Bakı Nəqliyyat Agentliyi 20 Yanvar dairəsində nəqliyyat sıxlığının aradan qaldırılması ilə bağlı iş aparır. Layihə çərçivəsində ilkin olaraq Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi 20 Yanvar dairəsində müəyyən edilən yerlərə işıqforların qoyulmasını təmin edib. Bir qismi artıq reallaşan və 20 Yanvar dairəsində nəqliyyat vasitələrinin hərəkətində konflikt nöqtələrinin və ləngimələrin aradan qaldırılmasına səbəb olan təkliflərə dairədə nəqliyyat axınının işıqfor vasitəsilə 2 fazalı rejimdə idarə edilməsi, Moskva prospektindən dairəyə daxil olan yolda hərəkət zolaqlarının sayının artırılaraq 6 zolağa çatdırılması, Moskva prospektindən Tbilisi prospekti istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin dairəvi hərəkət hissəsində istiqamətləndirici adacıq yerləşdirməklə Həsən bəy Zərdabi küçəsi vasitəsilə Tbilisi prospektinə yönləndirilməsi daxildir.
Həmçinin Müzəffər Həsənov küçəsindən dairəyə daxil olan yolun hərəkət istiqamətini tam olaraq dairəvi hərəkət hissəsində istiqamətləndirici adacıq yerləşdirməklə Həsən bəy Zərdabi küçəsinə yönləndirilməsi nəzərdə tutulub. Müzəffər Həsənov küçəsindən Həsən bəy Zərdabi küçəsinə yönləndirilmiş nəqliyyat axının dairəyə daxil olmasını təmin etmək məqsədilə Zərdabi küçəsində yolu genişləndirməklə minik avtomobilləri üçün damla tipli, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün yarımdamla tipli geriyə dönmə yerinin təşkil edilməsi və Həsən bəy Zərdabi küçəsindən dairəyə daxil olan nəqliyyat axınının Moskva prospektindən daxil olan axınla qovuşma zolağında istiqamətləndirici adacıq yerləşdirməklə Həsən bəy Zərdabi küçəsindən hərəkət edən nəqliyyat vasitələrinin 3-cü mikrorayon dairəsi istiqamətində yönləndirilməsi verilən təkliflər sırasındadır.