Fevralın 9-da Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda “Dövlət sərhədi haqqında” və “Sərhəd qoşunları haqqında” qanunlara dəyişikliklər və əlavələr müzakirə edilib. Hər iki qanun layihəsi Sərhəd Qoşunlarına əlavə səlahiyyətlərin verilməsini nəzərdə tutur.
“Dövlət sərhədi haqqında” qanuna dəyişikliyə görə, nəqliyyat vasitəsi və ya mal sahibləri, yaxud nəqliyyat vasitələri barəsində səlahiyyətli olan digər şəxslər və ya onların nümayəndələri Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda gömrük orqanlarının və ya əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Sərhəd Qoşunlarının tələbi əsasında gömrük orqanlarının iştirakı ilə nəqliyyat vasitələrini və yüklərini açmağa borcludurlar.
Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində milli maraqlara təhdidlər haqqında əməliyyat məlumatları olduqda, gömrük orqanlarının iştirakını təmin etmək mümkün olmadığı hallarda milli təhlükəsizliyi və ya dövlət sərhədinin toxunulmazılığını təmin etmək məqsədi ilə nəqliyyat vasitəsi və ya mal sahibləri, yaxud nəqliyyat vasitəsi barəsində səlahiyyətli olan digər şəxslər və ya onların nümayəndələri Sərhəd Qoşunlarının tələbi ilə nəqliyyat vasitələrini və yüklərini açmalıdır.
“Sərhəd qoşunları haqqında” qanunda dəyişikliyə əsasən, Sərhəd Qoşunları narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, eləcə də digər əşyaların Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən kənardan Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsinin qarşısını alınmasını təmin edir.
Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.