Hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova qarşı ötən ilin yayında başlanmış cinayət işi üzrə Qaradağ Rayon Məhkəməsində keçirilən məhkəmə prosesi yekunlaşıb.
Novator.az-ın məlumatına görə, Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Beləliklə, 2005-ci ildə tutulmuş sabiq nazirin həbsi 2023-cü ilədək uzadılıb.
Qərar aprelin 26-da hakim Rəşad Mustafayevin sədrliyi ilə çıxarılıb.
Dövlət ittihamçısı sabiq nazirə 8 il 9 gün həbs verilməsini təklif etmişdi.
70 yaşlı Əli İnsanov tibb elmləri doktorudur. Səhiyyə naziri postunu 1993-2005-ci illərdə tutub.
2005-ci ilin oktyabr ayında dövlət çevrilişinə cəhd ittihamı ilə tutulan Əli İnsanov sonra iqtisadi cinayətlər ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.
2016-cı il avqustun 24-də Qaradağ Rayon Prokurorluğu Əli İnsanova Cinayət Məcəlləsinin üç maddəsi ilə yeni işi qaldırıb. O, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamada; hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmədə, cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşyaların saxlanmasında ittiham olunub.
Yeni cinayət işinin istintaqı ilə əlaqədar Əli İnsanov 13 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb. Qaradağ Rayon Məhkəməsi 2016-cı il oktyabrın 11-də Əli İnsanov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçib, sonradan bu müddət bir neçə dəfə uzadılıb.
Əli İnsanovun təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərara görə, o, 2016-cı il avqustun 23-də xidməti vəzifəsini yerinə yetirən ədliyyə mayoru Anar Məmmədova zor tətbiq edib. Bəyan olunub ki, avqustun 23-də 13 saylı Cəzaçəkmə Müəssisəsində rejim qaydalarına baxış tədbirləri keçirilərkən Əli İnsanovda psixotrop maddə hesab edilən həblər, cəzaçəkmə müəssisələrində qadağan olunmuş güclü təsiredici dərman vasitəsi aşkar olunub, Penitensiar Xidmətin əməkdaşları protokol tərtib edərkən Əli İnsanov onlara mane olmağa cəhd göstərərək protokolu cırıb, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq edib və sağlamlığı üçün təhlükəli xəsarətlər yetirib.
Əli İnsanov ittihamları qəbul etmir, bunu siyasi sifariş sayır.