Dövlət Statistika Komitəsi martın 8-də qeyd olunacaq Beynəlxalq Qadınlar Günü ərəfəsində arayış yayıb. Novator.az-ın məlumatına görə, arayışda bildirilir ki, 2017-ci ilin əvvəlinə ölkə əhalisinin 50,1 faizi və ya 4 milyon 918,8 min nəfəri qadınlar olub. Ötən il doğulmuş 159,5 min körpənin 46,8 faizini qız uşaqlarıdır.
Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,2 faizdir. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 78,1 faizi, orta ixtisas təhsil müəssisələrində 76,1 faizi, ali təhsil müəssisələrində 51,9 faizi, həkimlərin isə 64,9 faizi qadınlardır.
Ümumi təhsil müəssisələrində şagirdlərin 46,5 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 66,4 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,3 faizi qızlardır.
Elmi işçilərin 53,3 faizi qadınlardır. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru elmi dərəcəsi olan qadınların sayı 2,2 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 4-ü, müxbir üzvlərindən isə 14-ü qadındır.
Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,7 faiz, sahibkarlar arasında isə 20,9 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 40,2 faizi qadınlardır.
Milli Məclisdə qadınların xüsusi çəkisi 16,8 faizdir.
İlk bələdiyyə seçkilərinə (1999-cu il) nisbətən son bələdiyyə seçkilərində (2014-cü il) bələdiyyə üzvü seçilmiş qadınların sayı 6 dəfə artaraq 5236 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35 faiz olub. Bu göstərici ilk bələdiyyə seçkilərində 4 faiz idi.
Sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda 2016-cı ildə 6,5 faizədək artıb.
8 mart qadınların iqtisadi, siyasi və ictimai hüquq bərabərliyi uğrunda mübarizədə beynəlxalq həmrəyliyi günüdür. Həmin günün bayram edilməsi haqqında qərar sosialist qadınların 1910-cu ildə Kopenhagendə keçirilmiş 2-ci beynəlxalq konfransında qəbul edilib.
1965-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasında martın 8-i iş günü hesab olunmayan bayram günü elan edilib. Azərbaycan müstəqillik əldə edəndən sonra martın 8-i öz bayram statusunu saxlayıb.