Aprelin 12-də Bakının “Sovetski” ərazisində yerləşən Hacı Cavad məscidinin sökülməsinə etiraz aksiyası keçirilir. Media və sosial şəbəkələrdə yayılan məlumatlara görə, hadisə yerinə yerli sakinlər, dindarlar, polis əməkdaşları toplaşıb. Polislərin məsciddə olan sakinlərlə danışıqlar apardığı bildirilir.
İslamazeri.com saytı xəbər verir ki, aksiya keçirilən yerdə saxlananlar var.
Hacı Cavad məscidinin XIX əsrdə inşa olunduğu, Mədəniyyət və Turizm Nazirliyinin tikilini yeni aşkar olunmuş tarix və mədəniyyət abidələrinin siyahısına daxil etdiyi bildirilir. Yerli camaatın bildirdiyinə görə, məscidi Hacı Cavad adlı tacir tikdirib.
Məscid rəhbərliyi “Meydan TV”yə deyib ki, bir müddət əvvəl ona tikilinin sökülməyəcəyini bildiriblər. Amma iki gün əvvəl Mədəniyyət və Turizm Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri ibadət evinə gələrək binanın söküləcəyini bəyan ediblər.
Hadisə yerinə gələn Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev sakinlərə deyib ki, keçən həftə məscidin sökülməsi barədə göstəriş alıb, bunun ardınca Nazirlər Kabineti və Prezident Administrasiyasının rəhbərliyi ilə danışıqlarda prosesin dayandırılması razılaşdırılıb, ancaq sonradan sökülmə qərarı qüvvədə qalıb.
Sakinlər “Sovetski”dəki Hacı Əbdülrəhimbəy Qulubəyov məscidinin də sökülməsinə etiraz ediblər. Amma tikili artıq sökülüb.
APA-nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə sözügedən məscidlərin heç birinin qeydiyyatdan keçmədiyini bildirib: “Din xadimi olaraq hər hansı məscidin sökülməsinə tərəfdar deyiləm. Amma həmin məscidlər qeydiyyatdan keçməyib. Mən heç o məscidlərin yerini belə tanımıram. Əgər söhbət ümumiyyətlə məscidlərin sökülməsindən gedirsə, əlbəttə, bunun tərəfdarı deyiləm. Bu haqda fikrimi aidiyyəti qurumlara da çatdırmışam. Lakin bütün dünyada da qəbul olunub ki, xalq üçün əhəmiyyətli işlər görülərkən, məsələn, yol çəkilərkən danışıqlar yolu ilə bu işlər həyata keçirilir”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı APA-ya deyib ki, “Sovetski”dəki həmin məscidlər heç bir qeydiyyatda deyil, köhnə olduğu üçün yararsız hala düşüb: “Ərazidə bütün köhnə tikililər sökülür, o cümlədən orada iş aparılır”.
Həmin ərazidə yaşayan insanlarla söhbət aparıldığını, lazım gələrsə, başqa yerdə eyni məhəllə məscidinin tikiləcəyini, sakinlərlə məsələnin razılaşdırıldığını deyən komitə sədri bildirib ki, məsələ ətrafında din adı altında süni ajiotaj yaratmaq istəyənlər var: “O məscidlərə ən çox halda cümə və bayram namazına 80-100 nəfər ancaq yığılardı. Vaxt namazlarında isə 15-20 nəfər gələr və ya gəlməzdi. Ora nə tikili, nə də məscid kimi qeydiyyatdadır. Ötən əsrin əvvəllərində tikilmiş, tamamilə yararsız hala düşmüş məhəllə məscidi deyilən bir yer idi. Ərazinin ətrafında 4 böyük məscid fəaliyyət göstərir, insanlar ibadətlərini edirlər. Bu səbəbdən oradakı sakinlərin heç bir narazılığı yoxdur”.
Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov bəyan edib ki, Hacı Əbdülrəhimbəy Qulubəyov məscidi hazırda qorunan abidələr siyahısında deyil: “Bir il əvvəl siyahıdan çıxarılıb. Səbəb də həmin abidənin dayanıqlığının zəif olmasıdır. Məscidin bərpası və yenidən qurulması mümkün deyil”.
Zakir Sultanov əlavə edib ki, Hacı Cavad məscidi də qorunan abidələr siyahısında deyil.