Türkiyənin Ali Seçki Qurumu konstitusiya dəyişiklikləri referendumunun nəticələrini təsdiqləyib. Novator.az-ın məlumatına görə, aprelin 27-də çıxarılan yekun qərarda qeyd olunur ki, 25 milyon 157 min 463 seçici (51,41%) ana qanunda dəyişikliklərə “hə”, 23 milyon 779 min 141 seçici (48,59%) “yox” deyib.
16 aprel referendumuna 58 milyon 291 min 898 seçicidən 49 milyon 798 min 855-i qatılıb. Səslərin 48 milyon 936 min 604-ü etibarlı sayılıb.
Beləliklə, ana qanunda 18 maddəlik dəyişiklik rəsmiləşib. Dərhal qüvvəyə minən konstitusiya yeniliyinə əsasən, prezident partiya üzvü olmaq və bəzi təyinatlar aparmaq hüququ alır. 2019-cu il noyabrın 3-də keçiriləcək prezident və parlament seçkilərindən sonra isə ölkənin idarə üsulu dəyişəcək: Nazirlər Kabineti, baş nazir postu ləğv ediləcək, prezident hökumət başçısı olub kabineti parlamentin hər hansı müdaxiləsi olmadan formalaşdıracaq. Hazırda parlament seçkisinin nəticəsinə əsasən formalaşan hökumət bu qurum qarşısında hesabatlıdır.
Müxalifətin bir hissəsi hakimiyyəti referendumun nəticələrini saxtalaşdırmaqda ittiham edir. Qeyd olunur ki, seçki qanunu üstündə komissiyaların möhürü olmayan zərfləri və bülletenləri etibarsız sayır, ancaq Ali Seçki Qurumu referendum günü belə zərf və bülletenlərin etibarlı hesab olunmasına qərar verib.
Aprelin 19-da Ali Seçki Qurumu Cümhuriyyət Xalq Partiyası, Xalqların Demokratik Partiyası və Vətən Partiyasının 16 aprel referendumunun nəticələrinin ləğvi tələbli müraciətlərinə rədd cavabı verib. Aprelin 25-də isə inzibati işlərə baxan məhkəmənin (Danıştay) 10-cu dairəsi Cümhuriyyət Xalq Partiyasının Ali Seçki Qurumunun 19 aprel qərarından şikayətini təmin etməyib.
Ana qanunu dəyişdirmək hakim Ədalət və İnkişaf Partiyasının təşəbbüsü olub. Bu partiya 2002-ci ildən bəri təkbaşına hakimiyyətdədir. Partiyanın qurucu lideri Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən 2014-cü ilədək baş nazir olub. 28 avqust 2014-cü ildən prezidentdir. Prezident idarə üsuluna keçid Rəcəb Teyyub Ərdoğanın böyük səlahiyyətlərlə 2029-cu ilədək prezident kürsüsündə qalmasını mümkün edir.
1954-cü ildə İstanbulda doğulan Rəcəb Teyyub Ərdoğan siyasətlə 1976-cı ildən məşğuldur. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub. 1994-1998-ci illərdə İstanbul bələdiyyəsinin başçısı postunu tutub. 1999-cu ildə həbsdə yatıb. Ədalət və İnkişaf Partiyasını 2001-ci il avqustun 14-də yaradıb.