Milli Məclisin 14 aprel iclasında Hesablama Palatasının 2016-cı il hesabatı müzakirə olunub. AZƏRTAC xəbər verir ki, hesabatı təqdim edən palata sədri Vüqar Gülməmmədov qeyd edib ki, 2016-cı ildən nöqsan və pozuntuların təsnifləşdirilməsinə başlanıb: “Bu məqsədlə xarici ölkələrin təcrübəsi öyrənilib. Hesabatda nöqsanların təsnifləşdirilməsi zamanı nöqsan və pozuntuların xüsusi çəkisi və bərpa olunan vəsaitlərin həcmi barədə məlumat yer alıb”.
Bildirilib ki, Hesablama Palatasının 2016-cı ilin iş planına uyğun olaraq dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının vəsaitləri üzrə 12-si analitik təhlil və 65-i audit olmaqla 77, Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə isə 10-u analitik təhlil və 9-u audit olmaqla 19 nəzarət tədbirinin başlanması ilə bağlı qərar qəbul edilib..
Gülməmmədov qeyd edib ki, hesabat ilində dövlət büdcəsinin gəlirləri üzrə 8, büdcə xərcləri üzrə 63, dövlət zəmanəti ilə alınmış kreditlər üzrə cəlb edilmiş vəsaitlərlə bağlı 2, büdcədənkənar dövlət fondlarının vəsaitləri ilə bağlı 4 auditin nəticəsi üzrə qərar qəbul edilib.
Palata sədri əlavə edib ki, 2015-ci ilin iş planına daxil olan və nəticələri hesabat ilində yekunlaşan 2 audit də nəzərə alınmaqla 2016-cı ildə 76 nəzarət tədbirinin nəticəsi ilə bağlı qərar qəbul edilib.
“Report”un verdiyi xəbərə görə, palata sədri deyib ki, təhlillər nəticəsində 52,4 milyon manat vəsaitin təyinatının dəyişdirildiyi müəyyən edilib: “Satınalmalar zamanı yol verilən nöqsanlara satın alınan məhsulun qiymətinin müəyyən edilməməsi, satınalma metodlarının tətbiq edilməməsi və metodların dəyişdirilməsi daxildir. Vəsaitlərin səmərəsiz istifadəsi də diqqətdə saxlanıb. Hesablama Palatası hesab edir ki, bu istiqamətə 82,9 milyon manat vəsait yönəldilib”.
Gülməmmədov dövlət büdcəsi xərclərinin proqnozlaşdırılmasındakı nöqsanları da diqqətə çatdırıb: “Audit olunan qurumlar ölkədə və kənarda keçirilən tədbirlərin smetasında iştirakçı sayının əsassız artırılması, səhmdar cəmiyyətlərində dövlət əmlakından səmərəli istifadə olunmamasını müəyyən edib”.
Palata sədri deyib ki, 111,3 milyon manat həcmində vəsaitin bərpası təmin edilib, bu da əvvəlki illə müqayisədə 9,6% çoxdur: “Bundan başqa DSMF-nin büdcəsinə 282 min manat vəsait bərpa edilib. Həmçinin nəzarət tədbirlərinin nəticəsi kimi 443 nəfər barədə intizam-intizam tədbirləri müəyyən olunub”.