Martın 16-da yeni yaradılan “Qələm” Yazarlar Birliyinin təqdimatı keçirilib.
Novator.az-ın məlumatına görə, Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunan təqdimat mərasimində yeni təsis olunan yardıcılıq qurumunun məqsəd və məramından danışarkən jurnalist Qurban Cəbrayıl deyib: “Bəşər övladı, dünya xalqları daş, ağac, dəri və sair üzərində müxtəlif işarələrlə fikir bildirənə, əlifba formalaşdırıb yazı vərdişləri əxz edənə qədər də çox zəngin mədəniyyət xəzinəsinə malik idi. Qələm-kağız qovuşuğunda baş verən tərəqqi, intibah isə əvvəl yaranmışların da əbədiləşməsi, tarixin yaddaşına həkk olunması ilə nəticələndi. Və min illərdir təkmilləşərək yol gələn bu prosesin alternativ variantı yoxdur. Doğrudur, elmi-texniki inqilablar, avtomatlaşdırma sayəsində yazı, nəşr, yayım işləri xeyli asanlaşdı, inkişaf tapdı. Amma qələm elə qələmliyində qalaraq, öz nüfuzunu, lazımlılığını, sərfəliliyini, dəstəyini qoruyub saxladı. Qələm həm də müqəddəsdir – Allah-təalanın “Qurani-Kərim”də and yerlərindən biridir: “And olsun qələmə və onunla yazılanlara…” Elə bu səbəbdən də yaratdığımız təşkilatı “Qələm” Yazarlar Birliyi adlandırmaq qərarına gəldik”.
Qurban Cəbrayıl vurğulayıb ki, “Qələm” Yazarlar Birliyi Azərbaycan yazıçılarının, jurnalistlərinin, şairlərinin, filosoflarının, araşdırmaçılarının, tərcüməçilərinin, ümumiyyətlə söz-fikir adamlarının, daha çox da islami, mənəvi-əxlaqi mövzularda yazıb-yaradan qələm sahiblərinin arzularının ifadəçisinə çevrilməyə çalışacaq: “Qurumun ayda bir dəfədən az olmayaraq keçiriləcək toplantılarında yeni işıq üzü görən kitabların təqdimatı, maraq doğuran əsərlərin müzakirəsi, əlamətdar tarixi hadisələr və yubileylərin keçirilməsi, yazarların hüquq və azadlıqlarının müdafiəsi, vətənimizə, dinimizə, mənəvi-əxlaqi dəyərlərimizə yönələn təhqir, böhtan, hədə dolu yazıların cavablandırılması, yanlış, həqiqətdən uzaq informasiyaların təkzibi və başqa bu kimi məsələlər nəzərdə tutulub”.
Daha sonra tədbirə təşrif buyuran qonaqlara söz verilib. “Təhsil” jurnalının əməkdaşı, qocaman jurnalist İdris Hacızadə, DEVAMM sədri, ilahiyyatçı-filosof İlqar İbrahimoğlu, “Məcməüş-şüəra” Ədəbi Məclisinin sədri, tarix elmləri doktoru, professor Şahin Fazil, Azərbaycan Yazıçılar Birliyinin bədii tərcümə və ədəbi əlaqələr şöbəsinin müdiri Səlim Babullaoğlu, Azərbaycan Milli Ensiklopediyasının əməkdaşı Rüstəm Tofiq, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli, siyasi elmlər doktoru, politoloq Rövşən Novruzoğlu, Azərbaycan İslam Partiyası mətbuat xidmətinin rəhbəri Akif Heydərli, şairə Gülarə Munis, Qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu, fəlsəfə doktoru Mail Yaqub, şair-tərcüməçi Hafiz Rüstəm, “Qafqaz-media” İctimai Birliyinin sədri Azadə Taleh, Strateq.az saytının baş redaktoru Elxan Şükürlü, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, Vahid Poeziya Evinin rəhbəri Rafiq Şirvanlı və başqaları çıxış edərək arzu və təkliflərini bildiriblər.
Tövsiyələr sırasında həqiqi islam maarifçiliyinin, vətənpərvərlik mövzusunda müsabiqələrin, mədəni-kütləvi tədbirlərin reallaşması, tarix-mədəniyyət abidələrinin mühafizəsi, humanitar sahədə elmi-tədqiqat işlərinin dərci və təbliğinə töhfə verilməsi istəkləri dilə gətirilib, ölkəmizin yaradıcı şəxslərinin, o cümlədən sərhədlərimizdən kənarda yaşayıb taleyüklü problemlərimizin həllinə çalışan, ümumxalq maraq və mənafelərinin keşiyində duran insanların, bir sözlə, Azərbaycanın hər bir dostunun təşkilata üzvlüyü arzuları səsləndirilib.
Qurban Cəbrayıl bildirib ki, təqdimatdan sonra mərhələli şəkildə təşkilati məsələlərə baxılacaq və “Qələm” Yazarlar Birliyinin rəsmi qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə müraciət olunacaq.
Qurban Cəbrayıl tədbiri bu sözlərlə yekunlaşdırıb: “Bahar mövsümünü yaşayırıq və günəşin torpağa toxunan isti nəfəsi ana təbiəti oyandırmaqdadır. Ən böyük, şaxəli, qol-budaqlı ağaclar belə, bir toxumdan, qələmdən yaşam haqqı qazanıblar. Biz də Azərbaycan media məkanına, münbit düşüncələrə bir “Qələm” əkdik. İnşallah, cücərər, bitər, boya-başa çatar!”