“Azərbaycan xalqı böyük bir sərvətin sahibi idi, ancaq özü bu sərvətdən istifadə edə bilmirdi”. Prezident İlham Əliyev aprelin 26-sı SOCAR-ın Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olarkən belə deyib.
Tarixi arayışa görə, 1846-cı ilin yanvarında Bibiheybət yatağında iki quyunun qazılmasına başlanıb. Quyulardan biri 21 metr dərinlikdən neft verib və bununla da dünyada sənaye üsulu ilə neft hasilatının əsası qoyulub.
Novator.az-ın məlumatına görə, dövlət başçısı neftçilərlə söhbət edərkən bildirilib ki, bu il Azərbaycanda hasilat 2 milyard tona çatacaq. İlham Əliyev bunun çox yaxşı hadisə olacağını vurğulayıb: “Neftin vətəni Azərbaycandır, neft sənayesi bax buradan başlanıb. Bu gün, artıq 200 ilə yaxın vaxt keçəndən sonra da Azərbaycan dünyada neft ölkəsi, qaz ölkəsi kimi öz sözünü deyir. Bu gün bizim neftimiz xalqımıza məxsusdur. O vaxt biz çar Rusiyasının tərkibində idik və buradan çıxarılan təbii ehtiyatlar xalqımızın güzəranına o qədər də təsir etmirdi. Kasıbçılıq, səfalət idi. Azərbaycan xalqı böyük bir sərvətin sahibi idi, ancaq özü bu sərvətdən istifadə edə bilmirdi.
Sovet dövründə də Azərbaycan neft respublikası kimi özünü göstərib. İkinci Dünya müharibəsi dövründə Azərbaycan neftçilərinin əməyi olmasaydı, müharibənin nəticələri tam başqa cür ola bilərdi. Azərbaycan neftçiləri faşizm üzərində qələbədə həlledici rol oynayıblar.
Biz bu il 2 milyard ton neftin hasil olunmasını qeyd edəcəyik. Təsəvvür edin, əgər Azərbaycan müstəqil ölkə olsaydı, indi dünyanın ən zəngin ölkələrindən biri olacaqdı.
Bu gün bizim neftimiz xalqımıza xidmət edir, dövlətimizi gücləndirir. Bax bütün bu ərazi hələ də neft buruqları ilə doludur və birinci quyu da burada qazılıb. Bu ərazinin fotoşəkilləri, videogörüntüləri var. Onlar yaxın tarixin görüntüləridir. Bura ekoloji fəlakət zonası idi. Hər tərəfdə neft gölməçələri, köhnə buruqlar var idi, ərazi neftlə çirklənmişdi. İndi bu ərazi şəhərimizin ən abad yerlərindən birinə çevrilib. Yəni biz neftdən gələn gəliri ölkəmizin inkişafına yönəltdik, insan kapitalına, infrastruktur layihələrinə qoyduq və bu gün neft Azərbaycan xalqının inkişafını təmin edir. Bax müstəqillik budur və 25 il müstəqil dövlət kimi yaşayan Azərbaycan bu gün ayaqda möhkəm dayanır.
Neft bizim təbii sərvətimizdir, xalqımızın böyük sərvətidir, biz də ondan istifadə edib ölkəmizi inkişaf etdiririk. Əlbəttə, neftçilərin də burada əməyi xüsusi qiymətə layiqdir. Mən həmişə neftçilərin əməyini, onların cəsarətini qiymətləndirirəm. Onlar ağır şəraitdə çalışırlar, ölkəmizin inkişafı üçün işləyirlər. Çalışırlar ki, öz əməyi ilə ölkəmizi gücləndirsinlər”.