Bu il Azərbaycanda yeni özəl və ictimai çimərliklər istifadəyə veriləcək. Novator.az bildirir ki, Mədəniyyət və Turizm Nazirliyi aprelin 27-də belə məlumat yayıb. Rəsmi açıqlamada qeyd olunur ki, “Çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün tədbirlər planı”nın icrası çərçivəsində Bakıda 6 özəl, 6 ictimai, Xaçmazda 2 özəl, 2 ictimai, Lənkəranda 2 özəl, 1 ictimai, Astarada 1 özəl, 1 ictimai çimərliyin yaradılması planlaşdırılır.
Çimərlik turizminin inkişaf etdirilməsi istiqamətində müzakirələr Ekologiya və Təbii Sərvətlər, Ədliyyə, Səhiyyə, Fövqəladə Hallar nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti, Əmlak Məsələləri, Dövlət Şəhərsalma və Arxitektura, Standartlaşdırma, Metrologiya və Patent üzrə komitələr, “Azərsu”, “Azərenerji”, “Azəravtoyol” ASC-lərin nümayəndələri ilə birgə aparılır.
Nazirlik ölkədəki bəzi çimərliklərin standartlara cavab vermədiyini, aşağı səviyyədə xidmət göstərdiyini, eyni zamanda təhlükəsizlik tədbirlərinə yetərincə əməl olunmadığını bildirir.
Rəsmi məlumatda o da bildirilir ki, çimərlik turizmi ilə bağlı müvafiq standart hazırlanaraq təsdiq üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edilib.
Bu ilin martında prezident İlham Əliyev ölkədə çimərlik turizminin inkişafına dair tədbirlər planını təsdiq edib. 2017-2020-ci illər üçün nəzərdə tutulan plan Xəzər dənizinin Azərbaycana mənsub bölməsindən turizm məqsədləri üçün daha səmərəli istifadəni təmin etmək məqsədi daşıyır.
Tədbirlər planının icrasını əlaqələndirmək Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb. Planda çimərliklərə dair hüquqi bazanın təkmilləşdirilməsi, çimərliklərdə infrastrukturun yaradılması və təkmilləşdirilməsi, çimərlik operatorlarının fəaliyyətinin tənzimlənməsi, təhlükəsizlik, ətraf mühiti mühafizə tədbirləri, çimərliklərə dair informasiya bazasının yaradılması və çimərlik turizminin təşviqi ilə bağlı görüləcək işlər öz əksini tapıb.