Dövlət Statistika Komitəsi iqtisadiyyatın durumu ilə bağlı yeni hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda bildirilir ki, 2017-ci ilin yanvar-mart aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar 15 milyard 229,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,9 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal edib.
ÜDM-in 46,6 faizi sənayedə, 12 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,8 faizi tikinti, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi informasiya və rabitə, 12,7 faizi isə digər sahələrdə istehsal olunub.
Məhsula və idxala xalis vergilər ÜDM-in 7 faizinə, əhalinin hər nəfərinə düşən ÜDM 1570 manata bərabər olub.
Novator.az xatırladır ki, 2017-ci ilin yanvarında ÜDM 0,8 faiz, yanvar-fevral aylarında 0,4 faiz artmışdı.
2016-cı ildə isə Azərbaycanda ümumi daxili məhsul istehsalı 2015-ci ilə nisbətən 3,1% düşüb.