Xalid Kazımlı
Qazaxıstan prezidenti Nursultan Nazarbayev atdığı son addımla (Referendum hazırlığı) nəinki öz ölkəsinin vətəndaşlarını, eləcə də region və dünya ictimaiyyətini təəccübləndirdi.
Ən əlamətdarı odur ki, bu hadisə bir neçə ildən bəri dünyada yenidən baş qaldırmış avtoritarlaşma meyllərinin şiddətlənməsi fonunda baş verir.
ABŞ-da sərt xətt tərəfdarı olan Donald Trampın hakimiyyətə gəldiyi, Rusiyada Putin avtoritarizminin gücləndiyi, Türkiyədə prezidentə hüdudsuz səlahiyyətlər verilməsinə dair referendumun keçirilməsinə hazırlıq getdiyi bir dönəmdə 1984-cü ildən baş nazir olaraq, 1989-cu ildən isə faktiki dövlət rəhbəri (kompartiyanın birinci katibi) sifətində Qazaxıstanı idarə edən adamın birdən-birə öz səlahiyyətlərindən imtina etməsi, onları parlamentə və digər hakimiyyət qollarına həvalə etmək təşəbbüsü göstərməsi özlüyündə fenomenal hadisədir.
Bunu Nazarbayevdən heç kəs gözləmirdi, ummurdu. Hamı onu postsovet məkanı üçün norma olan avtoritar rejim sahiblərindən biri kimi görürüdü. Hətta qazax xalqı da qismətlərinə düşən bu rəhbərin ömürlük prezident olması fikri ilə barışmışdı.
Söz yox, Nazarbayev ağıllı adamdır, bir çox başqa diktatorlardan fərqli olaraq bilir ki, özbək həmkarı, həmyaşıdı İslam Kərimova qalmayan dünya ona da qalmayacaq, ancaq o da respublika quruluşunda qanunsuz monarxiya yaratmış digər diktatorlar kimi hakimiyyəti öz varisinə ötürə, daha dəqiqi, sülalə hakimiyyətinin rəvan və ağrısız ötürülməsi üçün tədbirlər görə bilərdi.
Düzdür, bu imkan hələ qaçırılmayıb, ancaq hiss olunur ki, Nazarbayev öz səlahiyyətlərini məhdudlaşdırmaq təşəbbüsü göstərərkən heç də qızı Dariqa Nazarbayevanı hakimiyyətə gətirəcək yolu hamarlamayıb.
Başqa ölkələrdə tam tərsini edirlər, öncədən elə qanunvericilik aktları qəbul olunur ki, ortada siyasi (və ya bioloji) varisin hakimiyyətə gəlişinə heç bir maneə qalmır.
Əgər Nazarbayevin hakimiyyəti özündən sonra qızı Dariqa Nazarbayevaya ötürmək fikri varsa və o, bu niyyətində ciddidirsə, prinsipcə, son addımı atmamalıydı.
Bununla belə, güman etmək olar ki, qoca Elbaşı bu fikirdədir, amma Dariqanın hakimiyyətə gəlişinin demokratik əsaslarla, xalqın səsiylə baş tutmasını istəyir. O, özünün də, qızının da xalq arasında kifayət qədər nüfuza malik olduğunu bilməmiş deyil.
Ümumiyyətlə, Qazaxıstan prezidenti MDB məkanındakı avtoritar həmkarlarından xeyli fərqlənir. Onun ölkəsində də bir partiyanın hüdudsuz hakimiyyəti mövcuddur, ancaq iqtisadi-siyasi azadlıqlar digər postsovet məkanı ölkələrində olduğundan daha çoxdur.
Bu, özünü xüsusilə də iqtisadi sferada göstərir. Nazarbayev ölkəyə xarici investisiya axınını təmin etmək üçün lazım olan bütün şəraiti yaradıb. Yerli sahibkarların qanunsuz yoxlamalar, məmur reketliyi kimi dərdləri yoxdur. Başqa sözlə, bu ölkədə pul qazanan iş adamlarının dövlət strukturları tərəfindən girov götürülməsi, böyük məbləğdə xərac müqabilində azadlığa buraxılması, aylıq ödənişə məcbur edilməsi halları yoxdur.
Nazarbayev üçün daha bir üstün məziyyət kimi onun təhsilə xüsusi önəm verməsi göstərilir. Postsovet ölkələri içində xarici ölkələrdə dövlət hesabına ən çox tələbə oxutduran ölkələrdən biri də Qazaxıstandır. Bu cür tələbələrin sayı neftin qiymətinin düşməsiylə başlayan iqtisadi böhran zamanında da azalmayıb.
Bu ondan xəbər verir ki, Nazarbayev ölkəsinin gələcəyini irəlilərdə dövlətə savadlı şəxslərin rəhbərlik etməsində görür. O, Qazaxıstanın 15-20 ilə Sinqapur səviyyəsinə çatmasını, çoxmillətli dövlət olan Qazaxıstanda etnik qazaxların təmərküzləşməsini planlaşdırdığını gizlətmir.
Ərazisinə görə dünyanın doqquzuncu böyük ölkəsi olan Qazaxıstanın tərəqqi üçün böyük potensialı var. Hazırda bu ölkənin qarşısındakı ən böyük maneə dövlətin avtoritar rejimlə idarə olunmasıdır. İndi əgər ölkə tədricən demokratik institutların bərqərar olunması yoluna keçirsə, keçəcəksə, demək, Qazaxıstan yalnız irəliyə gedəcək.
Başlığa verilmiş sualın cavabı isə budur: adam avtoritar lider olsa da, gələcəyi görür, ona görə neo-sultan olmadı.
“Yeni Müsavat” qəzeti,
27 yanvar 2017