Əlilliyi olan şəxslər yanvar-fevral aylarında 5 min 131 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsində 2 min 150 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib. Onlardan 319 nəfəri ölkənin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olan şəxslərdir.
İlin ilk iki ayında əlilliyi olan şəxslərə dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə 189 aşağı və yuxarı ətraf protezləri, 274 aşağı və yuxarı ətraf ortezi, 217 ədəd dirsəkaltı ağac, 75 ədəd dördayaqlı dayaq vasitəsi verilib. Həmçinin bu təbəqədən olan şəxslər 94 ədəd bel və boyun nahiyəsi üçün korset, 717 cüt ortopedik ayaqqabı, 375 cüt protez ayaqqabı, 1693 ədəd müxtəlif reabilitasiya vasitəsi, 141 cüt qoltuqaltı ağac, 558 ədəd əsa ilə təmin olunub. Əlilliyi olan şəxslərə 3 ədəd əlil arabası, 5 ədəd eşitmə aparatı verilib, onlara məxsus 112 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulatın təmiri işləri aparılıb.
Mərkəzin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında 122 nəfər əlilliyi olan şəxs reabilitasiya xidmətləri ilə təmin olunub.