Təhsil Nazirliyi yanında daimi şuralar yaradılıb. Novator.az rəsmi məlumata istinadla bildirir ki, ilkin mərhələdə iki sahə üzrə yaradılan daimi şuralarda dövlət qurumları nümayəndələri, özəl sektor, təhsil mütəxəssisləri və digər aidiyyəti tərəflər təmsil olunacaq. Şuralar təhsil sahəsində hazırlanan və həyata keçirilən proqram və layihələrin təhsil siyasəti və strategiyası ilə uyğunlaşdırılması üzrə rəy, təklif və tövsiyələrin hazırlanması, təhsilin inkişafı ilə bağlı qərarların müzakirəsini əlaqələndirən məşvərətçi orqan kimi fəaliyyət göstərəcək.
“Təhsilin məzmunu və dərsliklər” üzrə daimi şura dərslik və təhsil məzmunu sahəsində problemləri və təklifləri bütün maraqlı tərəflərlə – dövlət qurumları, nəşriyyatlar, valideyn icmaları və məktəb rəhbərləri ilə ən yüksək səviyyədə müzakirə etmək imkanı yaradacaq. Daimi şuranın rəhbəri təhsil nazirinin müavini Ceyhun Bayramovdur.
“Təhsil və məşğulluq” üzrə daimi şuranın rəhbəri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayevdir. Şura təhsilin aşıladığı səriştə və biliklərin əmək bazarına uyğunluğu, ölkədə rəqabət qabiliyyətli insan kapitalının formalaşdırılması kimi mövzuların müzakirəsi üçün açıq və konstruktiv platforma rolu oynayacaq.
Daimi şuralar Təhsil Nazirliyinin təsdiq etdiyi əsasnamələrə uyğun fəaliyyət göstərəcək.