“Bakı parklar, göllər şəhəridir. Biz gölləri təmizlədik. Biz ekoloji fəlakət mənbəyi olan Bibiheybət buxtasını təmizlədik. Biz ekoloji təhlükə mənbəyi olan Böyükşor gölünü təmizlədik”. Novator.az bildirir ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin 10 aprel iclasında belə deyib.
Dövlət başçısı turizmlə bağlı məsələyə toxunaraq qeyd edib ki, ötən il turistlərin, xarici vətəndaşların Azərbaycana səfərləri 11 faiz artıb: “Bu ilin birinci rübündə artıq 25 faiz artım var. Bu da çox gözəl göstəricidir. Bunun bir çox səbəbləri var. Birincisi, Azərbaycanda mövcud olan və son illər ərzində yaradılmış müasir infrastruktur. Bizim 6 beynəlxalq aeroportumuz var. Bizim ən son modellərlə təchiz edilmiş hava nəqliyyatımız var. Bütün bölgələrə gözəl yollar çəkilib. Bakıda və bölgələrdə gözəl otellər tikilib. Bakıda dünyanın demək olar ki, bütün aparıcı otel şəbəkələri öz otellərini idarə edirlər. Bütün bölgələrdə müasir otel infrastrukturu, müalicəvi turizm inkişaf edir.
Biz ənənəvi turizm bölgələrini bərpa etdik. Vaxtilə – sovet dönəmində Naftalana 70 min turist gəlirdi. Verilən son məlumata görə, hər il təxminən 30-35 min insan buraya müalicə almağa gəlir. Biz Qalaaltı kurortunu bərpa etmişik, özü də yüksək səviyyədə. Sovet vaxtında orada olan vətəndaş indi görür ki, burada yerlə göy qədər fərq var.
Biz digər müalicəvi turizm zonalarını yaratdıq, yeni turizm obyektləri istifadəyə verildi. Qusarda Şahdağ, Qəbələdə Tufandağ xizək kompleksləri ən müasir turizm infrastrukturudur. Bunlar olmasaydı, ölkəmizə kim gələrdi?
İkincisi, ölkəmizdə mövcud olan sabitlik. İndi turistlər də baxırlar ki, hara getsinlər, riskli yerlərə getmək istəmirlər. Bilirlər ki, Azərbaycanda onların təhlükəsizliyi qorunacaq. Bilirlər ki, Azərbaycan sabit ölkədir. Bu da önəmli amildir.
Növbəti amil mənim göstərişimlə “ASAN viza” sisteminin yaradılmasıdır. Mənə bu yaxınlarda məruzə edildi ki, üç ay ərzində “ASAN viza” xətti ilə 40 min viza verilib. Bu sistem Azərbaycana viza ilə gələnlərə şamil olunur. Səksəndən çox ölkənin vətəndaşı elektron viza alır. Bunlar olmasaydı, turizm inkişaf edə bilərdimi? Əlbəttə, bizim tariximiz, tarixi abidələrimiz, gözəl iqlimimiz, xalqımızın qonaqpərvərliyi, zəngin mətbəxi də bu işdə rol oynayır. Ancaq bunlar hamısı var idi. Bəs niyə turizm inkişaf etmirdi? Biz bu sahədə inkişafı niyə görmürdük? Ancaq bu məsələni mən şəxsən öz nəzarətimə götürəndən sonra burada dönüş yarandı. Mənim yadımdadır, dəfələrlə müxtəlif dövlət qurumlarına göstəriş vermişdim ki, bu viza məsələlərini həll edin. Çünki vizalarla bağlı pozuntular bizim imicimizə zərbə vururdu. Xarici vətəndaş o vizanı səfirlikdən almaq üçün min əziyyətə qatlaşmalı olurdu, onu get-gələ salırdılar, qanunsuz tələblər irəli sürürdülər. Bu məsələ birdəfəlik həll olundu. İndi bu olmasaydı, Azərbaycana kim gələrdi? Bəzi xarici ölkələrdə olarkən görüşlər əsnasında mənə deyirdilər ki, biz Azərbaycana gəlmək istəyirik, bizim vətəndaşlar gəlmək istəyirlər, amma çox çətindir. Gərək bir həftə, iki həftə əvvəl planlaşdırasan, bilinmir hələ sənə viza verəcəklər, ya verməyəcəklər, bizim konsulumuz olan başqa şəhərə getməlisən. Xarici vətəndaş min bir əziyyətdən çıxırdı ki, Azərbaycana gəlsin. Mən bu məsələni tam diqqətə götürdüm və dərhal inqilabi dönüşlər yarandı. Ona görə turistlərin axınının əsas səbəbləri budur – bizim siyasətimiz, verdiyim göstərişlər, onların icrası, viza və təhlükəsizlik məsələləri, müasir infrastruktur, otellər, istirahət zonaları və əlbəttə ki, Bakının gözəlliyi.
Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Ancaq Bakı necə idi? Bu artıq yaddan çıxır. Qaranlıq küçələr, bulvar nə gündə idi. Adam qorxurdu bulvara getməyə. Heç kim bulvara çıxıb orada ailəsi ilə gəzmirdi. Dağılmış binalar, daxmalar, dar yollar – bu idi əvvəlki Bakı. İndi Bakının tarixi binaları tarixi irsimiz qorunmaqla təmir edildi. İçərişəhər artıq dünyanın ən cəlbedici tarixi yerlərinin birinə çevrildi. Bakı Bulvarının uzunluğu 3 kilometrdən 16 kilometrə çatdırıldı, söküntü işləri aparıldı, yeni yollar açıldı, yeni parklar salındı. Bu gün Bakı parklar, göllər şəhəridir. Biz gölləri təmizlədik. Biz ekoloji fəlakət mənbəyi olan Bibiheybət buxtasını təmizlədik. Biz ekoloji təhlükə mənbəyi olan Böyükşor gölünü təmizlədik və hələ ki, burada işlər davam edir. Bunlar olmasaydı, hansı turist Azərbaycana gələrdi? Biz beynəlxalq yarışlar keçirdik, dünyanın diqqətini cəlb etdik. Biz “Eurovision”, Avropa Oyunları, 500 milyon auditoriyası olan “Formula-1” keçirdik. Biz İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Bunlar olmasaydı, kimsə gələrdimi? Əsas amillər bunlardır, bunu hamı bilsin və düzgün qiymətləndirsin”.