Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda Amerika Ticarət Palatasının nümayəndələri ilə görüşüb. Nazirliyin aprelin 26-da yayılan rəsmi məlumatına görə, yerli və xarici şirkətlərin, biznes qurumlarının təmsilçilərinin iştirakı ilə keçirilən görüşdə çıxış edən Müslümov deyib ki, əmək bazarı qlobal iqtisadi böhranın təsirlərinə daha tez məruz qalan sahələrdən biridir: “Bununla əlaqədar son vaxtlar dünyada baş verən proseslərə adekvat olaraq əmək bazarında sabitliyin təmin edilməsi üçün qısamüddətli effekt verən təlim, işaxtaranlara kömək və dövlət məşğulluğu tədbirləri, həm də uzunmüddətli səmərə üçün biznesə güzəştlərin verilməsi, dövlət köməyi kimi tədbirlərdən istifadə olunub. Məşğulluq sahəsində cənab prezidentin irəli sürdüyü sosial məsuliyyətin bölgüsü prinsipi çərçivəsində dövlət şirkətləri ilə birgə, yəni onlardan təqdim olunan vakansiyalar əsasında aktiv məşğuluq tədbirləri cari ildə də davam etdirilib. Bu ilin ilk rübündə 17,9 min işçi ilə əmək müqaviləsinin müddəti uzadılmaqla 23,5 min işçi ilə işaxtaran arasında yeni əmək müqaviləsi bağlanıb.
Beləliklə, bu müddətdə sosial məsuliyyətin bölüşdürülməsi çərçivəsində 41,4 min nəfər işaxtaranın məşğulluğu təmin olunub. Bu çərçivədən kənar təqdim edilən vakansiyalar da nəzərə alınmaqla 2017-cı ilin birinci rübündə nazirliyin məşğulluq orqanları 26,7 min nəfərin işlə təminatını həyata keçirib. Həmçinin 1226 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib, əmək bazarının tələblərinə uyğun düzgün peşə seçiminə dəstək məqsədilə 32,1 min nəfər gəncə peşəyönümü məsləhətləri verilib”.
Nazir özünüməşğulluq proqramı çərçivəsində aparılan işləri də diqqətə çatdırıb, proqram çərçivəsində verilmiş aktivlər hesabına cari ilin 1 aprelinə ölkədə 400-dək yeni ailə təsərrüfatının yaradıldığını, hazırda prosesin davam etdirildiyini deyib.
Müslümov sosial təminat sistemində əhatəliliyin və səmərəliliyin yüksəldilməsinin, ünvanlılığın və şəffaflığın təmin olunmasının əsas vəzifələr olduğunu vurğulayıb: “Ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 319 min nəfər əmək pensiyası, 466,4 min nəfər müxtəlif növ müavinətlər, 130,8 min ailənin 546 min nəfər üzvü isə ünvanlı sosial yardım alır. Həmin insanlara nazirliyin yerli orqanları vasitəsilə hər ay 316,3 milyon manat vəsait ödənilir. Dünya Bankı qiymətləndirmələr apararkən ölkəmizdəki sosial müdafiə sisteminin geniş əhatəliliyə malik olduğu, yoxsulluğun azaldılmasında mühüm rol oynadığı, yoxsul sayıla biləcək əhalinin 90,1 faizini əhatə etdiyi müəyyən olunub”.