Martın 3-də Suraxanı Rayon Məhkəməsi bloqçu Mehman Hüseynova 2 il azadlıqdan məhrumetmə cəzası kəsib. Bloqçu polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinib. Hökm Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında çıxarılıb. Mehman Hüseynov məhkəmə zalında həbs edilib.
Novator.az xatırladır ki, bu il yanvarın 9-da bloqçu Bakının Nəsimi rayonunda tutulub. Onun Bakı şəhər sakini Əkrəm Təhməzovla davaya görə tutulduğu açıqlanıb. Məhkəmənin qərarı ilə Əkrəm Təhməzov 10 gün müddətinə inzibati qaydada həbs olunub, Mehman Hüseynov isə 200 manat məbləğində cərimə edilib.
Mehman Hüseynov mətbuat nümayəndələrinə verdiyi açıqlamalarda Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının onu oğurladığını, azadlığını qanunsuz məhdudlaşdırdığını, işgəncələrə məruz qoyduğunu deyib. Daxili İşlər Nazirliyi bu iddiaların əsassız olduğunu, polisin işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıdığını bəyan edib. Ardınca Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev onu məhkəməyə verib.
Mehman Hüseynov müxalif bloqçudur. Onun qardaşı Emin Hüseynov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri olub. 2014-cü ildə ona qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə cinayət işi qaldırılıb. Emin Hüseynov İsveçrənin Bakıdakı səfirliyinə sığınıb, 2015-ci ildə həmin ölkəyə aparılıb.