərir. İki ildir fəaliyyət göstərən muzeydə 30-dan çox ölkədən 120-dən artıq sənət əsəri nümayiş olunur və ziyarətçilər tullantılardan hazırlanan müxtəlif əsərlərlə tanış olurlar.
“Təmiz Şəhər” ASC-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elmar Məlikovun AZƏRTAC-ın müxbirinə verdiyi məlumata görə, hələ yeddi il bundan əvvəl Qala qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə qurumun “Təmiz Qala” adlı pilot layihəsi çərçivəsində “Tullantıdan sənətə” sərgisi təşkil edilirdi. Həmin layihəyə olan böyük maraq eyniadlı muzeyin yaranmasına səbəb olub.
2012-ci ildən etibarən isə muzeydə beynəlxalq sərgi təşkil edilir. Sonuncu sərgi ötən ilin oktyabrında Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, “IDEA” İctimai Birliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə keçirilib. Məişət tullantıları və lazımsız əşyalardan istifadə edilməklə hazırlanmış sənət əsərlərinin təqdim edildiyi sərgidə 8 ölkədən 25 incəsənət nümayəndəsinin əl işləri nümayiş olunub. Sərginin keçirildiyi 5 ildə “Tullantıdan sənətə” sərgisində 30 ölkədən 80-dən çox sənət adamı iştirak edib.
Sərginin əsas məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, onları bəzən lazımsız hesab etdikləri əşyaları düşünmədən zibil qutularına atmaqdan çəkindirməkdir. Burada yararsız hesab edilərək atılmış əşyalar, tullantı materialları sənətkarların əllərində “ikinci həyat” tapır.
Muzeyin 360 dərəcəlik virtual videosu çəkilib və onun yaxın günlərdə keçiriləcək təqdimatından sonra istifadəçilər virtual olaraq muzeyə səyahət edə biləcəklər.