Qırğızıstan parlamentinin müxalif deputatı Kanıbek İmanəlyev milli əlifbanın latın qrafikasına keçirilməsini təklif edib. Novator.az-ın məlumatına görə, “Ata Məkan” fraksiyasının təmsilçisi olan deputat parlamentin 13 aprel iclasında latın qrafikasına keçmək təklifini belə əsaslandırıb: “Türkmənistan və Özbəkistan latın əlifbasına keçib, indi isə Qazaxıstan buna hazırlaşır. Başa düşürəm ki, indi əlifba dəyişməyə pulumuz yoxdur, amma bir müddət sonra, 2030-2040-cı illərə kimi bunu eləmək lazımdır”.
Deputat qeyd edib ki, Qırğızıstanda latın əlifbası üzrə mütəxəssislərin hazırlığına indidən başlamaq lazımdır: “Latın əlifbasının istifadəsi zamanın tələbidir. Həm də kiril əlifbasından imtina qırğızların milli özünəməxsusluğunun saxlanmasına yardım edəcək”.
Qırğızıstan XX əsrin əvvəlində latın qrafikasından istifadə edib, 1940-cı ildən isə kiril əlifbasına keçib.
Aprelin 12-də Qazaxıstan prezidenti Nursultan Nazarbayev 2017-ci ilin sonunadək latın qrafikası əsasında əlifba hazırlanmasını təklif edib. Qazaxıstan latın qrafikasına keçidi gələn il başlayıb 2025-ci ildə başa çatdırmaq istəyir.