Aprelin 23-ü Fransada prezident seçkisi keçiriləcək. 11 namizədin yarışdığı seçkidə qələbə üçün səslərin 50 faizindən çoxunu toplamaq tələb olunur. İlk turdan belə nəticə çıxmasa, ən çox səs toplayan iki namizəd mayın 7-nə nəzərdə tutulan ikinci tura adlayacaq.
Son sorğulara əsasən, ilk tur üçün “İrəli” hərəkatının lideri, sabiq iqtisadiyyat naziri Emmanuel Makron hamıdan şanslı görünür.
Novator.az bildirir ki, Makron 1977-ci il dekabrın 21-də anadan olub. Qərbi Paris (Nanter) Universitetini bitirib. İqtisadçıdır.
Sosialist Partiyasının üzvü olub. 2016-cı ildə “İrəli” hərəkatını yaradıb, bu qurumun həm sol, həm də sağ təmayüldən uzaq olduğunu bəyan edib.
2014-2016-cı illərdə iqtisadiyyat naziri postunu tutub.
Makron 2007-ci ildə orta məktəbdə ona fransız dili dərsi demiş Bricit Tronye ilə ailə həyatı qurub. Tronye Makrondan 24 yaş böyükdür, əvvəlki ərindən 3 övladı var.
Makron Avropada sıx inteqrasiyanın tərəfdarıdır, mühacirlərə münasibəti yumşaqdır.
İlk tur üçün Makronu Milli Cəbhənin lideri Marin Le Pen təqib edir.
Marin 1968-ci il avqustun 5-də anadan olub. Əvvəllər Milli Cəbhəyə liderlik etmiş Jan-Mari Le Penin qızıdır.
Panteon-Assas Universitetini hüquq üzrə bitirib. Milli Cəbhəyə 1986-cı ildə üzv olub. 2011-ci ildə təşkilatın lideri postunda atasını əvəzləyib.
2004-cü ildən Avropa Parlamentinin üzvüdür.
2012-ci ilin prezident seçkisində üçüncü yeri tutub.
Marin iki dəfə ailə qurub, hər iki dəfə boşanıb. Birinci nikahdan 3 övladı var.
Dini və irqi sahədə radikal baxışları ilə fərqlənir.
Digər tanınmış namizədlərə gəlincə, müxalif sağ və mərkəzçi partiyalar sabiq baş nazir Fransua Fiyonu, hakim Sosialist Partiyası sabiq təhsil naziri Benua Amonu irəli sürüb.
Fiyon 1954-cü ildə anadan olub. Xalq Hərəkatı Birliyi Partiyasının üzvüdür. Əmək və təhsil naziri postlarını tutub. 2007-2012-ci illərdə baş nazir olub.
Amon 1967-ci ildə doğulub. Tarixçidir. 19 yaşından siyasi fəaliyyətlə məşğul olur. 1993-cü ildən Sosialist Partiyasının üzvüdür. 2004-2009-cu illərdə Avropa Parlamentinin deputatı olub. 2014-cü ildə təhsil naziri postunu tutub.