Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, əhali üçün aktual olan bütün iş sahələrinin avtomatlaşdırılması və xidmətlərin elektron müstəvidə şəffaf təşkili çağrı mərkəzlərinə müraciətləri azaldır: “Yanvar ayında bu tendensiya davam edib. Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 çağrı mərkəzlərinə müraciətlərin sayı 2016-cı ilin dekabr ayı ilə müqayisədə 33,8 faiz azalaraq 15 279-a düşüb. Həmin müraciətlərin 96,5 faizi (14 743 müraciət) vətəndaşların sorğularından ibarət olub. Qalan 536 müraciət isə araşdırılıb və nəticələrə uyğun tədbirlər görülüb.
Yanvar ayında 142-yə və 190-a daxil olan müraciətlərin 32,7 faizi sosial təminat, 5,7 faizi əmək qanunvericiliyi, 8,1 faizi tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası məsələlərini əhatə edib. Müraciətlərin 4,6 faizində məşğulluğun təminatı, 3,1 faizində fərdi uçotun təşkili, 13,2 faizində pensiya və müavinətlər, 9,4 faizində məcburi dövlət sosial sığortası məsələləri əksini tapıb.
Çağrı mərkəzlərinə müraciətlərin 16,1 faizini e-xidmətlərdən istifadə ilə bağlı müraciətlər təşkil edib. Ötən ay müraciətlərin 7,1 faizində avtomatlaşdırılmış pensiya təyinatı məsələləri əksini tapıb. Bu sahə ilə bağlı əvvəlki aya nisbətən 8 faiz çox müraciət daxil olub. 126 avtomatlaşdırılmış pensiya təyinatı aparılıb, bu da dekabr ayı ilə müqayisədə 23,5 faiz çoxdur”.