Prezident: “Bilirik ki, kənardan təzyiq halları olacaq”
“Vaxt pul deməkdir. Biz bu layihəni vaxtında icra etməliyik”. Fevralın 23-ü Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında çıxış edən prezident İlham Əliyev belə deyib.
Novator.az-ın məlumatına görə, dövlət başçısı qeyd edib ki, Cənub Qaz Dəhlizinin resurs bazası nəhəng “Şahdəniz” qaz yatağıdır: “Şahdəniz” yatağının istismarı ilə bağlı müqavilə 1996-cı ildə imzalanıb. Bu gün Azərbaycanın, – “Şahdəniz”in və digər yataqların, – təsdiq edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir. Bu, nəhəng ehtiyatdır və şübhəsiz ki, “Şahdəniz” yatağının birinci mərhələdəki istismarı Cənub Qaz Dəhlizi layihəsinin təməlini qoydu.
Bu regional və daha sonra beynəlxalq əməkdaşlığın yaranmasında iki mühüm mərhələ oldu. Regionda üç ölkə – Azərbaycan, Gürcüstan və Türkiyə uzun illərdir uğurla əməkdaşlıq edir və bu üç ölkə dəhlizlər yaratmağa müvəffəq olub. Bu, ən vacib olan məsələ idi. Xəzər dənizini Qara dənizlə bağlayan neft kəməri mövcud deyildi. Biz ilk olaraq buradan Gürcüstanın Qara dəniz sahillərinədək uzanan Bakı-Supsa neft kəmərini inşa etdik. Daha sonra Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas neft kəməri və nəhayət, Bakı-Tbilisi-Ərzurum qaz kəməri inşa edildi. Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan həmin kəmər bu gün genişləndirilməkdədir.
Bütün bunlar Azərbaycan, Gürcüstan və Türkiyə arasında regional əməkdaşlıq, habelə beynəlxalq maliyyə qurumlarının və bu layihələri strateji hesab edən ABŞ hökumətinin dəstəyi nəticəsində ərsəyə gəlib. Layihələr həqiqətən də strateji idi, çünki onlar regionumuzun enerji xəritəsini dəyişməyə başladı. Beləliklə, Azərbaycan dünya bazarlarına neft tədarük edən etibarlı tərəfdaşa çevrildi və bu gün bəzi Avropa dövlətlərinin enerji balansında Azərbaycan neftinin payı 30-40 faizdir.
Cənub Qaz Dəhlizi bu gün artıq reallıqdır. Bu layihənin həyata keçirilməsində Azərbaycan və Türkiyə arasında olan əməkdaşlığın xüsusi əhəmiyyətini vurğulamaq istərdim. 2012-ci ildə İstanbulda Ərdoğan və mən Transanadolu qaz kəmərinə dair tarixi müqaviləyə imza atdıq. Əslində, Cənub Qaz Dəhlizinin icrası məhz həmin gündən başlayır, çünki o vaxta qədər müxtəlif layihələr, seçimlər və müzakirələr mövcud idi. Potensial qaz layihəsinin reallaşdırılması ilə bağlı bir çox konfrans və seminarlar təşkil edilmişdi. Ancaq İstanbuldakı imzalanma mərasimi dönüş nöqtəsi oldu.
Bundan sonra “Şahdəniz” layihəsinin ikinci mərhələsinə sərmayə qoyulması ilə bağlı qərar qəbul edildi. TANAP sazişi bağlanmasa idi, həmin qərar verilməzdi. Daha sonra TANAP layihəsinin davamı olaraq Transadriatik qaz kəməri layihəsi seçildi. Beləliklə, 2012-ci ildə İstanbuldakı mərasim dönüş nöqtəsi oldu, tərəfdaşlarımız bizi dəstəklədi və bu gün həmin sazişin nəticəsi göz qabağındadır”.
Prezident deyib ki, “Şahdəniz-2” layihəsi üzrə işlərin təqribən 90 faizi, Cənubi Qafqaz boru kəməri üzrə 80 faizə yaxını, TANAP 65 faiz və Transadriatik kəməri üzrə isə 34 faizi icra edilib: “Bu, yaxşı irəliləyişin göstəricisidir. Ötən ilin fevralında nazirlər səviyyəsində keçirilmiş ikinci toplantı zamanı mövcud olan vəziyyəti götürsək, bu gün böyük irəliləyişin şahidi olarıq. Bu, layihənin uğurlu icrasının vacib göstəricisidir.
Bununla yanaşı, Bakıdakı sonuncu görüşümüzdən bəri növbəti, böyük Abşeron qaz layihəsi üzrə işlərə başlanıb. Biz yataqla bağlı praktiki işlərə, yəni, qazma işlərinə başlamağı planlaşdırırıq və Abşeron yatağının birinci mərhələsi üzrə qaz potensialı artıq hesablanıb. Abşeron yatağı Azərbaycanın qaz potensialının əlavə mənbəyi olacaq.
Bu, ilk növbədə bizim qaz potensialımızın “Şahdəniz”lə məhdudlaşmadığını nümayiş etdirir. Halbuki “Şahdəniz” dünyanın ən nəhəng qaz yataqlarından biridir və onun ehtiyatı 1,2 trilyon kubmetrdir. Ancaq bu, “Şahdəniz-2” layihəsinin icrasının digər layihələrin reallaşdırılması baxımından nə dərəcədə əhəmiyyətli olduğunu nümayiş etdirir. Müasir nəqletmə infrastrukturu olmadan digər qaz yataqlarına sərmayələrin cəlb edilməsi çətin olardı. Bütün bunlar hamımızın mənafeyinə xidmət edir. Çünki yaradılmaqda olan şəbəkə vasitəsilə nə qədər çox qaz nəql edilsə, biz – dövlətlər və şirkətlər bundan bir o qədər bəhrələnəcəyik.
Cənub Qaz Dəhlizi XXI əsrin layihəsi hesab oluna bilər. Şadam ki, TANAP-ın icrası ilə bağlı xərclər azalıb. Aldığım son məlumata görə, bu rəqəm 11,8 milyard dollardan 8,5 milyard dollara enib. Bir sıra ölkələrdəki iqtisadi vəziyyətin narahatlıq doğurduğu belə bir vaxtda xərclərin azalması olduqca vacib məsələdir”.
İlham Əliyev deyib ki, heç bir maneə layihənin həyata keçirilməsinin qarşısını ala bilməz: “Layihənin icrası ilə bağlı sizə təqdim etdiyim rəqəmlər bizim layihənin icrasının yekun mərhələsində olduğumuzu nümayiş etdirir. Buna baxmayaraq biz birgə səylərlə bu layihənin icrasının müəyyən seqmentləri üzrə süni gecikdirmələrin qarşısını almalıyıq.
Bilirik ki, burada müəyyən müdaxilə və kənardan təzyiq halları olacaq. Müəyyən ekoloji və digər bəhanələr ortaya atılacaq. Ancaq burada biz reallığı nəzərə almalıyıq. Reallıq isə ondan ibarətdir ki, Azərbaycanın tərəfdaşları, ölkəmizin strateji tərəfdaşı və bizim bütün neft və qaz layihələrimizin operatoru olan BP şirkəti ilə birlikdə həyata keçirdiyi heç bir layihə ilə bağlı, istər Azərbaycanda, istərsə də buradan başlayan nəqletmə marşrutu boyu hər hansı bir ekoloji problem baş verməyib.
Yadımdadır ki, biz Bakı-Tbilisi-Ceyhan kəmərini inşa edəndə də layihənin icrasının əleyhinə olan müəyyən dairələrin sponsorluğu ilə “Bakı-Tbilisi-Ceyhan kampaniyası” adlanan kampaniya başlanmışdı. Onlar həmin layihənin nüfuzdan salınması üçün geniş fəaliyyətə başladılar. Layihəni regionun ekoloji fəlakəti adlandırdılar. Təəssüf ki, o zaman bəzi maliyyə qurumları da prosesi ləngitdilər. Ancaq Bakı-Tbilisi-Ceyhan artıq 11 ildir ki, fəaliyyət göstərir və o zamandan bəri burada xırda narahatlıq doğuracaq epizod da olmayıb. Bizim BP və digər tərəfdaşlarımızla həyata keçirdiyimiz bütün layihələr ən yüksək ekoloji standartlara cavab verir.
Bu səbəbdən eşidəndə ki, yenidən Cənub Qaz Dəhlizi və onun hansısa seqmenti ilə bağlı kimlərdəsə və haradasa narahatlıq var, biz dərhal 10 il bundan əvvəl baş verənləri xatırladıq. Həmin ssenari, həmin üsul və əminəm ki, nəticəsi də elə həmin cür olacaqr. Biz Cənub Qaz Dəhlizi layihəsini həyata keçirəcəyik. Biz bu uğura birgə nail olacağıq. Burada yeganə itirə biləcəyimiz zamandır. Biz isə nəyə görə vaxt itirməliyik? Vaxt pul deməkdir. Biz bu layihəni vaxtında icra etməliyik. Layihənin bütün seqmentləri – “Şahdəniz-2”, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP paralel şəkildə icra olunmalıdır”.