Şuşa qalasının salınması 1750-ci ildə başlanıb və 1756-1757-ci illərədək çəkib. Pənahəli xan Şuşanı özünə paytaxt edib möhkəmləndirmiş, qala-şəhərə çevirmişdi. Şəhər bir müddət xanın şərəfinə Pənahabad, sonradan Şuşa qalası və Şuşa adlandırılıb.
1751-ci ildən sonrakı siyasi hadisələrdə həmişə Şuşa şəhərinin adı çəkilir. Şuşa qalası əsası qoyulduğu gündən bir çox hücumlara sinə gərib, qanlı döyüşlərin şahidi olub. “Qarabağnamə” müəllifləri göstərirlər ki, XVIII əsrin 50-ci illərində Pənahəli xan Şuşa qalasının möhkəmləndirilməsi ilə məşğul olarkən 1751-ci ildə İran şahı Məhəmməd Həsən xan Qacarın qoşunu Qarabağa hücum edib və şəhəri bir aya qədər mühasirədə saxlayıb. Lakin qalanın möhkəm istehkamları İran şahını mühasirədən əl çəkib geri qayıtmağa məcbur edib.
Bir neçə il sonra, 1758-ci ildə Urmiya hakimi Fətəli xan Əfşar böyük ordu ilə Qarabağ xanlığı üzərinə hücuma keçmiş, 6 ay Şuşa qalasını mühasirədə saxlamış, ancaq ala bilməmişdi.
Yaxın Şərqə, Türküstana və Avropaya gedən karvan yolları ayrıcında yerləşən Şuşa XVIII əsrin ikinci yarısında yunu, xalçası, ipəyi, dərisi, parçası və çini qabları ilə dünya bazarları miqyasına çıxmış, istehsal etdiyi sənaye və kənd təsərrüfatı məhsullarını Tehran, Təbriz, İstanbul, Bağdad, Səmərqənd, Moskva, Həştərxan kimi böyük şəhərlərdə sataraq regionda kifayət qədər tanınmış və bununla da böyük şöhrət qazanmışdı.
Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olub. XVIII əsrin ikinci yarısından başlayaraq şəhərin əhalisi sürətlə çoxalıb və Şuşa Azərbaycanın mühüm şəhərlərindən birinə çevrilib.
Pənahəli xanın ölümündən sonra İbrahimxəlil xanın (1763-1806-cı illər) dövründə Qarabağ xanlığı daha da gücləndi. Xanlığın ərazisində Əsgəran, Ağoğlan qalaları, Şuşa qalasının hasarı və başqa strateji əhəmiyyətli qalalar tikildi. Şəhər qısa müddət ərzində xeyli böyüdü, təbii gözəlliyi, hündür binaları və möhtəşəm qala divarları ilə diqqəti cəlb etdi.
XVIII əsrin 80-ci illərində şəhərin dövrəsinə möhtəşəm qala divarları çəkildi. Bu dövrdə şəhərdə çoxsaylı sənətkar məhəllələri yaranır, ticarət daha sürətlə inkişaf edirdi. Şuşalı tacirlər Təbriz, Tehran, İsfahan, Moskva və başqa şəhərlərlə ticarət əlaqələri saxlayırdı. Şəhərdə “Pənahabadi” adlı gümüş sikkələr zərb edilirdi.
XIX əsrin birinci yarısında şəhər əhalisinin sayı ətraf regionlardan ora gələn peşə sahibləri, alim və sənətkarların hesabına 20 minə çatmışdı. 1809-cu ilin məlumatına görə, o dövrdə Şuşada 1500 toxucu dəzgahı fəaliyyət göstərirdi. Bu da ən azı 1500 sənətkar demək idi. Tarixi mənbələrdə XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Şuşada çoxlu sayda manufakturanın və 2 mindən çox sənətkarın fəaliyyət göstərdiyi bildirilir.
Şəhərdə 17 məhəllə, onların hər birinin məscidi, bulağı və hamamı vardı.
Şuşada Bazarbaşı deyilən yerdən Şeytanbazara qədər uzanan üstüörtülü ticarət mərkəzi və şəhərin əsas küçəsi Rastabazar adlandırdı. Rastabazarın sıra ilə düzülən və daşları bir-birinə qurğuşunla bərkidilən sütunlardan, tağlardan ibarət olan və qalereyanı xatırladan səkiləri başdan-başa örtülü olduğundan bütün fəsillərdə quru və təmiz qalırdı. Küçənin ortası ilə nəqliyyat vasitələri hərəkət edirdi. Orta əsr Şərq üslubunda zövqlə tikilən bu bazar həm də şəhərə xüsusi yaraşıq verirdi.
Şuşanın ticarət mərkəzinin bənzərsiz görkəmi onun magistralına bitişik iri bazar meydanı ilə tamamlanırdı. Şəhərin Meydan deyilən əsas meydanı Rastabazar küçəsi boyunca tikilmiş ibadətgah və ticarət təyinatlı tikililərdən, birmərtəbəli dükanlardan, ikimərtəbəli karvansaradan və qoşa minarəli yaraşıqlı cümə məscidindən ibarət idi.
XX əsrin əvvəllərində şəhərdə 1464 dükan qeydə alınmış, bunların da bazarlarla birlikdə illik ticarət dövriyyəsi 6 milyon rubla çatmışdı.
1805-ci il mayın 14-də Rusiya ilə Qarabağ xanlığı arasında bağlanmış Kürəkçay müqaviləsinə (“Andlı öhdəlik”) görə, Şuşa qalasında rus qoşun dəstələri yerləşdirildikdən sonra, 1822-ci ildə Qarabağ xanlığı ləğv edilib əvəzində eyni adlı əyalət yaradıldı. 1840-cı il islahatı ilə Qarabağ əyaləti yerində yaradılmış və Kaspi (Xəzər) vilayətinə daxil edilən Şuşa qəzası 1868-ci ildən Yelizavetpol (Gəncə) quberniyasına verildi. Bu vəziyyət 1920-ci ildə Azərbaycan sovetləşənə qədər davam etdi.
1917-ci ildə, müvəqqəti hökumət vaxtında Şuşa qəzası Xüsusi Zaqafqaziya komitəsinə tabe olan Yelizavetpol quberniyasına, 1918-1920-ci illərdə isə Azərbaycan Xalq Cümhuriyyəti tərkibində Gəncə quberniyasına daxil olub.
Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan ermənilərə 1923-cü il iyunun 7-də muxtar vilayət statusu verildi, bu da məhz sovet Rusiyasının himayədarlığı və bilavasitə iştirakı ilə həyata keçirildi. DQMV-nin yaradılması ermənilərin Dağlıq Qarabağa dair gələcək ərazi iddiaları üçün bir vasitə oldu. Vilayət yaradılarkən Azərbaycanın inzibati ərazi bölgüsü kobudcasına pozuldu. 1923-cü ildə qəbul edilən bir qərarla Şuşa, Cavanşir və Qubadlı qəzalarının əraziləri bölünüb DQMV yaradıldı. DQMV yaradılan gündən Azərbaycanın iqtisadi potensialı Xankəndinin inkişafına yönəldildi. 10-15 evdən ibarət Xankəndi tarixi şəhər olan Şuşanı geridə qoyub böyük iqtisadi gücə malik qurumun mərkəzi olan Stepanakertə çevrildi. Vilayətin tərkibinə daxil olan Şuşa şəhəri bir çox məsələlərdə Xankəndindən asılı vəziyyətə salındı. Ağdam-Şuşa magistral avtomobil yolu Əsgəran və Xankəndindəki erməni evlərinin əhatəsinə düşdü.
XX əsrin 80-ci illərinin sonunda SSRİ hökuməti, xüsusilə onun başında duranların qətiyyətsizliyi və ermənilərə himayədarlıq etməsi üzündən Ermənistan Azərbaycan ərazilərinə hərbi qüvvə göndərərək açıq təcavüzə başladı.
…Xocalı erməni-rus birləşmiş qüvvələrinin hücumu ilə ələ keçirildikdən sonra aydın idi ki, növbəti hücum Şuşaya olacaq. Martın sonu, aprelin əvvələrindən başlayaraq Şuşa yaxınlığında ermənilərin zirehli texnikası, saysız-hesabsız canlı qüvvəsi toplanırdı. Ermənilər aprelin 29-da Şuşa ətrafında Hacı talası və Daşaşıran adlanan ərazilərə güclü hücuma keçdilər. May ayının 7-dən 8-nə keçən gecə Şuşa dörd tərəfdən “Qrad”, “Kristal” tipli raketlər, top, tank, PDM, pulemyot və avtomatlarla güclü atəşə tutulduqdan sonra ermənilər Xankəndi, Şuşikənd və Kərkicahan istiqamətlərindən piyadalarla hücuma keçdilər. Şəhər ayın 8-i axşama qədər müdafiə olunsa da, tank və zirehli maşınların köməyi ilə ermənilər əvvəl Şuşanı, sonra isə Kosalar və Şırlan kəndlərini ələ keçirdilər.
Qarabağın dağlıq hissəsində yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin bölmələri digər erməni terrorçu dəstələri ilə birlikdə Azərbaycan ərazisində növbəti cinayət törədərək Yuxarı Qarabağda azərbaycanlıların sonuncu dayağı olan Şuşa şəhərini işğal etdilər. Şuşanın belə qısa müddətdə süqut etməsinin əsas səbəbi şəhərin müdafiə qabiliyyətinin zəif olması idi. Ermənilərin öz məlumatlarına görə Şuşaya hücumda 100-ə qədər zirehli maşın və tank, 11 min nəfər canlı qüvvə iştirak etmişdi. Ermənilər tərəfində xaricdən gətirilmiş muzdlular da döyüşürdülər.
Nəticədə 289 kvadrat kilometr ərazisi, 24 min nəfər əhalisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa rayonu işğal edildi. Şuşa uğrunda döyüşlərdə 195 nəfər şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər isə itkin düşdü. Əsir götürülmüş və Şuşa həbsxanasında saxlanan 114 nəfər azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirildi.
Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Şuşada 25 məktəb, 31 kitabxana, 20 səhiyyə müəssisəsi, 17 klub, 8 mədəniyyət evi, 4 texnikum, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatr, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq Musiqi Alətləri Fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi talan edilib, yandırılıb və dağıdılıb. Memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə də dağıdılıb, məbədgah və məscidlər təhqirlərə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib.
Elçin Əhmədov
Siyasi elmlər doktoru, Dövlət İdarəçilik Akademiyasının professoru