“Nomad Capitalist” şirkəti 2017-ci ilin ən yaxşı pasportlarının siyahısını açıqlayıb. Sənəddə 199 ölkənin pasportları qiymətləndirilib.
Azadliq.org-un məlumatına görə, pasportların əhəmiyyəti 5 əsas faktora – pasport sahibinə verilən şəxsi azadlığın həddinə, vizadan azadlığa, beynəlxalq vergilərin miqdarına, ikili vətəndaşlığa, həmin pasportlara münasibətə görə müəyyən edilir.
2017-ci ilin 10 ən yaxşı pasportu bu ölkələrin pasportlarıdır: İsveç, Belçika, İtaliya, İspaniya, İrlandiya, Finlandiya, Almaniya, Danimarka, İsveçrə, Lüksemburq.
İsveç pasportunun üstünlüklərindən danışan sənəd müəllifləri bu pasport sahibinin 176 ölkəyə vizasız səfər etmək imkanı olduğunu, pasportun xaricdə çox böyük reputasiya qazandığını, İsveç pasportu olanlara bir neçə ölkənin vətəndaşlığını almaq imkanı verildiyini, onların şəxsi azadlığının yüksək səviyyəsini, xaricdə ikən İsveç vergilərindən azad edildiklərini vurğulayırlar.
Belçika Avropa İttifaqının mərkəzidir, bu ölkənin vətəndaşları nəinki birlik ərazisində, dünyanın 174 ölkəsində vizasız gəzə bilərlər. Pasport sahiblərinin vergi azadlığı, ikili vətəndaşlıq imkanları da var. Onlar həmçinin başqa mədəniyyətlərə sayğı ilə yanaşdıqlarına görə seçilirlər.
Danimarka vətəndaşlarına da 174 ölkəni vizasız gəzmək imkanı verilir.
Azərbaycan pasportu 199 pasport arasında 133-cü yeri tutur. Rusiyanın pasportu 82-ci, Gürcüstanınkı 83-cü, Türkiyəninki 88-ci, Ermənistanınkı 132-ci, İranın pasportu isə 191-ci yerdədir.
ABŞ vətəndaşlarının pasportu dəyərinə görə 35-ci yerdə dayanır.
Ən pis pasporta sahib olanlar Əfqanıstan, İraq, Eritreya, Pakistan, Liviya, Suriya vətəndaşlarıdır.
“Nomad Capitalist” şirkətini səyahət həvəskarı, sahibkar və investor Endrü Henderson 2012-ci ildə yaradıb. O, şirkəti vasitəsilə öz gördüklərini və öyrəndiklərini – başqa ölkələrdəki həyat tərzi, iş və sərmayə imkanları haqda bilgilərini paylaşır. www.nomadcapitalist.com saytı ən çox izlənilən səhifələrdəndir. Sayta ildə 3 milyondan çox adam baxır.