İnternetin qara siyahısını nazirlik tutacaq

588 0

Prezident İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Telekommunikasiya haqqında” qanunlara dəyişiklikləri təsdiqləyib.

Novator.az bildirir ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda yeniliyə görə, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir. Bura terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terrorçuluğa açıq çağırışlar; zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlamasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar; dövlət sirri təşkil edən məlumatlar; odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama qaydası və üsulları barədə məlumatlar; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və üsulları barədə məlumatlar; pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar; qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar; intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədilə yayılan məlumatlar; təhqir və böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar; əqli mülkiyyət hüquqlarını pozan məlumatlar və Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiyalar aiddir.

İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona müraciət daxil olduqda belə informasiyanın informasiya ehtiyatından götürülməsini təmin edir.

Host provayder öz informasiya sistemlərində yerləşdirilmiş internet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiya aşkar etdikdə və ya ona bu barədə məlumat daxil olduqda dərhal informasiya ehtiyatının sahibinin onu götürməsi üçün tədbirlər görür.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə xəbərdarlıq edir.

Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə nazirlik həmin orqanın yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsinə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciət edir.

Dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı və ya insanların həyat və sağlamlığı üçün real təhlükə olduğu təxirəsalınmaz hallarda internet informasiya ehtiyatına müraciət nazirliyin qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılır. Nazirlik bu qərarı qəbul etdikdə eyni zamanda internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə məhkəməyə müraciət edir. İnformasiya ehtiyatına müraciətin müvəqqəti məhdudlaşdırılması barədə qərar məhkəmədə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciətə baxılanadək və ya həmin qərar ləğv edilənədək qüvvədə qalır.

Qanun fəaliyyəti məhdudlaşdırılan internet informasiya ehtiyatının adının qara siyahıya salınmasını da tənzimləyir. Siyahıdakı məlumatların tərkibi, siyahının tərtibi, tətbiqinə nəzarət edilməsi və host və internet provayderlərə qarşılıqlı əlaqənin təşkil edilməsi qaydalarını Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müəyyən edir.

İnternet informasiya ehtiyatı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının siyahısı”na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər internet informasiya ehtiyatına müraciəti məhdudlaşdırmalı və bu barədə internet informasiya ehtiyatının sahibinə məlumat verməlidir.

“Telekommunikasiya haqqında” qanunda dəyişikliklər isə internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunu nəzərdə tutur. İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində uçota durmalıdırlar, habelə uçot məlumatlarında baş vermiş dəyişiklik barədə nazirliyə dəyişikliyin baş verdiyi vaxtdan 10 gün müddətində məlumat verməlidirlər.

İnternet telekommunikasiya xidməti göstərən operator və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində uçota durmadıqda qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id