Jurnalist Azər Qaraçənlinin martın 18-də Novator.az saytının keçirdiyi din və terror mövzulu dəyirmi masadakı çıxışının mətni
Su bizə həyat verir. Amma su bizi öldürə də bilər. Bizə yaşamağı öyrədən dini-fəlsəfi-əxlaqi təlimlər də belədi. Onlar bizi öldürə də bilir. “Öldürmək” sözünü mən burda təkcə kiminsə başqasını öldürməsi mənasında işlətmirəm. “Öldürmək” deyəndə mən həm də insanın özünü öldürməsini, özü də təkcə fiziki cəhətdən yox, həm də mənəvi, psixoloji baxımdan öldürməsini, ömrünü-gününü zəhərləyib dünyanı başına dar eləməsini nəzərdə tuturam. Bizə yaşamağı öyrədən təlimlər bizi yaşamaqdan – həm fiziki-bioloji, həm də mənəvi-psixoloji cəhətdən – məhrum eləyə də bilər.
Heç bir əxlaq təlimi – heç bir din, fəlsəfə, ideologiya, adət-ənənə, kodeks özünü bu təhlükədən sığortalaya bilməyib. Hələ heç bir əxlaq təliminə qismət olmayıb ki, öz məntiqini birbaşa, ya dolayı qətlə, açıq, ya gizli intihara aparıb çıxarmaqdan qoruya bilsin. Bu bədbəxtliklərə istənilən təlimin məntiqiylə gedib çıxmaq olur. Bizi xoşbəxt eləməyə çalışan hər bir əxlaq təliminin məntiqindən bizi bədbəxt eləyə biləcək hökmlər çıxarmaq olur. Heç bir təlim özündən belə nəticələr çıxmasının qarşısını ala bilməyib.
Bu baxımdan təkcə açıq-aşkar şər niyyətlə yaradılan ideologiyalar təhlükəli deyil, büsbütün xeyir məqsədə çalışan ideyaların da təhlükəsi var. Çünki onlar da öldürə bilər, onlar da bədbəxt eləyə bilər.
Bu gün biz yalnız xeyir məqsəd üçün yaradılmış, insanın qurtuluşu naminə Tanrının bir mərhəməti, köməyi kimi göydən enmiş ideyalardan birinin – islam dininin müzakirəsinə toplaşmışıq. Daha dəqiqi, biz islam dininin nəyə görə təhlükəli nəticələr də doğurduğunu müzakirə eləyirik. Necə olur ki, bu dünyanı pak, müqəddəs, qüsursuz, yalnız şükrə, tərifə layiq bir varlığın yaratdığını deyən, o varlığı şəksiz və tərəddüdsüz bir vurğunluqla təbliğ eləyən, Yaradanın yenilməz qüvvət və hikmət sahibi olduğunu, hər şeyə qadir, hər şeydən xəbərdar olduğunu dönməz iradəylə car çəkən, insanları halallığa, saflığa, bu dünyanın iblisanə şirnikləndirmələrinə uymamağa, namərdlik, nankorluq, haqsızlıq eləməməyə, şər törətməməyə çağıran, hətta günahkar bəndələri də ruhdan düşməyə qoymayan, Tanrının mərhəmətli, rəhmli, həlim olduğunu, tövbələri qəbul elədiyini xatırlatmaqla hər kəsə ümid verən, qapı açan, pisləri düz yola qayıtmağa, yaxşıları daha yaxşı, daha təvazökar, daha mehriban olmağa çağıran, təkəbbürü rədd eləyən, insanlar arasında bərabərlik aşılayan, hətta onların arasından seçilmiş elçiləri də hamı kimi Yaradanın qulu adlandıran bir dindən – islam dinindən qan-qadalı işlərdə də istifadə olunur? Necə olur ki, belə bir dinin bayrağı altında qətl də törədilir?
Elə bilməyin mən dərhal deyəcəm: yox, islam – qətl demək deyil, islam heç vaxt qətlə aparıb çıxara bilməz! Bəli, islam qətl demək deyil. Xristianlıq da qətl demək deyil. Buddizm, iudaizm, zərdüştilik də qətl deyil. Amma onların hər biri, hər bir din, fəlsəfə, əxlaq təlimi qətlə aparıb çıxara bilər, çıxarır da. Və bunun həmin təlimlərdən asılı olan, yəni subyektiv səbəbləri olduğu kimi onlardan asılı olmayan, obyektiv səbəbləri də var.
Nədi obyektiv səbəblər? Birincisi odu ki, istənilən əxlaq təliminin, hər bir dinin, fəlsəfənin kökündə əbədiyyət və fanilik, xeyir və şər anlayışları durur. Bu, baza prinsiplərdi, bunsuz əxlaq sistemi ola bilməz. Əbədiyyət-fanilik, xeyir-şər anlayışları olan yerdəsə həmişə qətlə gedib çıxmaq olar. Hansı təlim bizə başqa dünyada əbədiyyətin olduğunu deyirsə, o təlim bizi bu dünyada qətlə aparıb çıxara bilər. Hansı təlim bizə bu fani dünyadan başqa heç bir dünyanın olmadığını deyirsə, yenə qətlə aparıb çıxara bilər. Hansı təlim bizə həm xeyrin, həm də şərin olduğunu deyirsə, qətlə apara bilər. Hansı təlim nə xeyrin, nə də şərin olduğunu deyirsə, yenə qətlə apara bilər. Yalnız xeyrin olduğunu, şərin olmadığını deyən təlim də, heç bir xeyrin olmadığını, hər şeyin şər olduğunu deyən təlim də bizi qətlə aparıb çıxara bilər. Beləliklə, insanı şərdən və onun ən ağır növlərindən olan qətldən qorumaq istəyən dinlər, fəlsəfələr çətin vəziyyətdədi. Eləcə əbədiyyət və fanilik, xeyir və şər haqqında təsəvvürlərin olması şərə, qətlə aparıb çıxara bildiyinə görə dinlərin və fəlsəfələrin bizi şərdən və onun ən ağır növlərindən olan qətldən axıracan, birmənalı şəkildə qorumağa gücü yetmir.
Bu, obyektiv səbəbdi, yəni təlimlərin özündən asılı məsələ deyil. Təlimlər özlərini nə qədər cilalasalar, nə qədər çapalasalar da, bundan qurtula bilmirlər.
Bir az obyektiv, bir az subyektiv olan bir səbəb də odu ki, insanın istənilən hökmdən istənilən nəticəyə gəlib çıxa bilən formal məntiqi var. Mən bayaq deyəndə ki, əbədiyyət-fanilik, xeyir-şər haqda təsəvvürlər qətlə gətirib çıxara bilər, bu zaman formal yox, məzmunlu məntiqi nəzərdə tuturdum. Amma təkcə məzmunlu məntiqlə yox, formal məntiqlə də insan əxlaq təlimlərini qətlə gətirib çıxara bilir.
Hər hansı bir hökmə formal məntiqlə yanaşanda onun məzmununa deyil, zahirən həmin hökmün doğurduğu əqli nəticələrə nəzər salırsan. Yəni formal məntiq əslində sənin hər hansı bir hökm üzərində apardığın əqli əməliyyatlardan ibarətdi. Belə əməliyyatlar sayəsində ilkin şərtlə – başdakı hökmlə istənilən hökm arasında formal da olsa bir əlaqə yaratmaq olur. Məzmuna fikir verməsən həmin əlaqəyə həqiqi əlaqə kimi baxacaqsan. Formal məntiqlə, yəni əqli əməliyyatlar yoluyla istənilən hökmdən istənilən nəticəyə gəlib çıxmaq mümkün olduğuna görə insan istənilən əxlaq təliminin hökmünü istənilən yerə, o cümlədən qətlə gətirib çıxara bilir. Elə bir təlim yoxdu ki, insanın mühakiməsi onu bu yolla təhrif eləyə bilməsin. Heç bir ideologiya özünü bu ağrılı gedişatdan qoruya bilməyib. Heç bir ideya – dediklərindən demək istəmədiyi nəticənin çıxmasına mane ola bilmir. Heç bir təlim öz məzmununa, ana xəttinə keçilməz sədd çəkə bilmir. Bu səddən həmişə sızmalar olur. İnsanın mühakiməsi, bəzən formal, bəzən də məzmunlu mühakiməsi istənilən ideyanın sərhədini yarıb keçə bilir.
Əxlaq təlimlərini çətin vəziyyətdə qoyan bir də odu ki, ideallarla reallıq toqquşur, onları bir araya gətirmək olmur, onlardan birini kəsib tullayanda da problem həllini tapmır, kəsib tullamayanda da. Təlimlər nə reallığı rədd eləyib sırf idealizmə köklənəndə qanın qabağını ala bilir, nə də reallığı qəbul eləyəndə.
“İncil” deyir: Öldürmə!
Ancaq bu hökm bizim həyatımızı təhlükə altına atır, çünki sən öldürməsən də, səni öldürmək istəyənlər var.
“Quran” bizi bu təhlükədən qurtarmağa çalışır, deyir: Sizinlə vuruşanla siz də vuruşun, amma həddi aşmayın, Allah həddi aşanları sevməz!
Vuruşuruq, lap “Quran”da buyurulduğu kimi yalnız Allah yolunda, həddi aşmamaq şərtiylə və yalnız bizimlə vuruşanla vuruşsaq da, yenə təhlükə aradan qalxmır, yenə qan tökülür.
Çıxış yolu nədədi? Sən təlimini “Öldürmə!” tipli idealizm üzərində qursan, o, reallığa uyğun gəlməyəcək və qanlı nəticələr doğuracaq. Reallığı nəzərə alıb təlimində “Sizinlə vuruşanla vuruşun!” tipli istisnaya yol versən, yenə qanlı nəticələr doğacaq.
“Öldürmə” prinsipi də, “Sizinlə vuruşanla vuruşun” prinsipi də təhlükənin qarşısını almağa yönəlib. Amma onların heç biri məqsədinə çata bilməyib. Bəs belə vəziyyətdə neyləyəsən? Məqsədə necə çatasan?
“İncil”də deyilir: öldürmə, bir üzünə şillə vuranda o biri üzünü çevir, ittiham eləmə, görürsənmi hətta İsa peyğəmbər də ittiham eləmir!
Ancaq özünü İsa Məsihin davamçısı sayan yüz minlərlə adam təpədən dırnağa silahlanıb, onlar hər gün yeni silah kəşf eləyirlər, hətta atom bombasına da yiyələniblər və bu bombanı iki dəfə adamların üstünə atıblar.
“Quran”da deyilir: Allah mehribandı, bağışlayandı, nəinki başqalarının, hətta peyğəmbərin də insanlar üzərində hakimlik eləməyə haqqı yoxdu, Məhəmməd yalnız bir təbliğatçı, təşviqatçıdı.
Ancaq özünü Məhəmməd ümməti sayan yüz minlərlə adam təpədən dırnağa silahlanıb, üstəlik, hər gün bir yeni silah ələ keçirməyə çalışır və yəqin ki, əllərinə atom bombası düşsə onu da adamların üstünə atarlar.
İnsan oğlunu bu qanlı yoldan necə döndərəsən? Bayaqdan sual verirəm, icazə verin bir cavab da verim: çıxış yolu yenə ideallardadı, başqa yol yoxdu. Bəli, hansı idealı götürsən, problemlə üzləşəcək, nə qədər yenisini düşünsən, yenə problemlə üzləşəcək, amma başqa yol da yoxdu.
İlk baxışdan əxlaq təlimləri, o cümlədən dinlər məğlub görünür, çünki onlar məqsədlərinə çata bilməyiblər. Amma onlar məqsədə gedən yolda böyük işlər görüblər. “İncil” olmasaydı, “Quran” olmasaydı, xristianlıq, islam, buddizm, iudaizm, zərdüştilik, konfutsilik və daha neçə-neçə təlim olmasaydı, dünya indikindən qəddar, indikindən bədbəxt olardı.
Mən belə bir fikirlə tam razıyam ki, insanın dini-fəlsəfi-əxlaqi təlimləri qavramaq, anlamaq səviyyəsi kamilləşməlidi. Ancaq buna da yalnız təlimlə nail olmaq olar, başqa yol yoxdu.
Hər böyük əxlaq təliminin – hər dinin, fəlsəfənin bir məqsədi də dünyada qətlin, qanın kökünü kəsməkdi, ona görə əxlaq təlimlərini, onların nəinki humanist, hətta sərt hökmlərini də düzgün qavramaq, o hökmlərin ortaya çıxma səbəbini, hansı dövrdə, hansı şəraitdə ortaya çıxdığını, nə məqsədlə, nə niyyətlə verildiyini anlamaq gərəkdi. Əbədiyyətin olduğuna, kainatın işıqlı bir başlanğıcı olduğuna inanan hər bir təlim, hər din, hər fəlsəfə əslində eyni şeyi təbliğ eləyir, onlar arasında qalan fərqlər ikinci dərəcəli məsələlərdi, birinci dərəcəli olanı qoyub ikinci dərəcəli olanlardan yapışmaq ağılsızlıqdı. Məhəmməd peyğəmbərin bir hədisdə bildirdiyi kimi, “Quran”ın zahiri və batini var, batininin də bir batini, ondan sonra yeddiyə qədər də batini var və burda “yeddi” rəqəmi deyil, mənanın sonsuz dərinliyini ifadə eləyir.
“İncil” də belədi, “Tövrat” da, Buddanın kəlamları da belədi, Konfutsinin kəlamları da. Ona görə mənaları, mahiyyəti qoyub hərfləri, vergülləri güdmək dayazlıqdı.
Mən yaxşı başa düşürəm ki, dini radikalizm adlanan problemdən danışanda onun ictimai, siyasi, iqtisadi səbəblərinə də toxunmalıyam. Ən azı ona görə ki, elə çıxmasın mən bu amilləri məsuliyyətdən kənar eləyirəm. Ona görə deməliyəm ki, adamların radikallaşmağının bir səbəbi də onların səfalət içində yaşaması, səfalət içində yaşamayanların da qeyri-insani, sərt, avtoritar rejimlərin qorxusu altında yaşamasıdı. Deməliyəm ki, milyonlarla, milyardlarla adamın taleyi haqda qərar verən siyasi liderlərin səviyyəsi əslində onların tutduğu postdan qat-qat aşağıdı, onlar Musanın, İsanın, Məhəmmədin, Buddanın, Konfutsinin heç dırnağının tozu da deyillər, Ramiz Rövşənin ayağı biləni onların başı bilmir və buna görə də onların verdiyi qərarlar dünyanı bədbəxt eləyir. Deməliyəm ki, onların zərrəcə vicdanı olsa gecə-gündüz bardaş qurub mənəviyyat adamlarının qarşısında oturarlar, yığışarlar mənəviyyat adamlarının başına, dünyanı bəlalardan qurtarmağa çalışarlar. Ancaq onların əksəri əllərinə düşən tarixi şansdan, əslində çox qiymətli bir şansdan yalnız nifaq salmaq, qan tökmək, xalqları, dövlətləri, dinləri, məzhəbləri bir-birinə vurmaq, özlərinə var-dövlət, cah-calal yığmaq üçün istifadə eləyirlər.
Çox şey demək olar. Sadəcə mən problemin iqtisadi, siyasi, ictimai səbəbləri barədə çox danışıldığını nəzərə alıb, məsələnin nisbətən az müzakirə olunan tərəflərinə diqqət yönəltmək istədim. İnanıram ki, məni düz başa düşəcəksiz. Hərçənd düz başa düşülmək – heç bu qədər sevilən, öyülən peyğəmbərlərə də qismət olmayıb.