Britaniyalı jurnalist, Qafqaz məsələləri üzrə ekspert, Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş “Qara Bağ” kitabının müəllifi Tomas de Vaal “Carnegie Europe” saytında “2017-ci ildə Qarabağ münaqişəsi təhlükəsi” adlı məqalə ilə çıxış edib.
Azadliq.org-un məlumatına görə, məqalədə deyilir ki, hər yaz Qarabağ münaqişəsini izləyən politoloq və ekspertlər “Müharibə olacaqmı” sualı verirlər: “Bu il onlar xüsusilə bədbindirlər. 2016-cı il bu mənada pis il olub. 2017-ci il daha pis il ola bilər. Ötən aprelin dörd günü ərzində 1994-cü ildən bəri mübahisəli Dağlıq Qarabağda baş vermiş ən pis toqquşmalarda 200 azərbaycanlı və erməni həlak olub”.
De Vaalın fikrincə, Qafqazda yeni münaqişə minlərlə yeni qurbanlara və iqtisadiyyatın tamamilə darmadağın olmasına gətirib çıxara bilər: “Tərəflər bütün hallarda müharibə yolunu seçə bilərlər. 1994-1995-ci illərdə əldə olunmuş razılaşmanı qüvvədə saxlamaq getdikcə çətinləşir. 1994-cü ildə 250 kilometrlik təmas xətti tələsik qazılmış səngərlərdən ibarət idi. Bu səngərlərə sığınan əsgərlər arabir güllə atar, bəzən isə hətta bir-birlərindən siqaret istəyərdilər. Amma indi bura Avropanın ən çox hərbiləşdirilmiş ərazisidir. İndi tərəflərin artilleriyası, uzaqvuran raketləri, döyüş helikopterləri, hərbi dronları var. Azərbaycan yeni silahların alınması üçün neft pullarından milyardlarla dollar xərcləyib, elə ermənilər də Rusiyadan güzəştli qiymətlərə aldıqları silahlar hesabına əhəmiyyətli müdafiə qurublar.
Azərbaycan 2016-cı ilin aprelində iki kiçik ərazi parçasını geri qaytara bilib, lakin bunun psixoloji təsiri qat-qat böyük olub. Azərbaycan iki onillikdir ki, davam edən alçaldılmaya son qoyub, burada vətənpərvərlik hissləri, münaqişənin hərbi yolla həllinə ümidlər artıb. Bu, müəyyən mənada Azərbaycan əhalisinin diqqətini tənəzzül edən iqtisadiyyatdan və ucuzlaşan milli valyutadan yayındıra bilib”.
Ekspert yazır ki, hər iki tərəf indi daha ölümcül silahlara malikdir: “Ermənilər Rusiyadan aldıqları “İskəndər” raketlərini 2016-cı ildə keçirdikləri hərbi paradda nümayiş etdiriblər. Bu raketlər 280 kilometrədək məsafəni vurur və əslində Azərbaycanın yaşayış məntəqələrini, neft və qaz infrastrukturunu hədəfə ala bilər. Azərbaycanın ixtiyarında isə “İron Dome” raketdən müdafiə sistemləri də daxil olmaqla İsraildən aldığı ağır silahlar var.
Hərbi vəziyyət təhlükəlidir, amma siyasi vəziyyət bundan heç də az təhlükəli deyil. Azərbaycanda neft gəlhagəlinin başa çatması ilə iqtisadi tənəzzül başlanıb. Ermənistanda prezident Serj Sərkisyanı apreldə qəliz parlament seçkisi gözləyir. Orada bütün səlahiyyətlər prezidentdən parlamentə keçmiş olacaq. Təhlilçilər bunu son prezidentlik müddəti 2018-ci ildə başa çatmalı olan Sərkisyanın hakimiyyəti əldə saxlamaq üçün siyasi qambiti kimi qiymətləndirirlər.
Digər tərəfdən ABŞ-da prezidentliyə Donald Trampın gəlməsi, Avropa İttifaqındakı böhran Cənubi Qafqazda hiss olunur və tərəfləri məsuliyyətsiz addımlara sövq edə bilər.
2016-cı ilin aprelində münaqişəyə Moskva müdaxilə edərək hər iki tərəfdən şifahi vəd alıb, lakin Qarabağ münaqişəsinin iplərinin Moskvanın əlində olması barədə qənaət aldadıcıdır. Əslində 1988-ci ildən bəri Moskva vəziyyətə heç cür nəzarət edə bilməyib və bunun əvəzində gah bir, gah digər tərəfi dəstəkləyib. Hazırda isə Rusiyaya heç bir tərəfdə inam yoxdur. Qarabağa görə zorakılığın baş qaldırmaması üçün önləyici diplomatiyaya ehtiyac var”.
2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin yeni mərhələsi 30-cu ilinə qədəm qoyub. 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ bölgəsi (Ağdərə, Xocavənd, Xankəndi, Xocalı, Şuşa) və onun həndəvərindəki 7 rayon (Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Füzuli) zəbt edilib.1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir. 2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl rayonları ərazilərində bəzi məntəqələri işğaldan azad edib. Ümumilikdə 2000 hektardan artıq ərazinin azad edildiyi bildirilir.