Hidrometeorologiya Departamenti daşqınlarla bağlı proqnozunu açıqlayıb

83 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə çaylarında aprel, may, iyun ayları üçün yaz gursululuğunun və daşqın hadisələrinin axım proqnozunu hazırlayıb.

Novator.az-ın məlumatına görə, proqnoz ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi məqsədilə aparılmış qarölçmə işlərinin nəticələri, eyni zamanda aylıq və fəsillik hava proqnozları məlumatları nəzərə alınmaqla tərtib olunub.

Milli Hidrometeorologiya Departamenti vurğulayır ki, sistematik olaraq hər il hazırlanan yaz gursululuğunun və çaylarda daşqın hadisələrinin axım proqnozu əhaliyə, infrastruktur sahələrə dəyə biləcək ziyanların minimuma endirilməsində, müxtəlif məqsədlərlə sudan istifadə, həmçinin su anbarlarında səviyyənin tənzimlənməsində, enerji istehsalının, suvarmanın və su təchizatının balanslaşdırılmasında böyük əhəmiyyətə malikdir.

2016-2017-ci illərin qış dövründə Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsinin dağ və qismən dağətəyi zonalarında qar örtüyünün yaranması prosesi ötən illərdən fərqli olaraq artıq oktyabr ayının 17-19-dan başlayaraq müxtəlif fasilələrlə ayın 3-cü ongünlüyündə və noyabr ayının 3-cü ongünlüyünün birinci yarısında davam edib. Dekabr, yanvar və fevral ayının birinci yarısında dağ və dağətəyi zonalarda sabit qar örtüyünün əmələ gəlməsi düşən qar hesabına daha çox olub. Həmin müddət ərzində yüksək dağlıq ərazilərdə havaların şaxtalı keçməsi qar örtüyünün qalmasına şərait yaradıb ki, bu da təbii olaraq gursululuq dövrünün formalaşmasında əsas rol oynayacaq.

Mart ayının mülayim keçməsi və ayın 3-cü ongünlüyündə temperaturun yüksələrək nisbətən isti keçməsi orta və qismən yüksək dağlıq ərazilərdə qar ehtiyatının tədricən əriməsinə səbəb olub, nəticədə qar ehtiyatı azalıb.

Bu il Böyük və Kiçik Qafqazın çay hövzələrində aparılan qarölçmə işlərinin nəticələri  göstərib ki, yağan qar həm çoxillik normadan, həm də keçən illə müqayisədə çox olub.

Transsərhəd çaylar üzrə yaz-yay (aprel, may, iyun) ayları üçün gursululuq dövrünün proqnozuna görə, Kür çayından Şəmkir su anbarına axımın normanın 57-80, Qanıx çayından Mingəçevir su anbarına axımın normanın 55-82, Araz çayından Araz su anbarına axımın isə normanın 34-60 faizini təşkil edəcəyi gözlənilir.

Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki, Oğuz-Qəbələ) yamacı çaylarında sululuğun çoxillik normanın 80-105, şimal-şərq (Quba-Qusar-Xaçmaz) yamacı çaylarında 63-90, Kiçik Qafqazın (Daşkəsən-Gədəbəy-Göygöl) çaylarında 75-100,  Naxçıvan Muxtar respublikası və Lənkəran-Astara bölgəsi çaylarında isə normanın 45-85 faizini təşkil edəcəyi proqnozlaşdırılır.

Bu il qar ehtiyatının normadan çox olmasına və yaz (aprel-may-iyun) yağıntılarının normadan əsasən az gözlənilməsinə baxmayaraq, gursululuq dövrünün ayrı-ayrı günlərində gözlənilən leysan yağışlar nəticəsində Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında qısamüddətli daşqınların baş verəcəyi ehtimal edilir.

Milli Hidrometeorologiya Departament 2017-ci ilin gursululuq proqnozuna aid xüsusi qeydlərə əsasən bildirir ki, bu il ölkənin daxili çay hövzələrində qarda olan su ehtiyatı çoxillik normadan çox olsa da, mart ayının mülayim olması və ayın 3-cü ongünlüyündə temperaturun yüksələrək nisbətən isti keçməsi orta və qismən yüksək dağlıq ərazilərdə qar ehtiyatının tədricən əriməsinə səbəb olub və nəticədə qar ehtiyatı azalıb.

Qonşu Gürcüstan (Kür və Qanıx hövzələri) və Türkiyə (Kür və Araz hövzələri) ərazilərində qarda olan su ehtiyatı çoxillik normadan az olub.

Əldə olunan məlumatlara və aparılan hesablamalara, kompleks məlumatların təhlilinə əsasən yaz-yay (aprel-may-iyun) yağıntılarının miqdarının çoxillik normaya yaxın və az, havanın orta temperaturunun isə normadan 0,5-1 dərəcə yüksək olacağı gözlənilir. Bu ilin gursululuq dövründə isə Böyük və Kiçik Qafqazın çaylarında sululuğun normaya yaxın və bir qədər az, Naxçıvan Muxtar Respublikası, Lənkəran-Astara bölgəsində, həmçinin iri tranzit çaylarda isə normadan az olacağı gözlənilir.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id