2016-cı ildə Prezident Administrasiyasına daxil olmuş müraciətlərin 68,8 faizi ərizə, 30,9 faizi şikayət, 0,3 faizi təklifdir. Novator.az-ın məlumatına görə, Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov AZƏRTAC-a belə yazır.
Administrasiya rəsmisi bildirir ki, ötən il Bakı, Lənkəran, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Neftçala, Saatlı, Salyan, Şamaxı, Şəmkir, digər şəhər və rayonlardan daxil olan müraciətlərin sayı çoxdur: “Naxçıvan, Naftalan, Babək, Culfa, Daşkəsən, Xızı, Xocavənd, Kəngərli, Qax, Qobustan, Ordubad, Samux, Sədərək, Şahbuz, Şərur, digər şəhər və rayonlardan daxil olan müraciətlərin sayı isə az olub. Şəhər, rayon icra hakimiyyətlərinin Prezident Administrasiyasına təqdim etdikləri illik rəsmi hesabat və arayışlardan görünür ki, bəzi şəhər və rayonların sakinləri yuxarı dövlət orqanlarına daha çox müraciət edirlər. Məsələn, Mingəçevir, Ağdam, Ağsu, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Qəbələ, Masallı, Neftçala, Samux, Şəmkir, Tovuz, Yardımlı, Zərdab, digər şəhər və rayonların icra hakimiyyətlərinə bilavasitə daxil olan müraciətlərin sayı həmin rayonlardan yuxarı orqanlara göndərilən müraciətlərə nisbətən daha azdır.
Ötən il vətəndaşlardan Prezident Administrasiyasına daxil olmuş müraciətlərin mövzular üzrə təhlili göstərir ki, vətəndaşlar daha çox hüquq mühafizə orqanlarının, məhkəmələrin fəaliyyəti, maliyyə və bank, əfv məsələləri, rayon icra hakimiyyəti və bələdiyyələrin fəaliyyəti, müraciətlərə baxılma, torpaq, Qarabağ münaqişəsi, sosial müdafiə, mənzil, şəhərsalma və tikinti, sənaye, sahibkarlığın inkişafı, qaçqınlar və məcburi köçkünlər, kənd təsərrüfatı, ekologiya və təbii sərvətlər məsələləri və sair mövzularda müraciət ediblər.
İctimai-siyasi, dövlət quruculuğu və qanunvericilik, vergi, gömrük orqanlarının fəaliyyəti, səhiyyə, təhsil, təltif, təqaüd və fəxri adlar, yaşayış məntəqələri və ərazi bölgüsü, gənclik və idman, nəqliyyat, dövlət qulluğu və kadr, məişət və sair barədə müraciətlərin sayında azalma müşahidə olunur.
Müraciətlərin ümumi sayında vətəndaşlar üçün həyati əhəmiyyət daşıyan səhiyyə və təhsil sahələri üzrə faiz nisbətinin ildən-ilə azalması diqqəti cəlb edir. Azərbaycan səhiyyəsinin inkişafına ölkə rəhbərliyinin artan diqqəti sayəsində son illərdə bu sahənin maddi-texniki bazası, ən başlıcası, yüksəkixtisaslı kadrlarla təminatı xeyli güclənib.
Əhalinin bütün təbəqələrinin gündəlik qayğılarından biri olan təhsil məsələləri də həmişə diqqət mərkəzindədir və son illərdə bu sahədə aparılan ciddi islahatlar təhsilin səviyyəsinin və müəllimlərin peşəkarlığının artırılmasına, həmçinin Azərbaycan təhsilinin dünya standartları səviyyəsinə qaldırılmasına kömək edib”.
Şöbə müdiri yazır ki, 2016-cı ildə dövlət orqanlarının, şirkətlərin, səhmdar cəmiyyətlərin və digər qurumların aparatlarına cəmi 798 min 433 müraciət daxil olub: “Həmin müraciətlərin 83,7 faizi mərkəzi icra hakimiyyəti orqanları aparatlarında, 16,3 faizi isə yerli icra hakimiyyətlərində araşdırılıb. Bu müraciətlərin 69,3 faizi ərizə, 30,1 faizi şikayət, 0,6 faizi təkliflərdən ibarətdir.
2016-cı ildə şəhər, rayon icra hakimiyyətlərinə yuxarı dövlət orqanlarından və bilavasitə vətəndaşlardan daxil olan müraciətlərin faiz göstəriciləri müvafiq olaraq 43,5 və 56,5 faiz təşkil edib. Mərkəzi icra hakimiyyəti orqanlarına isə il ərzində müraciətlərin 29,3 faizi yuxarı dövlət orqanlarından və digər qurumlardan, 70,7 faizi bilavasitə vətəndaşlardan daxil olub.
Ötən il ərzində mərkəzi və yerli icra hakimiyyətlərində 853 min 823 vətəndaş qəbul edilib. Onların 55,5 faizi mərkəzi, 44,5 faizi yerli icra hakimiyyəti orqanlarında qəbul olunub.
Vətəndaşların müraciətlərinə baxılması və qəbulu məsələləri 2016-cı ildə mərkəzi icra hakimiyyəti orqanlarında keçirilmiş 187 kollegiya iclasında, həmçinin bir çox müşavirə və toplantılarda müzakirəyə çıxarılıb. Yol verilən nöqsanlara görə 1712 cavabdeh şəxslə bağlı tədbirlər görülüb, o cümlədən 858 nəfərə töhmət və şiddətli töhmət verilib, 31 nəfər aşağı vəzifəyə keçirilib, 5 nəfərin ixtisas dərəcəsi aşağı salınıb, 114 nəfərin əmək müqaviləsinə xitam verilib, 16 nəfərin vəzifə maaşı azaldılıb, 3 nəfərə cərimə kəsilib, 685 nəfərə xəbərdarlıq edilib.
2016-cı ildə şəhər və rayon icra hakimiyyətləri başçıları yanında keçirilmiş 363 şura iclasında, həmçinin müşavirələrdə vətəndaş müraciətlərinə baxılması vəziyyəti müzakirəyə çıxarılıb. Müraciətlərə baxılmasına cavabdeh 335 şəxs barəsində tədbirlər görülüb, o cümlədən 59 nəfərə töhmət və şiddətli töhmət verilib, 6 nəfər aşağı vəzifəyə keçirilib, 9 nəfərin əmək müqaviləsinə xitam verilib. 261 nəfərə isə xəbərdarlıq olunub.
Mərkəzi icra hakimiyyəti orqanlarında və digər qurumlarda baxılmış müraciətlərin 31,1 faizi müsbət həll olunub, 6,3 faizi qismən təmin edilib, 13,6 faizi əsassız sayılıb, 29,8 faizində qaldırılan məsələlərə dair vətəndaşlara müvafiq izahat verilib. Müraciətlərin 15,7 faizi baxılmaq üçün aidiyyəti qurumlara göndərilib və 3,5 faizi icrada saxlanıb.
Yerli icra hakimiyyətlərində müraciətlərin 24,3 faizi müsbət həll olunub, 4 faizi qismən təmin edilib, 3,7 faizi əsassız sayılıb, 55,7 faizi barədə müvafiq izahat verilib. Müraciətlərin 10 faizi baxılmaq üçün aidiyyəti qurumlara göndərilib və 2,3 faizi icradadır.
Prezident Administrasiyasından nəzarət qaydasında baxılmaq üçün dövlət orqanlarına və digər qurumlara göndərilən müraciətlərin 28 faizi müsbət həll olunub, 13,2 faizi qismən təmin edilib, 22,7 faizi əsassız sayılıb, 27,1 faizinə müvafiq izahat verilib, 1 faizinin icrası dövlət proqramlarında nəzərdə tutulub, 8 faizi icrada saxlanıb”.
Prezident Administrasiyasının şöbə müdiri qeyd edir ki, müraciətlərə baxılması nəticəsində Daxili İşlər, Maliyyə, Səhiyyə, Təhsil, Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər nazirliklərində, Dövlət Təhlükəsizliyi Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Şəmkir Rayon İcra Hakimiyyətində və başqa təşkilatlarda 27 nəfər vəzifəli şəxs vətəndaşlara münasibətdə süründürməçiliyə, vəzifə səlahiyyətlərindən sui-istifadəyə, müraciətlərin araşdırılmasında səhlənkarlığa yol verdiklərinə, etik davranış qaydalarını pozduqlarına görə vəzifəsindən kənarlaşdırılıb, 33 nəfər barəsində intizam tənbehi və ya inzibati məsuliyyət tədbirləri görülüb”.
Şöbə müdiri yazır ki, 2015-ci və 2016-cı illərdə Prezident Administrasiyasına daxil olan müraciətlərin müvafiq surətdə 31,2 və 30,9 faizi şikayətlərdən ibarət olub: “Göründüyü kimi, 2016-cı ildə şikayətlər 2015-ci illə müqayisədə azalıb. 2016-cı ildə Bakı, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Cəbrayıl, Göygöl, Kəlbəcər, Kürdəmir, Laçın, Neftçala, Saatlı, Siyəzən, Yardımlı, Zəngilan, digər şəhər və rayonlardan müxtəlif mövzuda daxil olmuş şikayətlərin sayı artıb. Naxçıvan, Mingəçevir, Abşeron, Astara, Binəqədi, Daşkəsən, Goranboy, Hacıqabul, Xaçmaz, Xocalı, İmişli, Qazax, Qobustan, Nizami (Bakı), Sabirabad, Sədərək, Tovuz, Zərdab, digər şəhər və rayonlardan daxil olan şikayətlərin sayı əvvəlki ilə nisbətən azalıb”.