Prezident İlham Əliyev Nazirlər Kabinetinin 10 aprel iclasında deyib ki, önəmli məsələlərdən biri makroiqtisadi sabitlikdir: “Makroiqtisadi sabitliyi möhkəmləndirməliyik. Süni qiymət artımına yol verilməməlidir. İstehlak qiymətlərinə daim diqqət göstərilməlidir, bu, nəzarət altında olmalıdır. Hesab edirəm ki, bütövlükdə makroiqtisadi sabitlik baxımından 2017-ci il əvvəlki illərlə müqayisədə daha uğurlu olacaq. Bunu deməyə kifayət qədər əsaslar var. Bu istiqamətdə düşünülmüş və çox çevik siyasət aparılmalıdır.
Dövlət büdcəsinin icrası uğurla gedir. Həm gömrük, həm vergi orqanları rüblük planı artıqlaması ilə yerinə yetiriblər. Bu, yaxşı haldır. Eyni zamanda büdcə xərcləri də 100 faiz icra edilməlidir. Çünki əvvəlki illərdə bəzi hallarda investisiya xərclərində nəzərdə tutulan vəsaitdən tam istifadə edilmirdi. Bu il isə həm qəbul edilmiş pul proqramı, eyni zamanda xərclərlə gəlirlər arasındakı tarazlıq tam təmin edilməlidir. Builki investisiya proqramı kifayət qədər təsirli olmalıdır. Bu gün ölkə üçün ən lazımlı layihələrə kifayət qədər vəsait ayrılır və birinci rübdə işlər yaxşı gedir. Gərək investisiya proqramı tam şəkildə icra edilsin”.
Novator.az-ın məlumatına görə, dövlət başçısı ölkənin maliyyə vəziyyətinin yaxşı olduğunu qeyd edib: “Biz bu il valyuta ehtiyatlarımızı üç ay ərzində 1 milyard dollar səviyyəsində artırmışıq. Valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfədən çox artıqdır. Bu, dünya miqyasında çox nadir hallarda rast gəlinən bir mənzərədir. Bir çox inkişaf etmiş ölkələrdə xarici borc ümumi daxili məhsuldan çoxdur, valyuta ehtiyatları xarici borcun heç 20 faizini ödəyə bilmir. Ancaq bizdə xarici borc ümumi daxili məhsulun 20 faizini təşkil edir, çox aşağı göstəricidir. Valyuta ehtiyatlarımız isə xarici borcdan beş dəfədən çox artıqdır.
Bu il inşaat sektorunda canlanma müşahidə olunur. Bu da təbiidir. Çünki keçən il görülmüş işlər, qəbul edilmiş qərarlar artıq özünü büruzə verir. Mənə verilən məlumata görə, hazırda Bakı şəhərində 300-dən çox yeni çoxmərtəbəli bina tikilir. Bu da özlüyündə gözəl bir göstəricidir. Burada minlərlə yeni iş yeri yaradılır. Keçən il biz daha çox inşaat sektorunda iş yerlərini itirdik. Bu il bu bərpa edilir. Həm qəbul edilmiş qərarlar, dövlət investisiyaları və əlbəttə, özəl sektorun fəallaşması yeni bir vəziyyətə gətirib çıxarır. Keçən il Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə böyük şəhərciyin təməl daşı qoyuldu, inşaat işləri gedir. İndi ikinci layihənin icrası gözlənilir. “Ağ Şəhər” layihəsinin birinci mərhələsi başa çatıb. Hələ növbəti beş il ərzində onlarla bina tikiləcək. Bakının müxtəlif yerlərində artıq müddəti keçmiş və yararsız vəziyyətdə olan binaları sahibkarlar sökür. Orada yaşayan vətəndaşlara ya kompensasiya verilir, ya da vəsait ayrılır ki, onlar kirayədə yaşasınlar. Köhnəlmiş, qəzalı vəziyyətdə olan o binaların yerində çoxmərtəbəli, gözəl memarlığı ilə seçilən binalar tikilir”.
İlham Əliyev bildirib ki, sənaye istehsalı və kənd təsərrüfatı əsas prioritet istiqamətlərdir: “Hər iki istiqamət üzrə yaxşı nəticələr var. Qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artıb. İndi rayonlarda sənaye zonaları yaradılır. Mingəçevir Sənaye Parkında ilk zavodlar bu ilin sonunda istifadəyə veriləcək. Sumqayıt Texnologiyalar Parkında, Kimya Sənaye Parkında, Pirallahı və Balaxanı Sənaye parklarında, Neftçala Sənaye Məhəlləsində işlər yaxşı gedir. Yəni bu proses artıq gedir. Bir neçə il bundan əvvəl mən qeyd etdim və tapşırıq verdim ki, hər bir rayonda sənaye zonası tikilsin. Biz artıq bunu görürük. Bütün rayonlar bu işlərə fəal qoşulmalıdır.
Mən sahibkarların diqqətini böyük bir layihəyə cəlb etmək istəyirəm. Bu, Sumqayıt Kimya Sənaye Parkında yaradılmaqda olan “SOCAR Polimer” zavodudur. Bu, çox nəhəng sənaye müəssisəsidir, yüz milyonlarla dollar sərmayə qoyulur və çox gözəl məhsul istehsal edəcək. Bu məhsul həm daxildə istifadə olunacaq, həm də ixrac yönümlüdür. Ancaq mən qeyd etməliyəm ki, bu xammalın əsasında çox ciddi bir sənaye sahəsi yaradıla bilər. Biz demək olar ki, indi bütün hazır plastik məhsulları xaricdən idxal edirik. Ancaq “SOCAR Polimer”in işə düşməsindən sonra Azərbaycanda hazır məhsul istehsal etmək üçün yaxşı imkanlar yaranır və bu, biznes üçün də çox gəlirli bir sahə olacaq. “SOCAR Polimer”in bir çox hazır məhsulu əsasında zavodlar, fabriklər yaradıla bilər. Bu həm yeni iş yerlərinin yaradılması deməkdir, həm də sahibkarlara əlavə gəlir gətirəcək və bizim ixrac məhsulumuz da daha böyük qiymətə xarici bazarlara çıxarılacaq.
Kənd təsərrüfatının inkişafı üçün bu il 150 min hektar yeni torpaq sahəsinin suvarılması nəzərdə tutulur, vəsait ayrılıb və bu layihələr nəzarət altında olmalıdır ki, biz il ərzində bu rəqəmə çata bilək. Hesab edirəm ki, bu, inqilabi bir dəyişiklik olacaq və kənd təsərrüfatı istehsalını artıran amillərdən biridir, bəlkə də birincisidir. Kənd təsərrüfatı məhsullarının həcmi artmalıdır, daxili tələbatı tam təmin etməliyik. İxrac yönümlü məhsulların həcmini artırmalıyıq, məhsuldarlıq yüksəldilməlidir, ən müasir texnologiyalar tətbiq olunmalıdır. Torpaqların dəqiq uçotu aparılmalıdır. Bu istiqamətlərdə işlər gedir, göstərişlər verilib. Torpaqların müasir üsullarla dəqiq təhlili aparılmalıdır. Torpaqların keyfiyyəti haqqında bizdə müfəssəl məlumat olmalıdır. Biz bu sahədə böyük təcrübə toplamış ölkələrin təcrübəsini gətirməliyik, ondan istifadə etməliyik ki, hansı sahədə, hansı bölgədə hansı məhsul yetişdirilməlidir. Yəni bundan sonra da biz buna kortəbii yox, ancaq fərdi qaydada yanaşmalıyıq və subsidiya məsələləri də buna görə hesablanmalıdır. Mən artıq müvafiq göstərişlər vermişəm, biz buna baxmalıyıq. İndi subsidiyaların verilmə prosedurları təkmilləşdirilir. Ancaq hesab edirəm ki, biz gələcəkdə rayonlaşma siyasətinə daha da ciddi baxmalıyıq. Biz bilməliyik, hansı bölgələrdə hansı məhsulun yetişdirilməsinə nə qədər subsidiya verilməlidir ki, təbii imkanlarımızdan daha da səmərə ilə istifadə edək.
Bütövlükdə özümüzü ərzaq məhsulları ilə təminetmə istiqamətində işlər yaxşı gedir. Hər il regionların sosial-iqtisadi inkişafına dair konfransda mən bu rəqəmləri səsləndirirəm. Deyə bilərəm ki, bizim yeganə zəif yerimiz taxılçılıqdır. Bunu nəzərə alaraq mən göstəriş verdim ki, Prezident Administrasiyasında geniş müşavirə keçirilsin və keçirildi. Bütün tapşırıqlar verildi. Ondan sonra mən taxılçılığın inkişafı və ilk növbədə təhlilin aparılması ilə bağlı müvafiq sərəncam imzaladım. Burada çox geniş informasiya yığılmalıdır, statistika düzgün təhlil edilməlidir və bir çox suallara cavab verilməlidir. Necə olur ki, biz taxılçılığa bir milyon hektar torpaq ayırmışıq, amma özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik. Bu sual sadə səslənsə də, onun arxasında bir çox məqamlar var. Ona görə dəqiq təhlil aparılmalıdır, bizə nə qədər ərzaq buğdası, bütövlükdə taxılçılıq üçün torpaq sahəsi lazımdır ki, özümüzü keyfiyyətli buğda ilə, taxılla təmin edək və əlbəttə, idxaldan asılılığı azaldaq. Çünki mənə verilən məlumata görə, biz hər il idxala təxminən 300 milyon manat pul ayırırıq. Burada uçot, təhlil, elektron nəzarət, peyk nəzarəti olmalıdır. Bizim peykimiz var və qısa müddət ərzində torpaqların münbitliyinin, məhsuldarlığının dəqiq analizi aparılmalıdır.
Digər önəmli məsələlərdən biri qeyri-neft sektorunun istehsal etdiyi malların ixracı ilə bağlıdır. Bu da indi uğurla inkişaf edən bir istiqamətdir. Həm islahatlar aparıldı, həm institusional tədbirlər görüldü, “Azexport” portalı yaradıldı. Azərbaycan brendi indi dünyada təbliğ edilir. Biz bir çox sərgilərdə iştirak etmişik və yenə də iştirak etməliyik. Müxtəlif ölkələrdə ticarət evləri yaradılır, ticarət-ixrac missiyaları həyata keçirilir. Müvafiq sərəncamlar verildi, vəsait ayrıldı. Xarici media vasitələrində reklam kampaniyaları aparılmalıdır ki, biz “Made in Azerbaijan” brendini tanıtdıraq”.
Dövlət başçısı deyib ki, bu il kəndlərdə yaşayan əhalinin təmiz içməli su ilə təmin edilməsi üçün 270 kiçik layihə icra olunacaq: “Bu təmizləyici qurğuların 170 kənddə quraşdırılması “Azərsu” ASC-nin, 100 kənddə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə təmin ediləcək. Müvafiq sərəncam imzalanıb. Bütün kəndlərin adları bu sərəncamda göstərilib. Mən xüsusilə belə tapşırıq verdim ki, həm o kəndlərin sakinləri, həm bu işi icra edənlər bilsinlər, bu məsələ nəzarət altındadır. Əgər sadəcə o sərəncamda yazılsaydı ki, 100 və ya 200 kəndin su problemi həll edilsin, buna filan qədər vəsait ayrılsın, sonra ona nəzarət etmək çox çətin olacaqdı: 100 kəndəmi, yoxsa 50 kəndə su verildi? Sərəncamda bütün o rayonların, kəndlərin adı göstərilib və mən o kəndlərin sakinlərindən xahiş edirəm ki, onlar da nəzarət etsinlər. Götürsünlər o sərəncamı baxsınlar. Əgər onların kəndi o siyahıda varsa və o iş görülmürsə dərhal yerli icra orqanlarına, Prezident Administrasiyasına məlumat versinlər. Əlbəttə ki, əgər o işdə hansısa bir qüsur olarsa, buna yol verən şəxslər müvafiq qaydada cəzalandırılacaqlar. Mən bunu ona görə deyirəm ki, ictimai nəzarət güclənsin. Mən dəfələrlə bu barədə demişəm ki, ictimai nəzarəti gücləndirmək üçün gərək ictimaiyyətdə məlumat olsun. 270 kəndin modul tipli təmizləyici qurğularla təmin edilməsi bu il başa çatmalıdır, vəsait ayrılıb və nəzarət də olmalıdır”.
İlham bölgələrdə məşğulluğun artırılmasının daim diqqət mərkəzində olduğunu vurğulayıb: “Mən bunu dəfələrlə demişəm ki, biz bu məsələni daim diqqətdə saxlamalıyıq. Çünki bizdə əhali artır, bu il də, gələn illərdə də artacaq və artan əhali üçün gələcəkdə yeni iş yerləri lazım olacaq. Azərbaycanda demoqrafik vəziyyət çox yaxşıdır, əhali artır. Ancaq bu bizi daha da fəal işləməyə sövq etməlidir. Ona görə məşğulluğun artırılması həmişə gündəlikdə duran məsələ olacaq. Biz bunu həll edirik. Mən qeyd etdim ki, həm dövlət, həm özəl sektorda 70 min daimi iş yeri yaradılıb, mövsümi işlərlə bərabər 85 min. Bu, üç ay üçün böyük rəqəmdir və bu işləri davam etdirməliyik. Eyni zamanda özünüməşğulluq proqramı geniş vüsət almalıdır. Artıq birinci addımlar atılıb və bu həm dövlət orqanları, yerli icra orqanları, həm də özəl qurumların həyata keçirdiyi layihələr olmalıdır. Çünki hər bir ailənin, yəni hələ yoxsulluq şəraitində yaşayan ailənin imkanı olmalıdır ki, öz ehtiyacını özü ödəsin və biz bu imkanı yaratmalıyıq. Əlbəttə, dövlət çətin vəziyyətdə yaşayan vətəndaşlara həmişə qayğı, diqqət göstərir, ünvanlı sosial yardım proqramı icra edilir. Ancaq biz tədricən özünüməşğulluq sisteminə keçməliyik. Bu, vətəndaşlar üçün də daha əlverişlidir, daha yaxşıdır. Onların öz ailə büdcələri olacaq. Sadəcə biz onlara kömək etməliyik. Kənd yerində onlara şərait yaradılmalıdır, mal-qara, ev quşları verilməlidir. Arıçılıq, heyvandarlıq burada çox böyük rol oynaya bilər ki, onlar öz büdcələrini özləri təmin etsinlər”.