
Şükran DƏDƏYEV
psixoloq
Son illərin təcrübəsi və təhlili göstərir ki, Təhsil Nazirliyi ayrı-seçkiliyi, subyektivliyi dəstəkləyən, bütün təhsil alanları, təhsil verənləri, təhsil və tədris reallıqlarını əhatə etməyən, milli-psixoloji xüsusiyyətləri nəzərə almayan, pedaqoji-psixoloji cəhətdən qənaətbəxş olmayan yarımçıq layihələr həyata keçirir və qərarlar qəbul edir. Əsas problem odur ki, təhsilin idarə olunmasında və inkişafında vacib sayılan və alternativi olmayan “kompleks yanaşma”dan istifadə olunmur. Əvəzində xüsusi layihələrə daha çox üstünlük verilir. Bu səbəbdən həmin layihə və qərarları həyata keçirmək çox çətin olur. Üstəlik, bu qərarların, layihələrin tətbiqi təhsil sistemindəki problemləri daha da artırır və mürəkkəbləşdirir. Gəlin həmin qərarların, layihələrin bəziləri ilə və onların yaratdığı fəsadlarla tanış olaq.
Qeyri-adi diaqnostik qiymətləndirmə
Hamımız müəllimlərin diaqnostik qiymətləndirilməsini dəstəkləyirik. Amma diaqnostik qiymətləndirmənin həyata keçirilməsində kobud səhvlərə yol verilir. Bu qiymətləndirmə bütün pedaqoji kadrları və rəhbər işçiləri əhatə etmir, böyük maliyyə istəyir, Azərbaycanın təhsil sistemində ayrı-seçkiliyin əsasını qoyur, müəllimlərin əsəbləri ilə oynayır. Ona görə də 3 ildir davam edən bu sistemə artıq yarımçıq qiymətləndirmə kimi baxmaq mümkündür. İndi də 26 rayonun müəllimləri həsrətlə aprel-may aylarında keçiriləcək diaqnostik qiymətləndirməni gözləyirlər. Dünyanın heç bir yerində belə təcrübə ilə rastlaşmamışam: ölkənin bir tərəfində işləyən müəllim digər bölgədə olan müəllimdən iki dəfə az əməkhaqqı alsın. Halbuki onlar eyni proqramla, eyni iş vaxtında və eyni formada fəaliyyət göstərirlər. Əməkhaqqı ilə bağlı bu yanaşma ədalətsizdir. Düşünürəm ki, diaqnostik qiymətləndirmə 5 il davam etsəydi də əmək haqları eyni vaxtda artırılmalıydı.
Digər səhv orta məktəblərin müdiriyyəti ilə bağlıdır. Təsəvvür edin, diaqnostik qiymətləndirmədən keçmiş məktəblərə və müəllimlərə nəinki diaqnostik qiymətləndirmədən, hətta müsahibədən keçməmiş, amma əmək haqları iki dəfə artırılmış direktor və direktor müavinləri rəhbərlik edirlər. Digər rəhbər işçilərin əmək haqları isə ümumiyyətlə artırılmayıb. Sonra da təhsil rəsmiləri bəyan ediblər ki, direktorlar, digər rəhbər işçilər guya yaddan çıxıb. 2015-ci ilin fevralında Təhsil Nazirliyi xüsusi maliyyə sənədi hazırlayaraq yaddan çıxmış direktorların və direktor müavinlərinin əmək haqlarını iki dəfə qaldırdı. Bu, ölkə prezidentinin fərmanına ziddir, çünki dövlət başçısının fərmanında yalnız diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin əmək haqlarının iki dəfə artımı nəzərdə tutulur.
Əslində, direktor və müavinlərinin də diaqnostik qiymətləndirilməsi aparılmalıydı, çünki məktəbi idarə edən rəhbər işçilərin pedaqoji və administrativ səviyyəsi hökmən dəyərləndirilməlidir.
Diaqnostik qiymətləndirmənin həyata keçirilməsində digər kobud səhv pedaqoji kadr sayılan (psixoloq, UBR, kitabxana müdiri və kitabxanaçılar) rəhbər işçilərlə və ümumiyyətlə pedaqoji kadrlarla bağlıdır. Diaqnostik qiymətləndirmə kompleks yanaşma nəzərə alınmadan həyata keçirildiyinə görə pedaqoji kadrların maddi və professional hüquqlarının pozulması ilə nəticələnib. Bu proseslərin əsası isə əvvəldən qoyulmuşdu: qiymətləndirmə “müəllimlərin diaqnostik qiymətləndirilməsi” yox, “pedaqoji kadrların diaqnostik qiymətləndirilməsi” adlandırılmalıydı. Orta ümumtəhsil sistemi müəllimlər də daxil olmaqla pedaqoji kadrların təşkil və idarə etdiyi sistemdir.
Əgər məktəbin işinin inkişafından və təkmilləşdirilməsindən söhbət gedirsə, onda orada məktəbə və şagirdlərə xidmət göstərən bütün pedaqoji kadrların diaqnostik qiymətləndirilməsi keçirilməliydi. Məktəb ümumi strukturdur, onun idarə olunmasında bütün rəhbər işçilər iştirak edirlər, əks halda müəllimlərdən fərqli olaraq bütün günü işdə olan bu rəhbər işçilər nəyə lazımdır?! Təsəvvür edin, Təhsil Nazirliyinin işini aktivləşdirmək üçün yalnız təhsil nazirinin və onun müavinlərinin maaşları qaldırılır. Bu nə deməkdir, bu cür yanaşma harada var, belə yanaşma qəbul olunandırmı? Elə ona görə də orta ümumtəhsil məktəblərini idarə etmək çətinləşib. Çünki Təhsil Nazirliyi orta ümumtəhsil məktəblərinin idarə olunmasında da kompleks yanaşmadan istifadə etmir və tezliklə bu sahədə köklü dəyişikliklər etməlidir.
Sabahı qaranlıq görünən SABAH qrupları
Bu qrupa göstərilən xüsusi münasibəti bütün tələbələrə göstərmək lazımdır. Bütün ali təhsil sisteminin təlim-tədris prosesini yüksəltmək lazımdır, təkcə əzbərçi olan, qiymətə oxuyan tələbələrin inkişaf səviyyəsi ilə maraqlanmaq düzgün deyil. Dövlətin qayğısını bütün tələbələr hiss etməlidir. Ən azı ona görə ki, ali məktəbdə yaxşı oxumaq yaxşı mütəxəssis olmaq demək deyil. Dünyanın tanınmış adamlarının bir çoxu, Eynşteyn, Bil Qeyts kimi şəxslər, ixtiraçılar və mütəxəssislər ali məktəbdə kafi səviyyəsində oxuyublar. Deməli, əzbərçiliyə, ayrı-seçkiliyə əsaslanan standart təhsil və tədris sistemi yaradıcı, ixtiraçı xüsusiyyətlərin üzə çıxması və perspektivli layihələrin irəli sürülməsinə şərait yaradan subyektiv imkanların açılması işinə yaramır. Özü də SABAH qruplarında tədris o qədər də yüksək deyil, bəzi hallarda heç müqayisə olunan səviyyədə belə seçilmir. Bu layihə üzrə təhsil alan tələbələri ümumi təhsil münasibətlərindən ayıraraq xüsusi münasibətlər sisteminə daxil etməyin özü belə onların səmərəli təhsilinə və şəxsi keyfiyyətlərinə mənfi təsir edir.
Əgər SABAH qrupunun məzunları xüsusi dövlət təyinatları ilə işlə təmin olunmayacaqlarsa və yaxud onların növbəti təhsil pillələrində oxumasına şərait yaradılmayacaqsa, onda bu layihənin tətbiqi nəyə lazımdır? Dövlət bu tələbləri niyə və hara hazırlayır? Təhsil Nazirliyi ali təhsil sisteminin inkişafına, tələbələrin bilik-bacarıqlarının artırılmasına və təkmilləşməsinə kompleks şəkildə yanaşmalıdır. Bu proseslərdən bütün ali məktəblər və tələbələr bəhrələnməlidir.
Ali təhsil sistemində hamımıza məlum olan çoxlu tədris və təlim problemləri var. Ali təhsilin bu fundamental problemlərini həll etmək əvəzinə problemləri daha da artıran, mürəkkəbləşdirən layihələr həyata keçirmək düzgün deyil. İndi də Təhsil Nazirliyi Nazirlər Kabinetinə ali məktəblərdə hazırlıq kurslarının təşkili ilə bağlı yeni layihə təqdim edib. Şübhəsiz, bu, sovet dövründə mövcud olmuş “hazırlıq fakültəsi”nin təkrarıdır. Fərq yalnız ödənişli olmasındadır. Sovet təhsil sistemində müsbət yanaşmalar çox olub, amma indi sovet dövrü və sovet cəmiyyəti deyil. Bu kursların ödənişli olması isə, ümumiyyətlə, mənfi amildir, vətəndaş övladını ali məktəbdə oxutmaq üçün nə qədər maliyyə sərf etməlidir?!
“Tapşırığa” və rüşvətə yenidən yol açmış ədalətsiz tələbə təqaüd sistemi
Ali məktəblərdə tətbiq olunan yeni tələbə təqaüd sistemi rüşvətə və “tapşırığa” yenidən yol açıb. Bu təqaüd sisteminə görə, təqaüdü ödənişsiz və ödənişli əsaslarla oxumasından asılı olmayaraq semestr boyu ən yüksək bal toplayan tələbələr və magistrlər alırlar. Dövlət hesabına təhsil alan tələbələr və magistrlər indi bu anomal ədalətsiz təqaüd sistemindən daha çox şikayət edirlər. Bunun da real səbəbləri var. Çünki təqaüd tələbəyə ancaq yaxşı oxumaq üçün verilmir, onun primitiv ehtiyaclarını ödəmək üçün verilir. Tətbiq olunan yeni təqaüd sistemi isə uşaq bağçası metodunun tətbiqinə bənzəyir: şeiri yaxşı de, sənə konfet verim. Onsuz da yaxşı oxuyanlar üçün xüsusi təqaüdlər var.
SABAH qruplarında olduğu kimi yenə də əzbərçi, texniki ensiklopedik bilik xüsusiyyətləri olan və fərdi yaradıcılıq imkanları zəif olan tələbələrə üstünlük verilir. Ən əsas problem odur ki, bu təqaüd sistemi ali təhsil sistemimizdə rüşvəti və “tapşırıqları” yenidən dəbə salıb və bu tipli anomal hərəkətlərin inkişafına şərait yaradıb. Üstəlik, bu sistemin tətbiqi daha çox ödənişli əsaslarla oxuyan tələbələrin xeyrinə olub. Məlumdur ki, ödənişli əsaslarla oxuyan tələbələrin əksəriyyəti maddi imkanı olanlardır, ona görə onlar ödənişli sistemi seçiblər. Nəticədə də elə bu təqaüd sistemindən əsasən ödənişli əsaslarla oxuyan, rüşvət vermək və “tapşırılmaq” imkanlarına malik imkanlı tələbələr daha çox bərhələnirlər.
Təqaüd – xüsusi maddi yanaşmanı özündə əks etdirir, zəhmət çəkib çox bal toplayaraq dövlət hesabına oxuyan tələbələrə təqaüd verilə bilər. Çünki bu tipli tələbələr əsas nailiyyəti əldə etdikləri üçün mükafat olaraq həm də təqaüd əldə etmiş olurlar. Təsəvvür edin, dövlət hesabına oxumaq imkanı əldə etmiş və təqaüd qazanmış tələbə ali məktəbdə oxumağa başlayanda imkanlı şəxslərin “tapşırığı”nın və verdiyi rüşvətin qurbanı olur. Bu qəbuledilməzdir və belə təqaüd sistemi ya tamamilə dayandırılmalı, ya da təkmilləşdirilməlidir. Çünki bu təqaüd sisteminin tətbiqində ali təhsil sistemimizin müasir vəziyyəti, kadrlarla bağlı subyektiv problemlər və xoşagəlməz hallar nəzərə alınmayıb. Bir daha təkrar edirəm, qazanılmış dövlət təqaüdü tələbəyə təkcə yaxşı oxumaq üçün verilmir, həm də onun primitiv problemlərini həll etmək üçün verilir. Yeni tələbə təqaüd sisteminin tətbiqində də Təhsil Nazirliyi məntiqli kompleks yanaşmadan istifadə etməyib.
Məktəblilərin yeni dostları və yaxud müasir “Yuli Sezarlar”
2016-cı ilin sentyabrından başlayaraq Təhsil Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təhsilin idarə edilməsinin təkmilləşdirilməsi, valideynlərin ümumi təhsil müəssisələrinin həyatında daha yaxından iştirakı məqsədilə “Məktəblinin dostu” pilot layihəsinə start verib. Bu layihəyə görə, gənc mütəxəssislər təlim keçib “məktəblinin dostu” seçilir və orta məktəblərdə xüsusi əsaslarla, məktəb ştat vahidindən kənar fəaliyyət göstərirlər.
İnandırıcı deyil ki, 25-30 yaşlı təcrübəsiz cavan “məktəblinin dostları” (məktəb müşavirləri) məktəblərə gedib 50-60 yaşlı direktorlara “ağıl” öyrətsinlər, şagirdlərə ilkin tibbi, psixoloji yardım göstərsinlər, məktəbin təhlükəsizliyinə nəzarət etsinlər və sairə. Özü də, bir “məktəblinin dostu” bir neçə məktəbə təhkim olunub. Şübhəsiz, onların bu işləri layiqincə həyata keçirməsi haqqında düşünmək sadəlövhlükdür. 20-40 ilin direktorları, müəllimləri, psixoloqları müasir şagirdlərlə bacarmadıqları halda 25-30 yaşlı, birinci dəfə məktəblərə işə gedənlər bu işlərin öhdəsindən necə gələcəklər?! Görəsən, direktorlar bu “dostları” necə qarşılayıb, necə yola salırlar?
Bu layihədə ciddi problemlərin olduğu göz qabağındadır. Gəlin “məktəblinin dostu”nun vəzifə xüsusiyyətlərinə diqqət yetirək. Budur universal fəaliyyət xüsusiyyətləri ilə tarixdə iz qoymuş Yuli Sezarın da bacara bilməyəcəyi vəzifələr – “məktəblinin dostu”nun vəzifə xüsusiyyətləri: müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlər aparmaq. Bununla yanaşı məktəblinin dostları hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak etməlidirlər.
Çox qəribədir, bu universal bilik və bacarıqlara malik olan təlimçiləri haradan tapıblar?!
Təhsil sistemi, orta məktəblərimiz “Formula 1” yarışı deyil ki, “Məktəblinin dostu layihəsi” üçün təcrübəsiz könüllüləri seçib orada işləməyə dəvət edəsən. Təhsil sistemində, məktəblərdə professional təhsil işçiləri və səviyyəli pedaqoji kadrlar işləməlidir. Üstəlik, bu layihədə iştirak edən mütəxəssislər müəyyən günlərdə məktəblərə gedib öz işlərini həyata keçirirlər. Orta ümumtəhsil sistemi gündəlik və fasiləsiz aktiv problemlərin olduğu sahədir. Əgər orta ümumtəhsil sistemində təhsil, tədris və tərbiyə proseslərini inkişaf etdirmək istəyirlərsə, ilk növbədə məktəblərdə olan ştatlı rəhbər işçilərin, pedaqoji kadrların professional və maddi problemləri həll olunmalıdır, onların professional səviyyələrinin artırılmasına maliyyə sərf edilməlidir.
Məktəblinin dostu hər gün onun yanında olan, onun təhsili ilə bağlı problemlərində, gündəlik mənəvi-psixoloji müşküllərində, davranışlarında onlara kömək edən direktor, onun müavinləri, müəllimlər, psixoloq və UBR ola bilər. Şagirdlərin “Məktəblinin dostu layihəsi”ndən olan mütəxəssislərlə dostluq etməsi çox ciddi məsələdir və bunun üçün uzun vaxt da tələb oluna bilər. Ümumiyyətlə, məktəb rəhbərliyinin, şagirdlərin bu təcrübəsiz mütəxəssislərlə anlaşması və bu iş birliyindən perspektivli nəticələr əldə etməsi inandırıcı görünmür. Çünki müasir təhsil sistemimiz, məktəblərimiz pedaqoji-psixoloji və ictimai baxımdan bu tipli layihələrin tətbiqinə hazır deyil. Bunun üçün, Təhsil Nazirliyi ilk növbədə orta məktəblərimizin idarə olunmasında və inkişafında perspektivli kompleks yanaşmanı inkişaf etdirməlidir.
Günahkar prezident və onun fərmanıdır?
Təhsil Nazirliyində təcili təkmilləşdiriləsi sahələrdən biri də təhsil işçilərinin, vətəndaşların müraciətlərinə verilən rəsmi cavablarla bağlıdır. Son dövrlər Təhsil Nazirliyinə müraciət edən vətəndaşlar anlaşılmaz və məntiqsiz cavablarla üzləşirlər. Təhsil Nazirliyi rəsmi cavablarında heç bir təhlil və açıqlama vermədən yalnız dövlət başçısının adını və fərmanını hallandırır. Məsələn, heç bir təhlil və açıqlama vermədən həmin cavabların birində yazılıb: “Diaqnostik qiymətləndirmədən keçmiş məktəblərdə psixoloqların əmək haqları Prezidentin müvafiq fərmanına əsasən artırılmayıb. Həmin fərmana əsasən (2015, yanvar) yalnız diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin əmək haqları artırılıb”.
Halbuki hamımıza yaxşı məlumdur ki, lazımi sənədlər lazımi sahəyə nəzarət edən nazirlikdə hazırlanaraq Prezident Administrasiyasına və dövlət başçısına təqdim olunur. Niyə məktəb psixoloqlarının əmək haqlarının artırılmamasında yalnız prezidentin adı və fərmanı hallandırılır? Belə olan halda diaqnostik qiymətləndirmədən keçmiş məktəblərdə məktəb psixoloqlarının əmək haqlarının da iki dəfə artırılmamasının əsas səbəbkarı ölkə başçısı sayılır.
Ümumiyyətlə, təhsil rəsmiləri öz işçiləri ilə və vətəndaşlarla qarşılıqlı münasibətlərində müsbət dəyişikliklər etməlidir. Vətəndaşların, təhsil işçilərinin müraciətlərinə anlaşılmaz rəsmi cavablar verilməməlidir. Özü də bu cavabların əksəriyyətində Təhsil Nazirliyinin keçmiş rəsmiləri, Prezident Administrasiyası, ölkə başçısı, Nazirlər Kabineti və digər dövlət orqanları dolayısı yolla günahlandırılır. Şübhəsiz, təhsil rəsmiləri bu ciddi nöqsanları aradan qaldırmalı, dövlət məmurları kimi öz işçiləri ilə və vətəndaşlarla qarşılıqlı münasibətlərində ziyalılıq səviyyəsi və davranışı nümayiş etdirməlidirlər.
Təhsili kimlər idarə edə bilər?
Məlumdur ki, Azərbaycanda təhsil sistemini əsasən pedaqoji fəaliyyət təcrübəsi olmayan qeyri-təhsil işçiləri idarə edir. Məsələn, təhsil naziri, onun hər üç müavini və Təhsil Nazirliyinin əksər vəzifəli şəxsləri heç vaxt təhsil sistemində işləməyiblər və pedaqoji fəaliyyətlə məşğul olmayıblar. Üstəlik, Təhsil Nazirliyi kadrlarla bağlı bu yanaşmaya sadiqlik nümayiş etdirir və təhsil sisteminin idarə olunmasında məlum ideyanı dəstəkləməyə davam edir. Amma o da həqiqətdir ki, təhsil sisteminin idarə olunmasında bu normal olmayan yanaşma ciddi problemlər yaradıb və artıq bu problemlər cəmiyyəti, təhsil işçilərini belə narahat etməyə başlayıb.
Görəsən, təhsili dərindən bilməyən və pedaqoji fəaliyyət təcrübəsi olmayan qeyri-təhsil işçiləri təhsili idarə və inkişaf etdirə bilərlərmi?
Şübhəsiz, bu yanaşmanın səhv və perspektivsiz olduğu hamımıza məlumdur. Bütün sahələr kimi təhsil sistemini də professionallar, hətta beynəlxalq səviyyəli təcrübəli təhsil işçiləri və pedaqoqlar idarə etməli və inkişaf etdirməlidir. Düzdür, təhsil sistemində qeyri-təhsil mütəxəssisləri işləyə bilərlər, amma burada bütün dünyada qəbul olunmuş zəruri yanaşma mövcuddur: təhsil sisteminin idarə olunmasını, inkişaf etdirilməsini yalnız və yalnız təcrübəli təhsil işçiləri həyata keçirə bilər, təhsil sisteminin idarə olunmasına və inkişaf etdirilməsinə xidmət edən layihələrdə isə qeyri-təhsil mütəxəssisləri (hüquqşünas, iqtisadçı, proqramçı və sairə) iştirak edə bilərlər. Bu, təhsilin digər sahələrə, ümumi cəmiyyətə sosial və iqtisadi inteqrasiya edərək hərtərəfli inkişafı üçün vacibdir. Amma bu xidmət layihələrində iştirak edən qeyri-təhsil mütəxəssisləri belə təhsil və pedaqoji fəaliyyət haqqında müəyyən biliklərə malik olmalıdırlar. Çünki xidmət etdikləri sahə haqqında bilikli olmaq hər bir mütəxəssisin adi vəzifə borcudur.
Nə etməli?
Əslində yuxarıda qeyd etdiyim bəzi layihələrin perspektivsizliyi, fəsadları və ictimai təhlükəliliyi nəzərə alınaraq onlar təcili dayandırılmalı, digər layihələr isə (məsələn, təhsilin idarə olunması, diaqnostik qiymətləndirmə, attestasiya və sairə) köklü şəkildə təkmilləşdirilməlidir. Düzdür, təhsil sistemində müasir layihələrin, digər dövlət orqanları ilə həyata keçirilən müştərək layihələrin tətbiqinə də ehtiyac var, amma onlar reallıqları əks etdirməli və səmərəliliyi ilə seçilməlidir. Bundan əlavə, bu layihələrin tətbiqindən əvvəl ali və orta təhsil müəssisələri daxilində olan fundamental problemlər həllini tapmalıdır. Bu layihələr məlum fundamental problemləri kölgədə qoymamalı, onların fəaliyyətini uğursuz formada təkrarlamamalıdır. Məsələn, müasir təhsildə inkişafın ana xətti sayılan psixoloji xidməti inkişaf etdirmədən, sağlam pedaqoji-psixoloji təhsil mühiti yaratmadan bu tipli layihələrin tətbiqi heç bir perspektivli nailiyyətlər vəd edə bilməz. Həmçinin psixoloji xidməti inkişaf etdirmədən inklüziv təhsilin səmərəliliyini də artırmaq mümkün deyil. Deyəsən, ümumi təhsilimizin inkişafında da bu vacib amil nəzərə alınacaq. Çünki oxuduğunuz bu geniş müzakirə məqaləsinin müəllifi də susmağa üstünlük verən hörmətli ziyalılarımızdan, təhsil “ekspertlərimizdən” fərqli olaraq psixoloqdur.
Hər gün 500-1000-ə yaxın şagirdlə üz-üzə gələn, onlara xidmət göstərən, onların gündəlik problemlərinin içində olan, istəyindən asılı olmayaraq məktəb rəhbərliyinin göstərişi ilə məktəbin digər işlərində iştirak edən, valideynlərlə də işləyən psixoloqa 160 manat, təcrübəsiz könüllülərə, diaqnostik qiymətləndirmədə 10-15 faiz bal toplayan müəllimlərə isə 400-500 manat əməkhaqqı verməklə təhsili inkişaf etdirmək xülyadır. Uşaqları Azərbaycan dövlətinin onların sosial müdafiəsi və psixoloji sağlamlığı üçün yaratdığı psixoloji xidmətdən mərhum etmək hüququnu Təhsil Nazirliyinə kim verib? Kim təhsil məmurlarına o hüququ verib ki, uşaqlarımızın, şagirdlərimizin psixoloji problemlərinə və sağlamlıqlarına laqeyd, sadəlövh formada yanaşaraq öz məsuliyyətsiz hərəkətlərinə min cür don geydirsinlər.
Artıq indidən demək mümkündür ki, yaxın vaxtlarda həyata keçiriləcək müəllimlərin attestasiyası da diaqnostik qiymətləndirmə kimi yarımçıq, kompleks yanaşma nəzərə alınmadan, təhsil işçilərinin maddi və professional hüquqlarının pozulması ilə müşahidə olunacaq. Çünki diaqnostik qiymətləndirmə kimi bu proseslərin də mənfi əsasları artıq qoyulub: bu attestasiya “müəllimlərin attestasiyası” yox, “pedaqoji kadrların attestasiyası” adlandırılmalıdır. Məsələn, Səhiyyə Nazirliyi təkcə həkimlərin yox, həm də digər tibbi kadrların (tibb bacılarının və sairə) attestasiyasını keçirib.
Şübhəsiz, 2022-ci ilə qədər davam edəcək təhsilin inkişafı üzrə “Dövlət strategiyası”nda təhsilin inkişafı üçün yalnız və yalnız xüsusi natamam layihələrin tətbiqi nəzərdə tutulmayıb. Çünki “Dövlət strategiyası”nın özü təhsilin səmərəli inkişafı üçün kompleks yanaşma tələb edir. Bu strategiya üzrə fəaliyyət planları bütün təhsil sistemini və bütün pedaqoji kadrları əhatə etməlidir. Bu baxımdan Təhsil Nazirliyi öz fəaliyyətini təcili və köklü şəkildə təkmilləşdirməlidir. Dövlət maliyyəsi perspektivsiz, təhsil müəssisələrinin daxili problemlərinə və mütəxəssislərinə birbaşa aidiyyəti olmayan qərarların qəbuluna və layihələrə sərf edilməməlidir.
Bu müzakirə məqaləsi ictimaiyyət üçün və ölkədə təhsilin yararlığına, inkişafına nəzarət edən, xüsusi hallarda bu sahə ilə bağlı tədbirlər görə bilən Prezident Administrasiyası və Nazirlər Kabineti üçün yazılıb. Düşünürəm ki, artıq bu problemlərlə bağlı Təhsil Nazirliyini narahat etməyə dəyməz.
Başqa yazılar: • Psixoloq Şükran Dədəyevin kitabı Dövlət Mükafatına təqdim olunub • Dərslər nə vaxt başlayıb, nə vaxt bitməlidir? • Təhsil Nazirliyi psixoloqlara qarşı: bu nə hoqqadır?