“Deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək”
“Azərbaycan xalqı qürurlu xalqdır, heç vaxt imkan verə bilməz ki, kimsə bizə nəyisə diktə etsin”. Prezident İlham Əliyev yanvarın 30-u Bakıda keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda belə deyib.
Konfransda giriş nitqi söyləyən dövlət başçısı qeyd edib ki, çətinliklərə baxmayaraq 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf edib və bütün əsas vəzifələr icra olunub: “İqtisadiyyatın əsas göstəriciləri müsbətdir. Kənd təsərrüfatı 2,6 faiz, qeyri-neft sənayesi isə 5 dəfə artıb. Dünyada neftin qiymətinin üç-dörd dəfə aşağı düşməsinə baxmayaraq əvvəlki illərdə görülmüş işlər və keçən il apardığımız dərin islahatlar nəticəsində biz bu inkişafı təmin edə bilmişik.
Əlbəttə, dünyada bu gün də davam edən iqtisadi və maliyyə böhranı bizim işimizə də öz mənfi təsirini göstərdi. Ancaq Azərbaycan digər ölkələrlə müqayisədə bu ağır vəziyyətdən minimum itkilərlə çıxa bilib. Keçən il yüz mindən çox daimi iş yeri yaradılıb. Bu proses 2004-cü ildən bu günə qədər davam edir.
Biz Neft Fondunun valyuta ehtiyatlarını qoruya bilmişik. Hesab edirəm ki, bu da çox əlamətdar hadisədir. Çünki neftlə zəngin olan ölkələrin böyük əksəriyyəti öz valyuta ehtiyatlarının bir hissəsini xərcləyib. Biz isə çalışdıq və buna nail olduq ki, valyuta ehtiyatlarımızı qoruyaq. Çünki valyuta ehtiyatlarımız həm bu gün, həm də sabah üçün lazım olacaq və bütövlükdə bizim iqtisadi imkanlarımızı, iqtisadi müstəqilliyimizi möhkəmləndirən amildir”.
İlham Əliyev deyib ki, Azərbaycan xarici kreditlərə o qədər də böyük meyl göstərmir: “Çalışmalıyıq ki, bundan sonra da bütün işləri daxili imkanlar hesabına görək. Çünki xarici borcun artması müsbət hal deyil. Bizdə isə bu göstərici də çox yaxşı səviyyədədir, təqribən 20 faiz səviyyəsindədir. Bu da əvvəlki illərlə müqayisədə daha da böyük rəqəmdir. Bunun da səbəbi manatın devalvasiyaya uğramasıdır. Ondan əvvəlki dövrdə bizim xarici borcumuz 10 faiz həddini keçməyib. Bu gün də bu, məqbul səviyyədədir. Amma biz çalışmalıyıq ki, bu artmasın, əksinə, azalsın. Xarici borcu azaltmaq üçün biz xarici kreditləri çox böyük ehtiyatla almalıyıq. Ancaq ölkəmiz üçün strateji əhəmiyyət daşıyan layihələrə xarici borc ala bilərik”.
Prezident qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası bölgələrin simasını dəyişdirib. O, biznes qurumlarının fəaliyyətindən söz açaraq deyib ki, Azərbaycanda güclü və fəal milli biznes sinfi formalaşıb: “Əlbəttə, dövlət də bu sahədə öz dəstəyini əsirgəməyib. Mən iş adamları ilə daim təmasdayam, görüşlər keçiririk, onların problemlərinin həlli ilə məşğuluq və onlara həmişə siyasi və maddi dəstək verilir. Çünki mən yaxşı başa düşürdüm ki, ilkin kapital olmadan heç bir iş görmək mümkün deyil. Bir də ki, heç bir biznesmen, iş adamı riskli yerlərə, ölkələrə heç vaxt pul qoymaz. Ona görə təhlükəsizlik, sabitlik, gözəl ictimai ab-hava, biznesə dövlət dəstəyi və maddi dəstək, – bax, hesab edirəm ki, bu amillər milli biznes sinfini formalaşdırıb.
Son illər ərzində – 2004-cü ildən bu günə qədər Azərbaycan sahibkarlarına təxminən 2 milyard manat dəyərində güzəştli şərtlərlə kreditlər verilib. Bu kreditlər ölkə iqtisadiyyatının inkişafına böyük dəstək olub. Onu da deməliyəm ki, bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə veriləcək güzəştli kreditlərin hamısı əvvəlki illərdə verilmiş və qaytarılmış kreditlər hesabına veriləcək. Yəni artıq dövlət bu yükü, necə deyərlər, öz üzərindən kənara qoyub. Bax, məqsəd də ondan ibarət idi. Hər il biz böyük məbləğdə – 200 milyon, bəzi hallarda 250 milyon manat ayırırdıq və bu vəsait hesabına işlər görülürdü, iş yerləri açılırdı, böyük biznes imkanları yaradılırdı. Eyni zamanda vaxt gəldi ki, artıq dövlət bu pulu büdcədən ayırmır və biz bunu qaytarılmış kreditlər hesabına edirik.
Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır. Əlbəttə, məqsədimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın. Yəni, biz bütün bu işləri onun üçün edirik ki, xalqımız daha da yaxşı yaşasın. Ona görə sosial məsələlərin həlli bütün proqramlarda nəzərdə tutulub, həm maaşların, pensiyaların, sosial müavinətlərin, ünvanlı sosial yardımın artırılması və eyni zamanda sosial infrastrukturun yaradılması qarşımıza məqsəd kimi qoyulub”.
AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı deyib ki, Azərbaycan neftdən çox səmərəli və ağıllı şəkildə istifadə edib: “Mən xatırlayıram, hələ 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətimizdən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, möhkəm dövlət qurmuşuq və 25 ildir ki, müstəqil ölkə kimi yaşayırıq. Şəhərlərimizi qurmuşuq, özümüz üçün gözəl həyat yaratmışıq. Gələcəkdə daha da böyük işlər görüləcək. Əlbəttə ki, bütün bu işlərin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əgər xalq bizə dəstək verməsə idi, biz bütün bu işləri görə bilməzdik. Ona görə də bizim bütün uğurlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xalq, ictimaiyyət tərəfindən verilmiş və verilən dəstək əlbəttə ki, bizi həm gücləndirir, həm də ruhlandırır.
Onu da deməliyəm ki, biz bütün bu işləri o qədər də asan olmayan şəraitdə icra etmişik. Yaxşı bilirsiniz ki, bizə qarşı mütəmadi qaydada qarayaxma, böhtan, təhqir kampaniyaları aparılır. Ancaq bunların heç biri bizə təsir etmir. Çünki biz bilirik ki, bunlar haradan qaynaqlanır, bunun arxasında kimlər dayanırlar, onların məqsədi nədən ibarətdir. Ona görə öz yolumuzla gedirik və həyat hər şeyi öz yerinə qoyur. Bizə qarşı o çirkin kampaniyaları təşkil edənlərin özləri də artıq siyasi səhnədən kənarlaşdırılıblar. Artıq dünya Azərbaycanı daha yaxşı tanıyır. Görürlər ki, bu, müstəqil dövlətdir, ləyaqətli dövlətdir. Azərbaycan xalqı qürurlu xalqdır, heç vaxt imkan verə bilməz ki, kimsə bizə nəyisə diktə etsin. Biz öz ləyaqətimizi həmişə saxlamışıq və saxlayırıq. Ölkəmizi bundan sonra da inamla qabağa aparmaq üçün biz lazım olan bütün məsələləri həll etməliyik. Onların içində regional inkişaf proqramı xüsusi yer tutur. Əminəm ki, proqramda 2018-ci ilə qədər nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və əlavə məsələlər də proqrama daxil ediləcək”.