Ermənistan Polisi aprelin 2-də keçiriləcək parlament seçkisində səsvermə hüququ olan vətəndaşların sayını açıqlayıb. Novator.az-ın məlumatına görə, martın 3-nə qeydiyyatdan keçmiş seçicilərin sayının 2 milyon 564 min 734 nəfər olduğu bildirilir.
2017-ci ilin yanvarın 1-nə ölkənin daimi əhalisinin sayı 2 milyon 986 min 500 nəfər olub.
Mərkəzi Seçki Komissiyası 9 siyasi qüvvənin namizədlərini qeydiyyata alıb. 101 mandat uğrunda 1500-dən çox namizəd mübarizə aparacaq. Seçkiqabağı təşviqat martın 5-dən 31-nə qədər davam edəcək.
Ermənistanın 2015-ci ilin dekabr ayında qəbul edilmiş yeni konstitusiyası ilə ölkə mərhələ-mərhələ parlament respublikası idarə üsuluna keçir. Ana qanuna görə, hökuməti proporsional sistemlə seçilən 101 nəfərlik parlamentdə azı 53 mandatı olan partiya quracaq. 2018-ci ildə Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatandan sonra icra hakimiyyəti və dövlət idarəçiliyi sisteminə ümumi rəhbərliyi hökumət həyata keçirəcək. Yalnız dövlət başçısı funksiyası daşıyan prezidenti isə parlament seçəcək.