Bu aydan IDEA Heyvanlara Qayğı Mərkəzi (IACC) rəsmən fəaliyyətə başlayıb.
Novator.az-ın məlumatına görə, mərkəzdə heyvanların rifahının təmin edilməsi üçün tələb olunan əsas şəraitin yaradılması üzrə hazırlıq işləri başa çatdırılıb. Heyvanlara Qayğı Mərkəzində müasir avadanlıqla təchiz olunmuş klinika, it və pişiklərin sığınacaq blokları, karantin üçün nəzərdə tutulan ayrıca bloklar, xüsusi himayə bölməsi və heyvan mehmanxanası fəaliyyət göstərəcək. Mərkəz kompleksinə salon, oyun meydançası, yataqxana, konfrans zalı, kafe və dükan da daxildir.
Mərkəzdə hazırlıq işlərinin aparıldığı son üç ay ərzində baytarlıq klinikası fasiləsiz işləməklə heyvanların klinikaya qəbulunu təşkil edib, 200-dən çox sahibsiz itə və pişiklərə tibbi yardım göstərib.
Bu yöndə müxtəlif tədbirlər planlayan İDEA Heyvanlara Qayğı Mərkəzinin əsas məqsədlərindən biri də əlacsız və sahibsiz heyvanlarla bağlı problemləri həll etmək, xəstəliklərin qarşısını almaq üçün davamlı sterilizasiya işi aparmaqdır.
Mərkəzdə fəaliyyət göstərən baytarlıq klinikasında təkcə küçə heyvanlarına deyil, sahibli it və pişiklərə də xidmət göstərilməsi nəzərdə tutulur. Küçədən gətirilən heyvanlar üçün bütün xidmət və müayinə pulsuz həyata keçiriləcək.
IACC insanlara müraciət edərək ətrafda gördükləri heyvanlara diqqətli yanaşmağı, itlərin, pişiklərin sterilizasiyası, peyvəndləməsi, müalicə və cərrahiyə yolu ilə sağaldılması üçün həmin heyvanları mərkəzə gətirməyi tövsiyə edir.
IACC-nin CVNR (tut-peynəndlə-axtala-burax) proqramı çərçivəsində mərkəzdə heyvanların tutulması üzrə xüsusi təlim keçmiş mobil qrup fəaliyyət göstərəcək, heyvanlar bu işçilər tərəfindən incidilmədən nəzarətə götürüləcək. Sterilizasiya olunmuş, peyvəndlənmiş itlərin qulaqlarına nömrələnmiş birkalar vurulacaq, pişiklər isə qulağın ucunun kəsilməsi ilə işarələnəcək. Bütün heyvanların profil və tibbi məlumatları IACC-nin xüsusi elektron məlumat bazasına daxil ediləcək.
IDEA Heyvanlara Qayğı Mərkəzinin təməli 2014-cü ilin oktyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən qoyulub.