“Avropa Şurası Parlament Assambleyasının qərarı tamamilə siyasi mahiyyət daşıyır. Biz belə bir qərarı tanımırıq. İstədikləri qədər belə qərar qəbul edə bilərlər”. Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan “Reuters” agentliyinə müsahibəsində belə deyib.
Aprelin 25-də AŞPA Türkiyədə demokratik təsisatların fəaliyyətini müzakirə edib və çıxarılan qətnamə ilə ölkə monitorinq mərhələsinə qaytarılıb. Türkiyə 13 il əvvəl monitorinq prosesindən çıxarılmışdı və yenidən monitorinq altına alınan ilk ölkə olub.
Qətnamənin qəbuluna Türkiyədə aprelin 16-da keçirilmiş konstitusiya referendumu təkan verib. Referendumun ilkin rəsmi nəticələrinə görə, seçicilərin 51,41 faizi ana qanunda 18 maddəlik dəyişiklik təklifinin lehinə səs verib, 48,59 faizi bunun əleyhinə çıxıb. Konstitusiya yeniliyinə əsasən, dövlət başçısı partiya üzvü olmaq hüququ alır. 2019-cu ildən isə ölkə prezident idarə üsuluna keçir: Nazirlər Kabineti, baş nazir postu ləğv edilir, prezident həm də hökumət başçısı olur, parlamentin səlahiyyətləri əsasən qanunvericilik işi ilə məhdudlaşır.
Türkiyə müxalifəti hakimiyyəti referendumun nəticələrini saxtalaşdırmaqda ittiham edir. Qeyd olunur ki, seçki qanunu üstündə komissiyaların möhürü olmayan zərfləri və bülletenləri etibarsız sayır, ancaq Ali Seçki Qurumu referendum günü belə zərf və bülletenlərin etibarlı hesab olunmasına qərar verib.
AZƏRTAC-ın məlumatına görə, AŞPA-nın 25 aprel qərarına münasibət bildirən Rəcəb Teyyub Ərdoğan deyib: “Avropa İttifaqı 54 ildir Türkiyə ilə bağlı verdiyi sözlərin heç birini yerinə yetirməyib, səmimi hərəkət etməyib. Suriyadan, İraqdan 3 milyonadək insanı ölkəmizə qəbul etdik. Həmin insanlar haradan qaçırdılar?! Bombalardan qaçırdılar. Biz bunları hazırda ölkəmizdə qonaq qəbul edirik. Bəs Avropa İttifaqı bütün bunlarla əlaqədar bizə nə söz verdi? Avropa İttifaqı dedi ki, 2016-cı ilin iyulunda sizə 3 milyard avro verəcəyik. Verdimi? Xeyr. Hətta həmin il yenə 3 milyard avro verəcəyini bildirdi. Ancaq indiyədək cəmi 725 milyon avro verib”.
Avropa İttifaqında hazırda dağılma prosesinin baş verdiyini vurğulayan prezident qeyd edib ki, qurum Türkiyəyə qarşı səmimi olmadığı üçün ölkə başqa çıxış yolları tapmağa məcburdur: “Biz Avropa İttifaqının qapısında niyə bu qədər vaxt itirməliyik? Avropa İttifaqı özünə gəlməlidir. Çünki Avropa İttifaqında hazırda dağılma prosesi baş verir. Bir-iki ölkə Avropa İttifaqını saxlaya bilməz. Onlar bunu bilməlidirlər. Türkiyə kimi səmimi, fərqli dini inancı təmsil edən ölkənin orada olması onların gücünü daha da artıra bilərdi. Lakin onlar hələ də bunun fərqində deyillər. Çünki Avropa İttifaqının üzvləri arasında müsəlman ölkəsi yoxdur. Bu ölkə Türkiyə ola bilərdi, lakin onlar bunu 54 il ərzində qəbul edə bilmədilər. Bütün bunlar yavaş-yavaş ortaya çıxır. Ona görə də biz hazırda gözləməkdəyik. Hər an hər şey ola bilər”.
Novator.az xatırladır ki, ötən il noyabrın 24-də Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına üzvlük müzakirələrini dondurmağa çağıran qətnamə qəbul edib. Bu addım Türkiyədə insan hüquqlarının sistemli şəkildə pozulması ilə əsaslandırılıb.
Türkiyə Avropa İttifaqı ilə 1963-cü ildən əməkdaşlıq edir. 1987-ci ildə Türkiyə qurumun üzvlüyü üçün müraciət edib, 1999-cu ildə üzvlüyə namizəd statusu alıb. 2005-ci ildən tam üzvlük üçün danışıqlar gedir.
Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən 2014-cü ilədək baş nazir olub. 2014-cü ildən prezidentdir. Prezident idarə üsuluna keçid onun 2029-cu ilədək prezident kürsüsündə qalmasını mümkün edir.