Ələskər ƏLƏSKƏRLİ
Türkiyənin Karabük Universitetinin
iqtisadi və idarəetmə fakültəsinin
beynəlxalq əlaqələr bölməsinin rəhbəri, dosent
Cənubi Qafqaz bölgəsi strateji və geosiyasi əhəmiyyətinə görə tarix boyu böyük dövlətlərin diqqətini çəkib. Bu gün Cənubi Qafqaz bölgəsi özünün zəngin enerji resursları, tarixi İpək Yolu üzərində yer alması, eyni zamanda enerji dəhlizi olması ilə əhəmiyyətini qoruyub saxlamaqdadır. Osmanlı imperatorluğu dövründən bu günə qədər Qafqaz bölgəsi həmişə Türkiyənin maraqları daxilində yer alıb. Buna görə də Türkiyə bu bölgə uğrunda gedən tarixi rəqabət və mübarizənin aktiv tərəflərindən olub. Sovet İttifaqı dövründə Qafqaz respublikaları müstəqil deyildi və Türkiyə ilə bu respublikalar arasında birbaşa siyasi, iqtisadi və hətta mədəni əlaqələr yox idi. SSRİ-nin dağılmağa başladığı andan Türkiyə də digər böyük güclər kimi özünün Cənubi Qafqaz siyasətini formalaşdırıb həyata keçirməyə başladı.
Ermənistanın tarix boyu nümayiş etdirdiyi düşmən mövqeyə və anti-türk təbliğatına baxmayaraq, Türkiyə digər Cənubi Qafqaz ölkələri kimi onunla da eyni səviyyədə diplomatik və siyasi əlaqələr qurmaq iradəsini sərgiləyib və Ermənistanın müstəqilliyini tanıyıb. Lakin Ermənistan dövləti özünün iddiaları ilə bölgədə destruktiv ünsür kimi tanınıb. Azərbaycan torpaqlarını işğal edən, Türkiyəyə qarşı ərazi iddiaları irəli sürən, Gürcüstandakı erməni azlığından təhdid kimi istifadə edən Ermənistan dörd qonşusundan üçü ilə münasibətlərini pozub, buna görə də bölgədəki bir çox əməkdaşlıq layihəsindən kənarda qalaraq özü özünü təcrid edib.
Bu proseslər nəticəsində Cənubi Qafqazda iki əməkdaşlıq formatı meydana gəlib. Bunlardan biri Rusiya-İran-Ermənistan xətti üzrə, digəri isə Türkiyə-Azərbaycan-Gürcüstan xətti üzrə formalaşıb.
Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlıq formatı çərçivəsində konkret layihələrlə enerji və nəqliyyat xətlərinin qurulması və inkişafı istiqamətində önəmli işlərə imza atılıb. Bu format regional təhlükəsizlik üzrə yeni əməkdaşlıq imkanlarının qiymətləndirilməsi baxımından da böyük əhəmiyyət daşıyır. Təəssüf ki, Türkiyə 2008-ci ildə Ermənistanla bağlı Cənubi Qafqaz siyasətində bir çox cəhətdən güzəştə getsə də, rəsmi İrəvan heç bir müsbət addım atmadı, əksinə, erməni hakimiyyəti inadçı və işğalçı siyasətini davam etdirdi, bunun təsiri ilə Azərbaycan və Türkiyə arasındakı münasibətlərdə də müəyyən soyuqluq yarandı.
Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı əməkdaşlıq formatı üç ölkənin xarici işlər nazirlərinin iştirakı ilə 2012-ci ilin iyun ayında Trabzon Bəyannaməsinin imzalanmasıyla yeni mərhələyə qədəm qoyub. Regional strateji ortaqlıq anlayışının formalaşması və rəsmiləşdirilməsi baxımından 28 mart 2013-cü ildə Batumidə keçirilmiş toplantı üçtərəfli münasibətlərə təkan verib və 2014-cü ilin may ayında dövlət başçıları səviyyəsində görüş keçirilib. Yaxın gələcəkdə üç dövlət arasındakı əməkdaşlıq və dostluq münasibətlərini daha yüksək səviyyəyə çatdırmaq üçün tarixi və mədəni əlaqələrin önündəki bəzi əngəllərin və ya neqativ ünsürlərin ortadan qaldırılması böyük önəm daşıyır. Bu münasibətlərin institutlaşdırılması hər üç dövlət arasında qarşılıqlı şəkildə müəyyən öhdəliklərin doğmasına və münasibətlərin daha sağlam zəminə oturmasına səbəb olacaq.
SSRİ-nin dağılması və Türkiyənin Cənubi Qafqaz siyasəti
Ermənistan faktoru
Sovet İttifaqı dağılandan sonra Türkiyə yeni yaranan müstəqil dövlətlərlə diplomatik münasibətlərin qurulması istiqamətində intensiv fəaliyyətə başladı. Bu ölkələr arasında yalnız Ermənistan istisna təşkil edirdi. Belə ki, 23 avqust 1990-cı ildə Ermənistanın Müstəqillik Bəyannaməsinin 11-ci maddəsində “Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda ermənilərə qarşı törədilmiş soyqırımının beynəlxalq aləmdə tanınması” hökmünün yer alması və Ermənistan parlamentinin 1991-ci ilin fevral ayında verdiyi bəyanatda Qars Müqaviləsi ilə müəyyən edilmiş sərhədləri tanımadığını açıqlaması Ermənistanla diplomatik əlaqələrin qurulmasına mane olmuşdu. Habelə Qarabağ münaqişəsi səbəbindən Türkiyə ictimaiyyəti Ermənistanla ikitərəfli əlaqələrin qurulmasına qarşı idi. Buna baxmayaraq Türkiyənin xarici işlər idarəsi Ermənistanla münasibətlərin qurulmasına üstünlük verərək 16 dekabr 1991-ci ildə heç bir şərt irəli sürmədən bu dövlətin müstəqilliyini tanıdı. Lakin Ermənistan Türkiyəyə qarşı aqressiv siyasətini israrla davam etdirdiyi üçün iki ölkə arasında diplomatik münasibətlər qurulmadı.
Ermənistan dövləti təcavüzkar siyasətində daha da irəli gedərək Türkiyədən ən çox yardım aldığı dövrdə Azərbaycanın Kəlbəcər rayonunu işğal etdi. İşğaldan bir qədər əvvəl, 1993-cü ildə güclü müxalifətə baxmayaraq Türkiyə hökuməti Ermənistana 100 min ton buğda göndərmişdi. Kəlbəcərin işğalından sonra iki ölkə arasında diplomatik münasibətlərin qurulması qeyri-müəyyən müddətə təxirə salındı. Türkiyənin bundan sonra da Ermənistanla münasibətləri normallaşdırmaq üçün dəfələrlə təşəbbüs göstərməsinə baxmayaraq heç bir müsbət nəticə əldə edilmədi. Ermənistan isə bir tərəfdən beynəlxalq aləmdə Türkiyəyə qarşı iddia və iftiralarına davam edir, digər tərəfdən də PKK terror təşkilatına yardım edirdi.
Ermənistanın tutduğu barışmaz mövqeyə baxmayaraq Türkiyə yenə münasibətlərin yaxşılaşmasına cəhd edirdi. Bu istiqamətdə atılan ən önəmli addım isə 2008-ci ildə Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin təsis edilməsi cəhdi oldu. Təəssüf ki, Türkiyənin Cənubi Qafqaz siyasəti baxımından son dərəcə riskli olan bu addım əvvəlcədən ölçülüb biçilməmişdi. Ona görə də bu siyasət həm Türkiyə ictimaiyyətində böyük narazılıq doğurdu, həm də Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirəcək bəyanatların verilməsinə səbəb oldu. Çünki Türkiyə-Ermənistan sərhədinin açılması məsələsi gündəmə gətirilmişdi və təbii olaraq bu təklif torpaqlarının beşdə biri Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın haqlı narazılığına səbəb olmuşdu.
Azərbaycan ictimaiyyətində yaranan şübhə və narazılığı aradan qaldırmaq məqsədilə Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti 2009-cu ilin mayında Bakıya işgüzar səfər etdi. Mayın 12-dən 14-dək davam edən səfəri ərəfəsində Ərdoğan CNN-Türk kanalına açıqlama verdi və Azərbaycanın torpaqları işğaldan azad edilməyincə sərhədlərin açılmayacağını bildirdi:“Bu məsələdə bir səbəb və onun doğurduğu nəticə var. Dağlıq Qarabağı ermənilər işğal edib. 1 milyona qədər azərbaycanlı öz yurdundan qovulub. Biz buna görə sərhəd qapılarını bağlamışıq. Səbəb işğal, nəticə isə qapıları bağlamağımızdır”.
Bakıda olduğu zaman baş nazir ictimaiyyətdə sərhədlərin açılması ilə bağlı yaranmış narahatlığın kökündə bir ermənidilli internet saytının yaydığı informasiyanın dayandığını və bəzi qüvvələrin bundan istifadə etməsinə yol verməyəcəyini, odur ki, bu vacib məsələni təkbətək danışmaq üçün Bakıya gəldiyini, mediaya etibar etmədiyini vurğuladı. Rəcəb Teyyub Ərdoğanla görüşdən sonra Azərbaycan xalqına səslənən prezident İlham Əliyev Türkiyənin baş nazirinin sərhədlərin açılmayacağına dair bəyanatının açıq-aydın olduğunu ifadə etdi: “Bu gün mən üzümü Azərbaycan xalqına tutub deyirəm ki, heç bir spekulyasiya üçün, şübhə üçün yer qalmadı”.
Lakin Türkiyə və Ermənistan arasındakı diplomatik müzakirələr davam etdirildi. Ermənistan, Türkiyə və İsveçrənin Xarici İşlər nazirlikləri 2009-cu il avqustun 31-də birgə bəyanat verərək İrəvanla Ankara arasında diplomatik münasibətlərin qurulması və ikitərəfli münasibətlərin inkişaf etdirilməsi haqqında protokolların paraflandığını, bu protokollarla bağlı siyasi məsləhətləşmələr aparmaq barədə razılıq əldə edildiyini açıqladılar. Protokollar həmin il oktyabrın 10-da İsveçrənin Sürix şəhərində ABŞ, Fransa, Rusiya və İsveçrənin iştirakı ilə imzalandı.
“Nikbin” yozumlara görə protokollarda Türkiyənin maraqları baxımından mühüm müddəalar vardı. Sərhədlərin tanınması və ortaq tarix komissiyasının yaradılacağına dair protokolda yer alan hökmlər Türkiyə diplomatiyasının qələbəsi kimi qiymətləndirilmişdi. Lakin Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan protokolların “mürəkkəbi qurumamış” İrəvanda mətbuat konfransı keçirib bəyan etdi ki, sənədlərin imzalanması heç də Qars Müqaviləsini tanımaq demək deyil. İrəvan ortaq tarix alt komissiyasında heç bir şəkildə soyqırımı məsələsinin müzakirə olunmayacağını bildirdi.
Azərbaycan bu protokollara etirazını kəskin şəkildə ifadə etdi. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında deyilirdi: “Azərbaycan tərəfi məsələ ilə bağlı Türkiyə Respublikasının yüksək rəsmilərinin, həmçinin baş nazir cənab Rəcəb Teyyub Ərdoğanın çoxsaylı açıqlamalarına, xüsusilə də onun 14 may 2009-cu il tarixində Azərbaycan Respublikası Milli Məclisində səsləndirdiyi “Türkiyə Ermənistanla sərhədləri Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edildikdən sonra bağlayıb. Bu işğal ortadan qalxandan sonra sərhədlər açıla bilər. Biz azərbaycanlı qardaşlarımız razı qalmadığı müddətdə bu nöqtədən irəli bir addım atmarıq. Bunlar bir-biri ilə bağlıdır, ayrı salına bilməz”, habelə 17 sentyabr 2009-cu il tarixində Türkiyə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə iftar süfrəsində dediyi “Azərbaycanla Ermənistan arasındakı sıxıntılar aşılmadığı müddətdə biz qapıları aça bilmərik… Bu problemi həll etmədən bizim o addımı atmağımız mümkün deyil” kimi fikirlərə əsaslanır.
Dəfələrlə qeyd etdiyimiz kimi hər bir dövlətin digər dövlətlərlə münasibətlərini müəyyənləşdirməsi prinsip etibarilə onun suveren hüququdur. Lakin Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmayana qədər Türkiyənin Ermənistanla münasibətlərini normallaşdırması Azərbaycanın milli maraqları ilə birbaşa ziddiyyət təşkil edir və Azərbaycanla Türkiyə arasında tarixi köklərə söykənən qardaşlıq münasibətlərinin ruhuna kölgə salır. Regionda bütün sərhədlərin və kommunikasiyaların açılmasının vacibliyini nəzərə alaraq Azərbaycan hesab edir ki, birtərəfli qaydada Türkiyə-Ermənistan sərhədlərinin açılması regional sülh və təhlükəsizlik arxitekturasını sual altına qoyacaq”.
Digər tərəfdən Ermənistanda həm müxalifət, həm də ictimaiyyətin böyük əksəriyyəti bu şərtlər daxilində protokolların imzalanmasının əleyhinə idi. Ermənistan Konstitusiya Məhkəməsinin bu barədə verdiyi qərarda Sürix protokollarının Ermənistan Konstitusiyasına və ölkənin müstəqillik bəyannaməsinə zidd olduğu ifadə edilirdi. 23 aprel 2010-cu ildə Ermənistan Respublikası tərəfindən Tbilisidəki Türkiyə səfirliyinə nota verilərək protokolların təsdiqi prosesinin təxirə salındığı bildirildi. Türkiyə tərəfi isə bu protokolları Böyük Millət Məclisinin xarici işlər komissiyasında gözlətdi, 12 iyun 2011-ci ildə keçirilmiş seçkidən sonra protokollar “dəyərini itirdiyi üçün” parlamentin gündəliyindən çıxarıldı. Nəhayət, Ermənistan prezidenti də 2015-ci ildə protokolları parlamentdən geri çəkdi.
Beləliklə, Türkiyənin Cənubi Qafqaz siyasəti çərçivəsində Ermənistanla qurmaq istədiyi siyasi və diplomatik əlaqələr, habelə onu Qafqaz regionundakı əməkdaşlıq sahəsinə cəlb etmək istəyi Ermənistan tərəfindən rədd edilib və bu dövlətin həm Azərbaycana, həm də Türkiyəyə qarşı düşmənçilik siyasəti davam etdirilir.
Azərbaycan və Gürcüstan münasibətləri
Türkiyənin Azərbaycan və Gürcüstanla bağlı siyasəti həmişə dostluq, mehriban qonşuluq və əməkdaşlıq çərçivəsində inkişaf etdirilib. Xüsusilə keçən əsrin 90-cı illərində Türkiyə müxtəlif beynəlxalq platformalarda həm Azərbaycanın, həm də Gürcüstanın problemlərinin həllinə yaxından köməklik göstərib. Eyni zamanda Ankara Azərbaycanın, Xəzər dənizinin təbii enerji ehtiyatlarının Avropaya nəql edilməsində vacib rol oynayıb. Bütün bu illər ərzində Türkiyə Azərbaycan və Gürcüstanın silahlı qüvvələrinin modernləşməsinə yaxından yardım göstərib və bu proses indi də davam etdirilir.
Türkiyənin hər üç respublika ilə bağlı siyasətini mehriban qonşuluq və qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirmək iradəsini ortaya qoymasına baxmayaraq Ermənistan özünün barışmaz mövqeyi, aqressiv siyasəti və etimadsızlığı ilə bu əməkdaşlıq istəyini rədd edib, Türkiyə və Gürcüstana qarşı ərazi iddiaları ilə çıxış edib, dünya ölkələrini Türkiyəyə qarşı kampaniyaya cəlb edib, ona qarşı saxta soyqırımı iddialarını davam etdirib. Azərbaycana qarşı isə açıq formada təcavüz siyasət həyata keçirərək Dağlıq Qarabağ və ətraf rayonlar daxil olmaqla Azərbaycan ərazisinin təxminən beşdə birini işğal edib. Belə bir şəraitdə Türkiyə dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi ilə hərəkət edib, müxtəlif beynəlxalq platforma və təşkilatlarda Azərbaycanın haqlı tələblərini dəstəkləyib. Türkiyə eyni zamanda Ermənistana qarşı müəyyən güzəştlər edərək onu barış istiqamətində addım atmağa cəlb etmək istəsə də, bu siyasəti uğursuzluqla nəticələnib.
Cənubi Qafqazda proseslərin bu şəkildə inkişafı təbii ki, regional səviyyədə güc və balansın da bu şəraitə uyğun formalaşmasına yol açıb, Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin getdikcə genişlənən və dərinləşən üçtərəfli əməkdaşlıq formatına keçməsinə gətirib çıxarıb.
İkitərəfli əlaqələrdən üçtərəfli strateji müttəfiqliyə doğru
Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin üçtərəfli formata keçməsi regionda yaşanan hadisələr və proseslərin təbii nəticəsi kimi ortaya çıxıb. Gürcüstan və Azərbaycan Qərb yönümlü siyasət yürütdüyü halda, Ermənistan özünü balanslı siyasət yürüdən bir dövlət kimi göstərməyə çalışıb. Qeyd edək ki, Avropanın siyasi və hərbi strukturları özlərinin Cənubi Qafqaz siyasətində hər üç dövlətə təxminən eyni imkan və fürsəti yaradıb. Bu gün hər üç Cənubi Qafqaz respublikası – Azərbaycan, Gürcüstan və Ermənistan Avropanın bir çox təşkilat və proqramında yer alır. Hər üç dövlət 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramına qoşulub. Hər üç dövlət Avropa Şurasının üzvüdür və Avropa İttifaqı ilə Avropa Qonşuluq Siyasəti və “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlıq edir. Cənubi Qafqaz ölkələrinin hər biri MDB-yə üzv olub, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra Gürcüstan bu birlikdən ayrılmağa qərar verib. Bununla yanaşı Gürcüstan və Azərbaycan MDB-nin hərbi strukturu kimi nəzərdə tutulan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü qəbul etməyib. Ermənistan isə bu strukturun regionda “ən fəal üzvü”dür. Bundan başqa Ermənistan Avrasiya İqtisadi Birliyinin də üzvlüyünə qəbul edilib. Avrasiya İqtisadi Birliyi siyasi və iqtisadi təşkilatdır, Ermənistan, Belarus, Qazaxıstan və Rusiyanın 29 may 2014-cü ildə imzaladığı müqaviləyə əsasən 9 oktyabr 2014-cü ildə qurulub. Həm Gürcüstan, həm də Azərbaycan bu ittifaqdan kənarda qalmağı məqsədəuyğun hesab edib.
Beləliklə, Ermənistanın Rusiyanın bütün geosiyasi, siyasi və iqtisadi layihələrində ciddi şəkildə canfəşanlıq göstərdiyini görürük. Ermənistan rəhbərliyinə görə, bir tərəfdən Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əlaqələrin davam etdirilməsi, digər tərəfdən NATO ilə əməkdaşlığın inkişaf etdirilməsi ermənilərin milli marağına uyğun gəlir. Rəsmi İrəvan hesab edir ki, Ermənistanın NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı mövqeyi qarşıdurma deyil, tamamlayıcı bir siyasətdir (“complementarism”). Bu mənada NATO-Ermənistan əməkdaşlığı Ermənistanın milli maraqlarına uyğun gələn, geosiyasi vəziyyəti rasional şəkildə dəyərləndirən bir balans siyasəti kimi qəbul edilir.
Lakin həqiqətdə Ermənistan tamamən Rusiyanın təsir dairəsində hərəkət edən bir dövlətdir. Rusiya və Ermənistan arasında imzalanmış hərbi ittifaq və ortaq hərbi birləşməyə dair müqavilələr bu dövlətin suveren hüquqlarından könüllü şəkildə imtina etdiyinə ən bariz nümunədir. Bayaq Türkiyə ilə Ermənistan arasındakı münasibətlərdən bəhs edərkən toxunduğumuz “erməni açılımı” siyasətinin uğursuzluğa düçar olması əslində belə bir həqiqəti təsdiq etdi: Türkiyənin Güney Qafqaz siyasətini status-kvo kimi tənqid etmək, yeni axtarışlara girmək mənasızdır. Çünki status-kvonu dəyişmək yalnız çəkişən tərəflər qarşılıqlı şəkildə güzəştə getsə faydalı ola bilər. Əks təqdirdə bu qarşılıqsız güzəşt və sadəcə tərəflərdən birinin və ya üçüncü tərəfin maraqlarına xidmət edən bir siyasət olacaq.
Beləliklə, Türkiyənin regiondakı siyasətini yeni keyfiyyət mərhələsinə keçirməsi onun bölgədəki mövqeyinin möhkəmlənməsi, regional əməkdaşlıq, iqtisadi inkişaf və inteqrasiya, habelə sülh və təhlükəsizlik baxımından əhəmiyyətli olub.
Trabzon Bəyannaməsi
Bu istiqamətdə atılmış ilk önəmli addım 8 iyun 2012-ci ildə Trabzonda xarici işlər nazirləri səviyyəsində keçirilmiş üçtərəfli görüş və bu görüş nəticəsində qəbul edilmiş bəyannamə olub. Bəyannamə mətnində xüsusilə demokratiya, hüquq, insan hüquqları, azad bazar iqtisadiyyatı, ölkələrin suverenliyi və ərazi bütövlüyünə verilən əhəmiyyət vurğulanıb, Cənubi Qafqazdakı münaqişələrin bu prinsiplər əsasında həllinə cəhd ediləcəyi ifadə edilib, Bakı-Tbilisi-Ceyhan boru xətti, Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin əhəmiyyətindən və uğurlarından söhbət açılıb, layihələrin inkişaf etdiriləcəyi və bunlara yenilərinin əlavə ediləcəyi məqsədinin qarşıya qoyulduğu bildirilib. Bəyannamədə Türkiyə, Gürcüstan və Azərbaycan arasında siyasi, iqtisadi, mədəni əlaqələri, infrastruktur sahələrindəki əməkdaşlıq imkanlarını genişləndirmək əzmi ifadə edilib, üç dövlətin beynəlxalq təşkilatlara üzvlük məsələsində bir-birini dəstəkləyəcəyinə vəd verilib. Terrorizm, ekstremizm, separatizm, narkotik qaçaqmalçılığı və digər beynəlxalq cinayətlərə qarşı mübarizədə Azərbaycan, Gürcüstan və Türkiyənin əməkdaşlıq edəcəyi, ticarət, enerji, nəqliyyat, maliyyə və bank sahələrində birgə layihələrin hazırlanması, xarici investisiyaların artırılması məqsədinin qarşıya qoyulduğu bildirilib. Başda Yaxın Şərq olmaqla yaxın coğrafiyadakı problemlərlə bağlı fikir mübadiləsi aparmağın əhəmiyyəti vurğulanıb, Bakıda beynəlxalq dəniz ticarət limanı inşa edilərək buranın Şərq-Qərb transferində önəmli bir qapı rolu oynamasının təmin olunacağı qeyd edilib. Həmçinin müəyyən fasilələrlə Azərbaycan, Türkiyə və Gürcüstan Xarici İşlər nazirlikləri nümayəndələrinin bir araya gəlməsi və 2013-2015-ci illəri əhatə edəcək fəaliyyət planı hazırlanmasının qərara alındığı açıqlanıb.
Təbii ki, bu yaxınlaşmanı siyasi analitiklər müxtəlif şəkildə yozub. Bu yozumların bir çoxu spektik, qərəzli və birtərəflidir. Yozumlarda üçtərəfli əməkdaşlığın Kreml tərəfindən xoş qarşılanmadığı, bununla Türkiyə və Azərbaycanın özlərini riskə atdığı qeyd olunmaqda, üçtərəfli formatın əslində hərbi niyyətli olduğu, tikintisi davam edən dəmir yolu magistralının eyni zamanda hərbi məqsədlər üçün istifadə ediləcəyi, Azərbaycan və İran arasında fors-major hallar (silahlı münaqişə) ortaya çıxdığı zaman Türkiyənin bu dəmi yolu ilə əsgər və silah daşıyacağı barədə fikirlərə rast gəlmək mümkündür. Habelə bu əməkdaşlığın bir Amerika layihəsi olduğu, Rusiyaya qarşı Ankara-Tbilisi-Bakı xəttinin güclənməsinə, eyni zamanda İranın müsəlman aləmində zəifləməsinə xidmət göstərdiyi ifadə edilməkdədir.
Türkiyə və Azərbaycan arasındakı hərbi əməkdaşlığın əsasında Ermənistan və Rusiya arasındakı hərbi ittifaqın ehtimal olunan risklərini neytrallaşdırmaq durur. Bilindiyi kimi, 16 avqust 2010-cu ildə “Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilə imzalanıb. Bundan bir neçə gün əvvəl isə Ermənistan və Rusiya arasında Rusiyanın Ermənistandakı hərbi bazasının icarə müddətinin uzadılmasına dair müqavilə imzalanmışdı. Qeyd etdiyimiz kimi, Ermənistan bir tərəfdən Rusiya ilə ikitərəfli hərbi ittifaq qurur və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi Rusiyanın hərbi potensialından öz xeyrinə istifadə edir, eyni zamanda İranla əməkdaşlıq və qonşuluq siyasətini intensivləşdirir. Digər tərəfdən isə NATO və Avropa İttifaqı ilə münasibətlərini inkişaf etdirmək istəyini ifadə edərək (komplementarizm siyasəti) ikitərəfli oynamağa cəhd göstərir. Bu halda Azərbaycanın, eyni zamanda Gürcüstanın regional ittifaq formatı son dərəcə təbii və hətta zəruri addım kimi qiymətləndirilməlidir.
Batumi Kommünikesi
Üçtərəfli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində qəbul edilən növbəti sənəd 28 mart 2013-cü ildə hər üç ölkənin xarici işlər nazirlərinin imzaladığı Batumi Kommünikesidir. Bu sənəd Gürcüstanda daxili siyasi güclərin balansı dəyişməyə başladığı bir dövrdə qəbul olunub. Yeni seçilən Gürcüstanın baş naziri Bidzina İvanişvilinin Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı verdiyi açıqlamanın doğurduğu təşviş məhz bu zirvənin reallaşması ilə aradan qalxıb. Habelə 2013-cü ilin noyabrında Gürcüstanda keçiriləcək prezident seçkisində Mixail Saakaşvilinin daxili siyasətdən kənarlaşacağı ehtimalı var idi. Ona görə bu kommünikenin qəbul edilməsi çox vacib idi. Üçtərəfli mexanizm bu baxımdan Gürcüstanın 20 illik əsas strateji mövqeyini davam etdirəcəyini göstərməsi baxımından da əhəmiyyətli oldu.
Gəncə Bəyannaməsi
Üçtərəfli əməkdaşlıq istiqamətində atılan növbəti addım 19 fevral 2014-cü ildə Gəncə şəhərində xarici işlər nazirlərinin zirvə görüşü olub. Bu zirvədə qəbul edilən bəyannaməyə görə, tərəflər 8 iyun 2012-ci il tarixli Trabzon Bəyannaməsi və 28 mart 2013-cü il tarixli Batumi Kommünikesindən irəli gələn regional əməkdaşlığın vacibliyini, siyasi dialoq və xüsusi üçtərəfli layihələrin həyata keçirilməsi üçün vacib platforma kimi “2013-2015-ci illər üzrə üçtərəfli sahəvi əməkdaşlığa dair Fəaliyyət Planı”nda əks olunmuş əməkdaşlığın yeni mexanizmlərini qeyd ediblər. Gəncə Bəyannaməsində ikitərəfli və üçtərəfli formatlarda üç ölkə arasında münasibətlərin inkişafından məmnunluq ifadə edilib, qeyd olunub ki, siyasət, ticarət, iqtisadiyyat, ətraf mühitin mühafizəsi, humanitar, eləcə də mədəniyyət, elm, səhiyyə, turizm və idman sahələrində əməkdaşlığın bundan sonra da genişləndirilməsi vacibdir. Bəyannamədə o da vurğulanıb ki, Cənubi Qafqazdakı həll olunmamış münaqişələr siyasi və iqtisadi sabitliyə maneədir, bu münaqişələr günahsız insanların ölümünə, etnik təmizlənmənin aparılmasına, yüz minlərlə insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə, əsas insan hüquq və azadlıqlarının pozulmasına, mədəni və mənəvi irsin və şəxsi mülkiyyətin məhv edilməsinə gətirib çıxarıb.
Bəyannamədə həmçinin Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi irimiqyaslı enerji layihələrinin uğurla həyata keçirilməsinin vacibliyi bir daha ifadə edilib, hər üç dövlətin Cənub Qaz Dəhlizinin həyata keçirilməsinə dəstəyi ifadə olunub, “Şahdəniz-2” layihəsinin iştirakçı ölkələrin enerji təhlükəsizliyi kontekstində dünyanın ən böyük enerji layihələrindən biri kimi əhəmiyyəti vurğulanıb.
Gəncə Bəyannaməsində eyni zamanda Azərbaycan, Gürcüstan və Türkiyənin Şərq-Qərb, eləcə də Şimal-Cənub nəqliyyat istiqamətlərində malik olduqları mühüm mövqelər qeyd edilib, gömrük qaydalarını asanlaşdırmaq və infrastrukturu təkmilləşdirməklə bu ölkələrdən keçən çoxistiqamətli nəqliyyatın inkişaf etdirilməsi üçün əməkdaşlığın artırılması barəsində razılıq əldə olunub.
Qars Bəyannaməsi
10 dekabr 2014-cü ildə Qarsda imzalanan bəyannamədə hər üç dövlət daha öncə sərgilədikləri müttəfiqlik iradəsini bir daha oraya qoyub. Sənəddə 8 iyun 2012-ci il tarixli Trabzon Bəyannaməsi, 28 mart 2013-cü il tarixli Batumi Kommünikesi, 19 fevral 2014-cü il tarixli Gəncə Bəyannaməsi ilə əsası qoyulmuş üçtərəfli regional əməkdaşlığın əhəmiyyəti vurğulanıb, eləcə də bu əməkdaşlıq mexanizmlərinin siyasi dialoq və üçtərəfli səciyyəvi layihələrin icra edilməsində effektli vasitə kimi öz əksini tapdığı qeyd olunub. Nazirlər müntəzəm olaraq üçtərəfli görüşlər keçirməyi, bu görüşləri digər sahələrdə də inkişaf etdirərək ölkələr, eləcə də beynəlxalq təşkilatlar arasında mövcud dialoqu və əməkdaşlığı şaxələndirməyi vacib saydıqlarını açıqlayıblar.
Tbilisi Bəyannaməsi
19 fevral 2016-cı ildə Gürcüstanın paytaxtı Tbilisidə üç ölkənin xarici işlər nazirlərinin beşinci üçtərəfli zirvə görüşü keçirilib. Bu görüşdə nazirlər əvvəlki üçtərəfli görüşlərdə qəbul olunmuş Trabzon Bəyannaməsi, Batumi Kommünikesi, Gəncə və Qars bəyannamələrindəki öhdəliklərinə sadiqliklərini vurğulayıblar. Tbilisi zirvəsində qəbul edilmiş bəyannamədə həmçinin iqtisadiyyat nazirlərinin dördüncü görüşü və 6 mart 2015-ci ildə Batumidə keçirilmiş Üçtərəfli İşgüzar Forum, 2 aprel və 17 dekabr 2015-ci il tarixlərində müvafiq olaraq Tbilisi və İstanbulda keçirilmiş müdafiə nazirlərinin ikinci və üçüncü görüşləri və 5 may 2015-ci il tarixində Ankarada keçirilmiş Silahlı Qüvvələrin baş qərargah rəislərinin görüşündən məmnunluq ifadə edilib. Enerji sahəsində isə 12 fevral 2015-ci ildə Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının birinci görüşü, 17 mart 2015-ci ildə Qarsda keçirilmiş “Trans-Anadolu qaz boru kəməri”nin (TANAP) təməlqoyma mərasimi alqışlanıb, Cənub Qaz Dəhlizinin inkişaf etdirilməsinə, eləcə də Xəzər dənizi hövzəsindən Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Qərb bazarlarına karbohidrat ehtiyatlarının nəqlini nəzərdə tutan digər layihələrə tam dəstək ifadə edilib, cəlb olunan bütün ölkələrin enerji təhlükəsizliyinin gücləndirilməsində bu layihələrin həlledici rolu vurğulanıb. Nəqliyyat, enerji, ticarət sahələrində və tarixi “İpək Yolu”nun bərpa olunmasında üç ölkənin xüsusi rolu, Türkiyə, Gürcüstan, Azərbaycan və Mərkəzi Asiya ölkələrindən keçməklə Qara dəniz və Xəzər dənizi vasitəsilə Avropanı Asiya ilə birləşdirən Şərq-Qərb/Orta nəqliyyat dəhlizinin əhəmiyyəti qeyd edilib. Üç ölkənin dövlət institutları və özəl sektorunun iştirakı ilə enerji, nəqliyyat, turizm və digər qarşılıqlı maraq kəsb edən tematik üçtərəfli biznes forumlar təşkil etmək üçün müvafiq nazirliklərə tövsiyə vermək barədə razılığa gəlinib.
Qeyd edək ki, Gürcüstan və Azərbaycan arasında iqtisadi, hərbi-təhlükəsizlik və mədəni əlaqələrin möhkəmləndirilməsi bir neçə baxımdan əhəmiyyət kəsb edir. Azərbaycan Gürcüstan üçün cənubdan gələn təhlükələri əngəlləməsi, habelə Gürcüstanın enerji təhlükəsizliyinin etibarlı qarantı olması baxımından əhəmiyyət daşıyır. Gürcüstan isə Azərbaycanın enerji daşıyıcılarının Avropa bazarlarına nəqli, müttəfiq və qardaş ölkə olan Türkiyə ilə quru yolları kommunikasiyasını təmin etmək baxımından son dərəcə vacib ölkədir. Etnik separatizmə qarşı eyni mövqedən çıxış etməsi, regiondakı strateji əhəmiyyət daşıyan iqtisadi layihələrin (Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Baku-Tbilisi-Qars), habelə enerji layihələrinin həyata keçirilməsi iki ölkənin qarşılıqlı maraqlarını daha da gücləndirməkdədir. Türkiyə kimi regional bir gücün də eyni və oxşar maraqlara sahib olması üçtərəfli əməkdaşlıq formatının uğuruna yol açır və əhəmiyyətini artırır. İqtisadi inkişaf, enerji, ticarət, nəqliyyat və təhlükəsizlik sahəsində qarşılıqlı maraq və mənfəətə əsaslanan yeni layihələrin həyata keçirilməsi regionda sülh, sabitlik, inkişaf və rifahın təmin olunmasına və çoxtərəfli inteqrasiyanın reallaşmasına təkan verəcək.
Nəticə
- Sovet İttifaqı dağılandan sonra Türkiyənin xarici siyasəti Cənubi Qafqaz ölkələri ilə sülh, əmin-amanlıq, mehriban qonşuluq və iqtisadi yüksəlişə əsaslanaraq qurulub. Bu münasibətlər 10 il uğurla davam etdirilib, daha sonra üçtərəfli format üzərində yeni bir müstəviyə keçib.
- Trabzon Bəyannaməsi (8 iyun 2012) ilə başlanan bu prosesin gedişində qəbul olunan Batumi Kommünikesi (28 mart 2013), Gəncə Bəyannaməsi (19 fevral 2014), Qars Bəyannaməsi (10 dekabr 2014), Tbilisi Bəyannaməsi (19 fevral 2016) kimi sənədlər üçtərəfli formatın daha da inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu sənədlər üç ölkənin regional əməkdaşlıq səviyyəsinin qiymətləndirilməsi, daha əvvəl qəbul olunmuş qərarların həyata keçirilməsi və yeni perspektivlərin müəyyən edilməsi baxımından da vacibdir.
- Üçtərəfli münasibətlərin inkişafı heç bir başqa dövlətə və ya ittifaqa qarşı deyil. Bu münasibətlərin inkişafı iqtisadi inteqrasiya, nəqliyyat, dəmir yolları, enerji, habelə regional təhlükəsizlik sahəsində texniki və tətbiqi layihələrin hazırlanaraq həyata keçirilməsinə xidmət edir. Dörd qonşusundan üçünə qarşı ərazi iddiaları irəli sürən, Azərbaycan torpaqlarının təxminən beşdə birini işğal edən, bölgədəki qeyri-sabitliyin mənbəyi olan təcavüzkar Ermənistanın regional layihələrdə yer almaması son dərəcə normaldır. Beynəlxalq hüququn norma və prinsiplərini rədd edən, bunun müqabilində heç bir məcburedici beynəlxalq hüquqi mexanizmlərin tətbiqi ilə qarşılaşmayan Ermənistan bundan sonra da heç bir şəkildə bölgə layihələrinə daxil edilməməlidir. Yaxın tarixi keçmişimizdə yaşanmış, Türkiyənin öz üzərinə risk və məsuliyyət götürərək “erməni açılımı” adlandırılan güzəştli siyasətinin bu baxımdan heç bir faydası olmadığı hamıya bəlli bir həqiqətdir.
- Üç dövlət arasında yaşanan, etnik, dini və mədəni sahələrdə mövcud olan bir sıra məsələlər, milli və dini azlıqların problemləri, mədəni-tarixi memarlıq abidələrinin təmiri və istifadəyə verilməsi və başqa bu kimi məsələlərin həllində konkret addımlar atılması ölkələr arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinə yeni təkan verəcək, bölgə xalqları arasında qarşılıqlı etimadın artmasına yol açacaq.
- Rusiyanın yaxın xaric ölkələrinə qarşı sərt güc siyasəti, habelə Krımın ilhaqı, Ukraynadakı qeyri-sabitlik MDB məkanında separatçı gücləri yenidən cəsarətləndirib, işğalçı Ermənistanın aqressiv mövqeyini daha da möhkəmləndirib. Bundan sonrakı mərhələdə də üçtərəfli əməkdaşlıq xəttini davam etdirmək, bu formatı daha da möhkəmləndirərək yeni keyfiyyət mərhələsinə keçmək son dərəcə vacibdir.
- Üçtərəfli əməkdaşlıq formatında beynəlxalq hüququn norma və prinsiplərinin rəhbər tutulması, “dondurulmuş münaqişələr”in bu norma və prinsiplər çərçivəsində həlli yolunda iradə nümayiş etdirilməsi başqa bölgələr üçün nümunəvi əməkdaşlıq formatı kimi qiymətləndirilə bilər.
- Bundan sonrakı mərhələdə üçtərəfli iş birliyinin daha da dərinləşdirilməsi, ölkə başçılarının vaxtaşırı toplandığı zirvə görüşləri şəklində yeni və daha yüksək mərhələyə keçilməsi son dərəcə əhəmiyyətlidir. Üçtərəfli dövlət başçıları zirvəsinin daimi fəaliyyət göstərən bir qurum – ali orqanı, katibliyi, yardımçı orqanları və fəaliyyət təqvimi olan regional əməkdaşlıq qurumu kimi təşkilatlanması Trabzon Bəyannaməsi ilə başlanmış üçtərəfli əməkdaşlığın yeni keyfiyyət mərhələsinə keçməsi istiqamətində çox önəmli addım olacaq.